Onlayn ictimai-siyasi qəzet
ETTELAAT-a çağırılan güneyli xanım sənətçidən heç bir məlumat yoxdur - Bakıdan çağırış
ETTELAAT-ın Təbrizdəki şöbəsinə çağırılan güneyli xanım müğənni Aşqın İmamidən heç bir məlumat yoxdur. Axar.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat yayıb.
Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.
Hələlik xanımın həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur. Bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən xanım İmaminin evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.
Qeyd edək ki, Azərbaycan mahnıları və musiqilərinin ifaçısı Aşqın İmami həm də virtual məkanda Azərbaycan dili kursları keçirir. Bu, son 1 il ərzində Aşqın İmaminin evinə ikinci hücumdur.
İranın təbrizli prezidenti Məsud Pezeşkian həmyerlisini, bir sənət adamını xilas edə bilərmi? Tehrandakı rejim sənət adamlarına nə üçün basqı edir?
Sayman Aruz
Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz “Yeni Müsavat”a danışıb: “Onu qeyd edim ki, Aşqın xanımı illərdir tanıyıram, onun fəaliyyəti ilə yaxından tanışam, gözəl səsi və mədəni fəaliyyəti ilə də yaxından tanışam. O, uzun illərdir ki, səsi və fəaliyyəti ilə Azərbaycan mədəniyyətini yaşatmağa və təbliğ etməyə çalışır. Mənə elə gəlir ki, Aşqın xanım o taylı-bu taylı xanımlar üçün nümunə ola biləcək bir şəxsiyyətdir.
Çox təəssüf ki, bu xəbəri eşitdim. Aşqın xanım bir müddətdir İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və hazırda ondan heç bir xəbər yoxdur. Hesab edirəm ki, bu, fars molla hakimiyyətinin Azərbaycan və türk xalqına, türk mədəniyyətinə olan nifrətinin bariz nümunəsidir. Çünki bu gün sırf mədəni fəaliyyətlə məşğul olan insanlara qarşı belə aqressiya nümayiş etdirilir.
Bu isə artıq həmin rejimin həm dünya ictimaiyyəti, həm də İran xalqı qarşısında iflasının və süqutunun göstəricisidir. Üzümü Azərbaycan cəmiyyətinin səsi ilə prezident seçilən Məsud Pezeşkiana tuturam: nə qədər ki, gec deyil, İranda heç bir əsaslı səbəb olmadan həbsdə saxlanılan soydaşlarımızın azadlığı və təhlükəsizliyi üçün kifayət qədər cəsarətli və təsirli addımlar atsın. Artıq zamanıdır ki, Pezeşkian özünü həm humanist, həm də türk prezidenti kimi göstərsin.
Bu gün İran zindanlarında sayca yüzlərlə soydaşımız var ki, onların nə həbsi, nə də həbslərinin səbəbləri bəllidir. Onlar məhkəmələrə vəkilsiz çıxarılır, heç bir hüquqi əsası olmayan ittihamlarla mühakimə olunurlar. Uzun müddətli həbs cəzaları ilə cəzalandırılır, təhsil aldıqları universitetlərdən uzaqlaşdırılır, həyat və iqtisadi fəaliyyətləri tamamilə iflic edilir.
Beləliklə, Azərbaycanlıların düşünən beyinlərini bu şəkildə neytrallaşdırmağa çalışırlar. Ona görə də bu gün Pezeşkianın üzərinə böyük məsuliyyət düşür. Mən çağırış edirəm ki, Pezeşkian Azərbaycan cəmiyyətinin səsini eşitsin və Aşqın xanım başda olmaqla bütün məhbusların azadlığı üçün zəruri addımlar atsın".
Sayman Aruz mədəniyyət xadimlərinə və ziyalılara da səslənib: “Sənət adamları cəmiyyətin düşünən beyinləridir. Onları hədəfə almaq cəmiyyətin təfəkkürünü məhdudlaşdırmaq, düşüncəni zəncirləmək deməkdir. Fars molla rejimi illərdir ki, məhz yazıçıları, ozanları, tarixçiləri, araşdırmaçıları və digər dəyərli ziyalılarımızı hədəfə alır.
Bu gün İranın həbsxanalarında olan soydaşlarımızın böyük əksəriyyəti məhz bu kateqoriyaya daxildir. Təsadüfi deyil ki, Cənubi Azərbaycanda Azərbaycan dili yasaqlanıb və təhsil müəssisələrində tədris olunmur. Bütün bunlar xalqımızı öz dilindən, kimliyindən, mədəniyyətindən və tarixindən uzaqlaşdırmaq, onu idarəolunan bir toplum halına salmaq məqsədi daşıyır.
Ona görə də ziyalılarımızı çağırıram - bu mübarizəyə qoşulun, haqlı tələblərinizi ortaya qoyun. Seçdiyiniz prezidentdən tələb edin ki, milli-mədəni sahədə fəaliyyət göstərən, lakin əsassız səbəblərlə həbsdə saxlanılan aktivistlərimizin azadlığı üçün əməli tədbirlər görsün. Bu həm də Pezeşkianın Azərbaycan cəmiyyətinin etimadını bir daha qazanması demək olacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ