Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Geğarkunik vilayətinin Şorca kəndində İrəvan meri Tiqran Avinyanın atası üçün malikanə inşa olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Etk” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, çəkiliş qrupunun ziyarəti zamanı evin qarşısında hovuz tikintisi getdiyi görünüb. Malikanə təxminən 385 metr məsafədə Göyçə gölünə baxır.
Məlumatda qeyd olunur ki, Avinyan ailəsinin biznes uğurları onun siyasi karyerası ilə eyni dövrdə artıb. 2018-ci ildə anası Asmik Xlqatyan “Etalon G.A.M.A.” şirkətinin 100%-lik sahibi olub və 9 hektar torpaq alıb. Atası isə İrəvanda bazar dəyərindən 10 dəfə ucuz qiymətə torpaq sahəsi əldə edib. Ailənin Nork-Maraşda aldığı başqa bir malikanənin isə satışdan əvvəl 490 min dollara təklif edildiyi bildirilir.
Araşdırmalara görə, Avinyanın atasına məxsus “İrigeyt” şirkəti dövlət dəstəyi proqramları çərçivəsində bağ salan təşkilatlara xidmət göstərib. Bundan əlavə, ailə kriptovalyutaya təxminən 80 min dollar yatırıb, 1,5 MVt gücündə günəş elektrik stansiyası quraraq enerjini kriptovalyuta mayninqinə yönəldib.
Məqaləyə cavab olaraq İrəvan meriyası iddiaları rədd edib, ailənin dövlət və bələdiyyə tenderlərinə qatılmadığını, maraqlar toqquşmasının qarşısını almaq üçün sərt siyasət yürüdüldüyünü bildirib.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ