İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti şirin sularda üzən ölümcül təhlükə - Azərbaycanda da varmı? 

Həkim deyir ki, su hövzələrinin təmizlənməməsi, dezinfeksiya tədbirlərinin görülməməsi, hovuzlarda suyun vaxtaşırı dəyişilməməsi zamanı belə yoluxma hallarına rast gəlmək mümkündür 

Hindistanda “beyinyeyən amöb”ün (Niqleriya fouleri) səbəb olduğu nadir beyin infeksiyası olan ilkin amöb meninqoensefalit xəstəliyinə yoluxma hallarının artdığı qeydə alınıb. Bildirilir ki, Kerala ştatında Niqleriya fouleri amöbünə 69 yoluxma halı qeydə alınıb. Onlardan 19-ü ölümlə nəticələnib.  

Xəstələnənlər arasında həm südəmər uşaqlar, həm də yaşlı insanlar var. Bütün hallarda yoluxma isti şirin suda yaşayan amöb vasitəsilə baş verib. Bu amöb insan üzən zaman burun boşluğundan bədənə daxil olur. Burun vasitəsilə beyinə çata bilir. Xəstəlik insandan insana keçmir.  

Qeyd edək ki, insanlar arasında “beyinyeyən amöb” kimi tanınan Niqleriya fouleri çox nadir, lakin çox təhlükəli bir mikroorqanizmdir. Bu amöb isti şirin sularda, göllərdə, çaylarda, isti bulaqlarda və bəzi hallarda qeyri-düzgün təmizlənmiş hovuz sularında yaşayır. İnsan orqanizminə burun vasitəsilə daxil olur. Yəni insanlar bu amöbə yoluxmaq üçün suyu içmək məcburiyyətində deyillər - bu, adətən üzdükdə və ya su buruna keçdikdə baş verir. 

Xəstəlik çox sürətlə inkişaf edir və çox vaxt ölümcül olur. Yoluxma baş verdikdən sonra simptomlar bir neçə gün ərzində başlayır və xəstəlik bir həftəyə qədər davam edir. Xəstələrin böyük əksəriyyəti bir neçə gün içində vəfat edir. Ən çox rast gəlinən simptomlar bunlardır: Güclü baş ağrısı, yüksək hərarət, ürəkbulanma və qusma, boyun tutulması, halsızlıq, halüsinasiyalar və davranış dəyişiklikləri, qıcolmalar, komaya düşmə. Mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri müşahidə olunur.  

Bu xəstəlik çox nadir olduğu üçün onun müalicəsi çətindir. Erkən mərhələdə diaqnoz qoyulması vacibdir, lakin bu, əksər hallarda mümkün olmur. PAM-a qarşı bəzi dərmanlar mövcuddur, məsələn, antifungal və antiparazitar preparatlar (miltefosine, amphotericin B və digərləri), lakin müalicə hər zaman təsirli olmur. Hindistanda son vaxtlar bu xəstəliyin artması narahatlıq doğurur. Amöb əsasən isti iqlimə malik ölkələrdə, xüsusilə yay aylarında daha aktiv olur. Xəstəliyə yoluxma halları təkcə Hindistanda yox, başqa ölkələrdə də baş verib. ABŞ-də hər il bir neçə yoluxma halı qeydə alınır. Ən çox yoluxma halları Texas, Florida və Louisiana ştatlarında olur. Bununla yanaşı, Pakistan, Avstraliya, Meksika və bəzi Afrika ölkələrində də bu amöblə bağlı ölüm halları qeydə alınıb. 

Bir maraqlı məqam odur ki, bu xəstəlik yalnız nadir hallarda baş versə də, ölüm riski çox yüksəkdir. Yoluxanların 95%-dən çoxu sağ qalmır. Bu səbəbdən ictimai sağlamlıq qurumları insanların isti şirin sularda, xüsusilə də suyun hərəkətsiz və durğun olduğu yerlərdə üzməməsini tövsiyə edir. Buruna su getməməsi üçün burun tıxaclarından istifadə edilməli və ya ümumiyyətlə, suya başla dalmaqdan çəkinmək lazımdır. Bu xəstəliklə bağlı maarifləndirmə tədbirləri çox önəmlidir. İnsanlar bilməlidirlər ki, suyu içmək təhlükəli deyil, amma buruna keçməsi ölümcül ola bilər. Xüsusilə uşaqlar üçün risk daha yüksəkdir, çünki onlar tez-tez suya baş vurarlar və suyun burunlarına getməsi ehtimalı daha çoxdur. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bu patogenin içməli su sistemlərində və ictimai su təchizatı şəbəkələrində necə nəzarətdə saxlanıla biləcəyi ilə bağlı texniki sənədlər hazırlayıb. Sənədlərdə əsas risklərdən biri kimi isti və durğun sular göstərilir, çünki bu cür mühitlər amöbün çoxalması üçün əlverişlidir. Həmçinin vurğulanır ki, su sistemlərində biofilm - yəni su borularının iç divarlarında toplanan mikroorqanizmlər - bu amöbün sağ qalmasını və yayılmasını asanlaşdıra bilər. Bu səbəbdən, su sistemlərində davamlı xlorlaşdırma və təmizləmə tədbirləri əsas profilaktik yanaşma hesab olunur. 

Təhlükəli amöbün yayılmasının qarşısını almaq üçün əsas tövsiyə ictimai su təchizatı sistemlərində düzgün temperatur nəzarətinin təmin olunması, suyun hərəkətli saxlanılması və dezinfeksiya maddələrinin (xüsusilə xlor) effektiv səviyyədə saxlanmasıdır. ÜST qeyd edir ki, düzgün idarə olunmayan və az xlorlu isti şirin su mühitləri bu amöb üçün əlverişli şərait yaradır. Bundan əlavə, çimmə və üzmə zamanı insanların burnuna su getməsinin qarşısını almaq üçün maarifləndirmə və şəxsi qoruyucu vasitələrdən istifadə tövsiyə edilir. Xəstəliyin nadir olması səbəbindən bir çox ölkələrdə bu amöbə qarşı nəzarət və diaqnostika imkanları məhduddur. ÜST xəstəliklə bağlı hələ də bir çox ölkədə məlumatlılıq səviyyəsinin aşağı olduğunu qeyd edir və bu sahədə daha çox araşdırma, təlim və ictimai maarifləndirməyə ehtiyac olduğunu bildirir. Yoluxma hallarının artdığı regionlarda - xüsusilə Hindistanın Kerala ştatı kimi isti iqlimli bölgələrdə - su keyfiyyəti nəzarəti daha ciddi aparılmalıdır. ÜST su təchizatında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və sağlamlıq sistemlərində erkən diaqnostika bacarıqlarının artırılmasını vacib hesab edir. 

Xarici mənbələrdə mövzu ilə bağlı bir fakt da diqqət çəkir. Avstraliyanın “Townsville” xəstəxanasında PAM ilə bağlı iki təsdiqlənmiş hadisə qeydə alınıb. Birinci xəstə 18 aylıq bir qız olub. O, qızdırma, qıcolmalar və şüur pozuntusu ilə gətirilib və bütün müalicə cəhdlərinə baxmayaraq, 72 saat ərzində vəfat edib. Bacısının da illər əvvəl oxşar simptomlarla ölməsi və PAM olması sonradan güman edilib. İkinci hadisə 12 aylıq oğlan uşağı olub. Qızdırma, qusma, halsızlıq və qıcolma ilə xəstəxanaya gətirilib.  Başlanğıcda bakterial meninqit kimi müalicə olunub. Tezliklə huşunu itirib, nəfəsi dayanıb və nevroloji testlər beyin ödemi göstərib. Onurğa mayesində Niqleriya fauleri tapılıb. Amfoterisin B ilə müalicəyə baxmayaraq, uşaq vəfat edib. Hər iki uşaq filtrsiz və təmizlənməmiş artezian suyu ilə təmin olunan kənd evində yaşayıb və bu su ilə təmasda olub. Bu, yoluxmanın başlıca mənbəyi kimi qiymətləndirilir. 

Təhlükəli amöb Azərbaycanın şirin sularında da mövcuddurmu? İnsanlar nəyə diqqət etməlidir? 

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

 Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bizdə də belə bir yoluxma haqqında məlumat var. Bu, əsasən təmizliyə diqqət olunmayan su hövzələrindən qaynaqlana bilir ki, qeyd olunan coğrafiyada mümkündür. Su hövzələrinin davamlı şəkildə təmizlənməməsi, dezinfeksiya tədbirlərinin görülməməsi, hovuzlarda suyun vaxtaşırı dəyişilməməsi zamanı belə yoluxma hallarına rast gəlmək mümkündür. Burada havanın həddən artıq isti keçməsi, qalıq sularının uzun müddət qalması, hətta bəzi ölkələrdə içməli suyun belə göllərdən, çaylardan və uzun müddət qalmış sulardan götürülməsi yoluxma hallarının çoxalmasına səbəb olur. Amöblər ibtidailərə aid olan canlılardır və müxtəlif yollarla insanlara yoluxa bilirlər. İnsanlar başqa ölkələrə səyahət etdikləri zaman diqqətli olmalıdırlar. Vitaminli qidalardan mütəmadi olaraq istifadə, açıq hava gəzintiləri isə mütləqdir”.  

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən də “Yeni Müsavat”ın mövzu ilə bağlı sorğusuna cavab verilib: “Niqleriya foulerinə Azərbaycanda real yoluxma riski çox aşağıdır. Amma profilaktik olaraq insanlar isti şirin sularda üzərkən ehtiyat tədbirləri görməli, xüsusən də buruna su getməsinin qarşısı alınmalıdır. Qeyd edək ki, Dövlət Sanitariya Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq planlı şəkildə ölkənin şəhər və kəndlərindəki su anbarları, sutəmizləyici qurğular və su şəbəkələri yoxlanılır”. 

Afaq MİRAYİQ, 
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR