İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə qarşı “ağıllı vaksin” - sensasion kəşf

“Dünyanın heç bir ölkəsində gecikdirilmiş xərçəngin müalicəsi yoxdur”  

Ağciyər xərçəngi bu gün dünyada ən ölümcül onkoloji xəstəliklərdən biri hesab olunur. Hər il yüz minlərlə insan bu diaqnozla üzləşir və müalicəsi üçün yeni, daha effektiv üsulların tapılması tibbin əsas çağırışlarından sayılır. 

Bu istiqamətdə mühüm elmi nailiyyətə Tehran Tibb Elmləri Universitetinin biotexnologiya tədqiqat mərkəzinin direktoru, universitetin əczaçılıq fakültəsinin dosenti doktor Məhəmməd Hüseyn Yəzdi imza atıb. O, fərdiləşdirilmiş “ağıllı” xərçəng vaksinlərinin hazırlanması sahəsində sensasion irəliləyiş əldə edib. 

Yəzdi İranın ağciyər xərçənginə qarşı ilk “ağıllı” peyvəndi haqqında danışaraq deyib: “Bu innovativ peyvənd mRNA texnologiyası və süni intellektə əsaslanan xüsusi alqoritmlər vasitəsilə hazırlanıb. Ən mühüm cəhəti isə ondan ibarətdir ki, vaksin hər bir xəstənin şiş hüceyrələrinin genetik quruluşunu nəzərə alaraq fərdiləşdirilmiş müalicə imkanı yaradır. Belə yanaşma həm müalicənin dəqiqliyini artırır, həm də şişin inkişaf prosesini izləməyə və qarşısını almağa imkan verir”. 

Onun sözlərinə görə, bu texnologiya ənənəvi üsullardan tamamilə fərqlənir: əgər klassik peyvəndlərin hazırlanması illər çəkirdisə, yeni “ağıllı vaksin”in hazırlanma müddəti 90 faiz qısalır və cəmi iki-üç həftəyə başa çatır. Üstəlik, süni intellektin tətbiqi nəticələri dəqiq proqnozlaşdırmağa imkan verir ki, bu da əlavə sınaq və səhv mərhələlərini minimuma endirir. 

Mütəxəssislərin fikrincə, belə yanaşma təkcə müalicə sahəsində deyil, xərçəngin qarşısının alınması istiqamətində də yeni üfüqlər aça bilər. Əgər bu peyvənd kliniki sınaqlardan uğurla keçərsə, gələcəkdə minlərlə insanın həyatını xilas etmək potensialına malik olacaq. 

Bədxassəli şişlərə qarşı yeni vaksinlərin hazırlanması sahəsində aparılan araşdırmalar təkcə İranda deyil, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da diqqət mərkəzindədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. 

Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri qadın olub. 

Uşaqlarda onkoloji xəstəliklər artır: "Risk faktorları çoxalıb" | sfera.az

Fərid Museyibov

“Yeni Müsavat” qəzetinə danışan onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov deyir ki, xərçəng xəstəliyi Azərbaycanda sürətlə artır. Onun sözlərinə görə, hazırda bir sıra ölkələrdə xərçəngin inkişafının qarşısını alan peyvəndlər hazırlanır: “Bu tək İranda deyil, Rusiyada və digər Avropa ölkələrində də vaksinlərin üzərində çalışırlar. Peyvəndlər iki cür olur: müalicəvi və profilaktik. Müalicəvi peyvənddən - uşaqlıq yolu xərçəngi zamanı HPV virusuna (Human Papillomavirus) qarşı istifadə olunur. Həmçinin qaraciyər xərçəngi zamanı da müalicəvi peyvəndlər lazım olur.  

Profilaktik peyvəndlər haqqında isə bunu deyə bilmirəm. Çünki tam təsdiqini tapmış vaksin hələ yoxdur. Məsələn, bir ay bundan öncə Rusiyada deyildi ki, ölkədə proflaktik peyvənd hazırlanıb. Amma onun müalicəyə cavab verib vermədiyi bəlli deyil. Əsas məqsəd digər ölkələrdə olan xərçəng xəstələrini Rusiyaya çağırmaq və pul qazanmaq idi. Elm və texnologiya çox sürətlə inkişaf etsə də, xərçəngi tam sağaldan dərman hələ hazırlanmayıb. Hazırda yalnız yardımçı vasitələrdən istifadə olunur. 

Xərçəng xəstəliyi birinci və ikinci dərəcədə müalicə olunur. Lakin çox təəssüflər olsun ki, bizə müraciət edən pasiyentlərin 80-90 faizi 3 və ya 4-cü mərhələdə gəlir. Bu dərəcələr xərçəngin metastaz verməsi və yeni şişlərin əmələ gəlməsi deməkdir. Bu halda nə müalicəvi, nə də profilaktik peyvəndin təsiri olmur. Ona görə də xərçəng əleyhinə peyvəndlərlə bağlı araşdırmalar davam etməlidir.   

Bir sıra ölkələrdə kimyaterapiya ilə yanaşı, “Ağıllı dərman”ın da müalicəsindən istifadə olunur. Lakin bunlar da 3-cü və 4-cü mərhələdə bir işə yaramır. İnsanlar bədənlərində xərçəngin yarandığından gec xəbər tuturlar. Çünki bu xəstəlik zamanı başlarda ağrı olmur, yalnız sonuncu mərhələlərdə ağrı başlayır. Buna görə də insanlara məsləhət görürəm ki, ildə 1 dəfə də olsa onkoloqa müraciət etsinlər. Çünki sonra ağır nəticələrlə üz-üzə qalırlar. Dünya alimlərinin təqdim etdiyi dərmanlar və peyvəndlər isə metastaz mərhələsi üçün yetərli deyil. Xərçəngin 1-ci və 2-ci mərhələsində müalicə həm xəstə üçün, həm də həkim üçün rahat olur. Pasiyentin müalicələrə xərci nisbətən az çıxır və nəticə əldə olunur. Təəssüf ki, bizim yanımıza xələn pasiyentlərin xəstəliyi 3 və ya 4-cü mərhələdə olur".  

Onkoloq bildirir ki, alimlərin təqdim etdiyi peyvəndlər hələ sınaq mərhələsindədir. Onun sözlərinə görə, bu sınaqlar insanların deyil, heyvanların üzərində aparılır: “Peyvəndlərin effektliyi heyvanların üzərində yoxlanılır. İnsan oqranizmi heyvanınkından fərqlidir. Ola bilsin ki, peyvənd insanda eyni effekti verməsin. Buna görə də müalicəvi peyvəndlərin tələblərə cavab verməsi üçün vaxt lazımdır. Xərçəngin növü çoxdur. Elm onun hamısını müalicə etmək üçün yetərli inkişaf mərhələsində deyil. Çünki xərçəng tək bir orqanda yaranmır və orqanizmin ayrı-ayrı hissələrində fərqli şəkildə olur. Onların hər biri fərqli üsullarla və fərdi müalicə olunur. Elə xərçəng növü var ki, cərrahi üsulla götürülür və bununla da xəstə sağalır. Xəstəliyin digər forması isə əməliyyatdan sonra kimyaterapiya və şüa müalicəsi tələb edir. Elə xəstə var ki, əməliyyatdan sonra kimyaterapiya almasa, 2-3 aydan sonra şiş yenidən yaranıb metastaz verər”.   

Həkim xərçəngin yaranma səbəbinin bilinmədiyini deyir: “Bu xəstəlik stressdən də yarana bilər. Araşdırmalara görə, daha çox qidalanma, genetik faktor, alkoqol və tütün məmulatlarında istifadə, artıq çəki, hərəkətsizlik böyük rol oynayır.  

Xərçəng vaxtında aşkar olunan zaman müalicə olunur. Gecikdiriləndə isə dünyanın heç bir ölkəsində hələ müalicəsi yoxdur". 

Onkoloq Nəsimi Qasımov bildirir ki, ağırlaşmış xərçəng xəstəsini heç bir texnologiya və peyvənd xilas edə bilməz: “Hər xəstəlik vaxtında aşkarlandıqda müalicə oluna bilər. Müalicəni gecikdirdikdə isə elə fəsadlar çıxır ki, heç bir dərman vasitəsi təsir etmir. Süni intellekt xərçəng xəstəliyini vaxtında aşkar etmək üçün yardım edə bilər. Bədxassəli şişin qarşısını süni intellektlə almaq mümkün olacaq anlayışına çox da inanmıram”.    

Şahanə RƏHİMLİ, 
“Yeni Müsavat”   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR