Onlayn ictimai-siyasi qəzet
Son günlər Azərbaycana qarşı ucuz təbliğat şousuna daha bir rusiyalı deputat qoşulub və Rusiyada artıq natamamlıq kompleksinə çevrilmiş imperiya hikkəsindən doğan açıqlama ilə çıxış edib.
Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnikin açıqlaması onun nəinki diplomatik, hətta elementar siyasi etikadan xəbərsiz olduğunu göstərir. Kolesnik Rusiyanın ictimai rəyinə hesablanmış “kurs dəyişmək” kimi pafoslu sözlərdən istifadə etsə də, görünür, hələ də XXI əsrdə yaşadığını unudub və “imperiya diktəsi” dövrünün bitdiyini hələ də dərk edə bilmir.
Andrey Kolesnikin təhdidləri, nəinki siyasi dialoq, heç sivil, təhsilli, normal adam dili də deyil. Bu, sırf primitiv, yalnız miskin siyasət qırıntılarına xas olan hədə-qorxudur. Bizim ölkəmizdə Andrey Kolesnikin zəhərləndiyi mühitdən fərqli olaraq bütün məsələlər Azərbaycan xalqının iradəsi ilə ifadə və həll olunur. Azərbaycan xalqı isə 30 illik işğalı sona çatdıran, torpaqlarını azad edən və müstəqilliyini möhkəmləndirən liderə olan sevgi və sədaqətini xaricdən gələn ucuz təhdidlərlə müəyyən etmir.
Andrey Kolesnik
Kolesnik “Rusiyanın Qafqazda kifayət qədər qoşunu” olduğunu xatırladır və bunu da yenə təhdidvari üslubda diqqətə çatdırmağa çalışır. Əgər Andrey Kolesnik Rusiyanın potensialını ifadə edən hər hansı başqa, arqumentli bir fikir səsləndirsəydi, o zaman təəccüblənərdim. Rusiyada insan amili olmadığı, şəxsiyyət faktoru isə siyasi səhnədən sıxışdırıldığı üçün Rusiya Dövlət Dumasının daha bir deputatının keyfiyyətdən yox, kəmiyyətdən danışması təbii qəbul olunmalıdır. Zənnimcə, son bir neçə ildə hərbi-siyasi müstəvidə kəmiyyət göstəricilərinin heç nə həll etmədiyini anlamaq üçün həm döyüş əməliyyatları səhnəsində, həm də açıq hava altındakı parklardakı mənzərəyə nəzər salmaq yetərlidir.
Son illərin hərbi-siyasi reallıqları göstərdi ki, təkcə say üstünlüyü nə döyüş meydanında, nə də beynəlxalq nüfuz müstəvisində heç nə həll etmir.
Azərbaycanın Türkiyə ilə münasibətləri isə Kolesnikin tərbiyəsizcəsinə təqdim etdiyi kimi “kiminsə altına yıxılmaq” deyil, tarixi, strateji və bərabərhüquqlu müttəfiqlikdir. Görünür, Kolesnik bu ifadəni işlədərkən öz soyadının mənasından və həyat fəlsəfəsindən çıxış edir. Çünki rus dilində Kolesnikin soyadındakı “koleso”, yəni təkər həmişə altda olur. Kimin altında olur, hansı istiqamətə fırlanır, onu da ya sürücü, ya da minici müəyyən edir. Amma hər halda, “altda qalmaq” biz azərbaycanlıların xarakterinə yaddır. Bunu Rusiyada yaşayan hər kəs yaxşı bilir.
Kolesniki narahat edən humanitar yardım məsələsinə gəldikdə isə, Azərbaycan müharibədən əziyyət çəkən Ukrayna xalqına yardım göndərmək qərarını humanist dəyərlər və beynəlxalq humanitar hüquq çərçivəsində verir. Əgər bu, kiminsə narahatlığına səbəb olursa, bu artıq onun öz problemidir. Çünki humanizm sanksiyaya tabe deyil.
Və nəhayət, Kolesnik və onun kimilərə bir həqiqəti açıq demək lazımdır: Azərbaycan öz siyasi kursunu Moskvanın icazəsi ilə müəyyən etmir. Bizim kursumuzun adı müstəqillikdir. Həm də elə bir müstəqillik ki, bu gün ona yalnız regionda deyil, bütün dünyada hörmətlə yanaşırlar.
Ona görə də, əgər Kolesnik, yaxud başqa bir “təkər” Azərbaycana “dərs keçmək” istəyirsə, əvvəlcə öz ölkəsinin qonşularla münasibətlərinin tarixini yenidən oxumalıdır. Çünki bu tarixdə nəticə çıxarılacaq çox dərslər var. Amma bizim üçün yox, onlar üçün…
Elçin Mirzəbəyli,
Millət vəkili
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ