Onlayn ictimai-siyasi qəzet
“Ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcədir. Xatırlatmaq istərdim ki, 2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 3 mlrd. manata yaxın artırılıb. Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyaclarımız şərtləndirilib.
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdəki büdcə müzakirələrində bildirib.
Əlavə edib ki, ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi xarakterizə olunur:
“Belə ki, həm proqnoza, həm də əvvəlki ilə nisbətən artıb. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir. Müqayisə üçün qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 mlrd. manat və ya 43 faiz artıb.
Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 faizinin cari, 40 faizinin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir.
Müzakirə etdiyimiz büdcənin digər birxüsusiyyəti onun dayanıqlıq meyarlarına əsasən cavab verməsidir. Belə ki, ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb.
Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 faizə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd edib”.
Bəs ötən ilin dövlət büdcəsi hansı qlobal və lokal iqtisadi şəraitdə icra edilib? A.Əmiraslanov:
“2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azalıb.
Qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil edib.Dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq, ölkəmizdə 2024-cü ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olmuşdur.
Bu dövrdə ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olub. İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib.
Xüsusi olaraq qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəkləyib. Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin edib.
Tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olub. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatıb. Təxminən ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib.
2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşıb. Bu, icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olub.
Bir sözlə, müzakirə etdiyimiz dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib”.
E.Paşasoy,
Musavat.com
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ