Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sentyabrın 27-də Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Sankt-Peterburqdakı baş konsulun səlahiyyətlərini icra edən Anar Yusifzadə, Yekaterinburqdakı baş konsulun vəzifəsini icra edən Şöhrət Mustafayev, eləcə də Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Tahmazov iştirak ediblər.
Tədbirə MDB Parlamentlərarası Assambleyasının baş katibinin müavini, Milli Məclisin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Sankt-Peterburqdakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlar, eləcə də şəhərdəki Azərbaycan icmasının üzvləri də qatılıblar.
Anım mərasimi şəhidlərin xatirəsinə gülqoyma mərasimi ilə başlayıb. Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş kitab və foto sərgisi nümayiş etdirilib, ardınca tədbir iştirakçıları çıxışlarla çıxış ediblər. Mərasim çərçivəsində 44 günlük Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Son günlər Rusiya mediasında, o cümlədən Kremlə yaxın təbliğatçılar – xüsusilə Sergey Mardan və digərləri tərəfindən Azərbaycanın Sankt-Peterburqda və ümumilikdə Rusiya ərazisində Anım Gününü keçirməməsi üçün kampaniya aparıldığı müşahidə olunurdu. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan ictimaiyyətinin nümayəndələri Anım Günü münasibətilə bir araya gəliblər.
Əvvəlki illərlə müqayisədə tədbirin daha təmtəraqsız keçməsinə baxmayaraq, bu, Azərbaycan diasporunun və dövlət nümayəndələrinin iradəsini sarsıtmayıb. Əgər Rusiya təbliğatçıları Azərbaycanın Anım Gününü kiçil miqyasda qeyd etməsini öz qələbələri kimi təqdim edirlərsə, bu, əslində Rusiyanın özü üçün strateji bir məğlubiyyət deməkdir. Çünki Moskvanın təzyiqləri, aqressiv siyasəti və ideoloji basqısı artdıqca, ölkələr, cəmiyyətlər və siyasi güclər ondan uzaqlaşır.
Putinin yürütdüyü siyasətin nəticəsində bu gün Rusiya beynəlxalq arenada “izqoy” – yəni təcrid olunmuş və etibarsız ölkə statusuna düşüb. Azərbaycanın Anım Gününü Sankt-Peterburqda qeyd etməsi isə bu təzyiqlərə qarşı milli yaddaşın və iradənin qələbəsi kimi qiymətləndirilir.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ