İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml vədlərini pozdu: müharibə üçün yeni vergilər yolda

Rusiya Maliyyə Nazirliyi gələn ildən etibarən əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini 20%-dən 22%-ə qaldırmağı təklif edib. Rəsmi izaha görə, bu addım müdafiə və təhlükəsizlik xərcləri – əslində isə müharibənin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bununla yanaşı, kiçik biznes üçün sadələşdirilmiş vergi rejimi üzrə illik gəlir həddi 60 milyon rubldan 10 milyon rubla endiriləcək və bununla da daha çox sahibkar ƏDV ödəyəcək.

Musavat.com xəbər verir ki, Rusiya Mərkəzi Bankı bu qərarın “inflyasiya dinamikasına neytral təsir edəcəyini” açıqlasa da, mütəxəssislər qiymətlərin qaçılmaz olaraq artacağını bildirirlər.

Beynəlxalq İstehlakçılar Cəmiyyətləri Konfederasiyasının sədri Dmitri Yanin bildirib ki, ƏDV-nin qaldırılması nəticəsində malların və xidmətlərin qiyməti orta hesabla 1% bahalaşacaq:

“Hətta aşağı dərəcə ilə vergiyə cəlb olunan və ya ümumiyyətlə vergidən azad edilən məhsullar da bahalaşacaq. Bu dəyişiklik bazara satıcı və istehsalçılar üçün siqnal göndərir ki, qiymətləri artırmaq vaxtıdır”.

Qeyd olunur ki, sonuncu dəfə ƏDV 2019-cu ildə 18%-dən 20%-ə qaldırılıb. O zaman bu artım illik inflyasiyaya əlavə olaraq təxminən 0,55–0,7 faiz bəndi təsir edib. Lakin ümumi inflyasiya cəmi 3% olub. İndi isə 2025-ci ildə inflyasiya 6–7% səviyyəsində proqnozlaşdırılır və ƏDV artımı bu fonu daha da ağırlaşdıracaq.

2025-ci ildə Rusiyanın bütün büdcə xərclərinin 32,5%-i müdafiə və təhlükəsizliyə ayrılacaq. Büdcə kəsiri sürətlə böyüyür: sentyabrın əvvəlində o artıq 4,19 trilyon rubl təşkil edib, halbuki əvvəlcə 1,17 trilyon, daha sonra isə 3,79 trilyon səviyyəsində planlaşdırılmışdı.
Əgər hərbi xərclər azaldılmasa, gəlirləri artırmaq üçün vergi yükünün daha da ağırlaşdırılması qaçılmaz görünür.

Ekspertlər hesab edir ki, yalnız ƏDV-nin artırılması büdcə dəliyini bağlamağa kifayət etməyəcək. Növbəti addımlar kimi rublun devalvasiyası, biznes üçün güzəştlərin ləğvi və digər qeyri-populyar tədbirlər gözlənilir.

Qeyd edək ki, Rusiya rəhbərliyi cəmi bir neçə ay əvvəl əksini bəyan edirdi. 2024-cü ildə Vladimir Putin parlament və hökumətə 2030-cu ilə qədər vergi parametrlərinin sabit saxlanması barədə göstəriş vermişdi. Maliyyə naziri Anton Siluanov isə 2025-ci ilin iyununda “vergilərin artırılmayacağını” açıq şəkildə demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR