Onlayn ictimai-siyasi qəzet
Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı dilemması arasında qalıb; İrəvan iki yoldan hansını seçəcək?
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi gündəmə gəldikdən bu yana Moskvadan İrəvana təhdidlər artıb. Rusiya xüsusilə əsas gətirir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğu üçün Aİ-yə üzvlüyü mümkün deyil.
Bu qəbil təhdidlər son vaxtlar intensivləşib. Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib ki, İrəvanın Aİİ və Aİ-yə üzvlüyünün uyğunsuzluğu ilə bağlı bəyanatlarda realizm inkar edilə bilməz. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə “Vedomosti”yə müsahibəsində bildirib ki, Ermənistanın Aİ ilə yaxınlaşma kursu artıq ölkə iqtisadiyyatına ziyan vurur. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Aİ ilə yaxınlaşma istər-istəməz Rusiya və Ermənistan arasında münasibətlərə mənfi təsirə gətirib çıxaracaq.
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan “Sputnik Ermənistan”a mövzu ilə bağlı müsahibəsində deyib ki, Ermənistan Aİİ-dən çıxmaq və ola bilsin ki, başqa inteqrasiya birliyinə qoşulmaq barədə yalnız risklər və nəticələrin hərtərəfli qiymətləndirilməsindən sonra düşünə biləcək. Qriqoryan əlavə edib ki, kimin nə qazanıb, nə itirəcəyi barədə danışmaq hələ tezdir.
Qeyd edək ki, bu il aprelin 4-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” Qanunu imzalayıb. Bundan sonra ölkə hökuməti bəyan edib ki, Aİİ-dən çıxmaq məsələsi onun gündəmində deyil.
Rusiyadan Ermənistana artan təzyiqlər İrəvanın Aİ yolunda irəliləmək prosesini dayandıracaqmı? Paşinyan hazırkı reallığı qiymətləndirərək Aİİ-dən çıxmağı ertələyirmi? Rusiya və İranın düşdüyü vəziyyət Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması fonunda Ermənistanı hansı addımlara vadar edə bilər?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirib ki, Ermənistan çox ciddi suallar və ağır seçim qarşısındadır: “Bir tərəfdən inteqrasiya yolunu seçib və Avropa İttifaqına üzvlük prosesini başlama haqqında qanun qəbul edib, digər tərəfdən, Rusiya və Avrasiya İqtisadi İttifaqından ciddi asılılıq mövcuddur. Ermənistan iki yoldan birini seçməlidir: ya Avropa İttifaqı, ya Avrasiya İqtisadi Birliyi. Çünki bunların hər ikisinə üzvlük qeyri-mümkündür və bunu həm Nikol Paşinyan, həm parlamentin sədri dəfələrlə bəyan edib. Ancaq mümkün qədər prosesi uzatmağa çalışırlar. Anlayırlar ki, Avropa İttifaqına üzvlük qısa müddətdə baş tutacaq məsələ deyil. Gözlərinin qarşısında Türkiyə nümunəsi var. 30 ildir Türkiyəni Aİ-nin qapısı ağzında saxlayıblar və hələ bir 30 il də qəbul olunma ehtimalı görünmür”.
Eyni zamanda Səmədov hesab edir ki, Aİ Ukraynanı, Moldovanı namizəd elan etsə də, üzvlüyə qəbul etməyə tələsmir: “Bu proses də kifayət qədər uzana bilər. O səbəbdən Ermənistan ümid edir ki, hələlik Avropaya inteqrasiya xəttini götürsün və Aİ-yə üzv olandan sonra AİB-dən çıxmaq məsələsi qoyulsun. Amma buna Rusiya imkan verərmi? Ermənistanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Rusiyanın payına düşür. Aİ ilə ticarət həcmi Rusiya ilə müqayisədə təqribən 6 dəfə azdır. Bu şəraitdə Ermənistanın AİB-dən çıxması ona çox ağır problemlər yarada bilər. Belə bir addımı atmağın qeyri-mümkün olduğunu Ermənistan hakimiyyəti başa düşür”.
Siyasi ekspert onu da qeyd edib ki, ABŞ-ın yeni hakimiyyətinin yeritdiyi Ukraynanın arxasından çəkilmək və Rusiyaya yaxınlaşmaq siyasəti də İrəvanı ehtiyatlı davranmağa vadar edir: “Bayden hakimiyyəti dövründə Ermənistanla imzalanan strateji tərəfdaşlıq haqqında sənəd bu gün İrəvana problemlər yaratmaqdadır. Bu şəraitdə Ermənistanın konkret bir yol seçmək imkanı yoxdur. Ermənistan yalnız mümkün qədər bu prosesləri uzatmağa çalışır. Sözün əsl mənasında çırpınır. Nikol Paşinyanın Türkiyə səfəri də bu vəziyyətdən çıxmaq yollarını axtarmağa xidmət edən səfər idi. Ona açıq şəkildə dedilər ki, Azərbaycanla münasibətlər nizama salınmasa, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması qeyri-mümkündür. Rusiya isə yeni bir fiqur atıb Ermənistan siyasi meydanına. Onun gələcəkdə Ermənistan lideri olması üçün cəhdlər bundan sonra da özünü göstərəcək. Eyni zamanda erməni Apostol kilsəsi də həmin fiquru müdafiə edir. Yəni bu gün 2026-cı il seçkilərinə hazırlıq başlayıb. Əks həmlə kimi Paşinyan da Samvel Karapetyanın həbs olunması prosesinə start verib. Məqsədinə nail ola biləcəkmi? Sonuna qədər Karapetyanı siyasətdən uzaqlaşdırmağı bacaracaqmı? Karapetyanın dəstəklədiyi yeni namizədin qəfildən ortaya çıxması da istisna olunmur. Ermənistanda bir ildən sonra keçiriləcək parlament seçkilərinə qədər Paşinyan hökumətinin Aİ ilə AİB arasında seçim etmək imkanı yoxdur. Vəziyyət bu cür davam edəcək. Rusiya Aİ məsələsi ilə bağlı narazılığını bildirəcək, ancaq kəskin addım atmayacaq. Çətin seçim qarşısında bu gün Ermənistanın qəti addım atması qeyri-mümkündür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ