Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən və məlum bəyanatlarından sonra Ermənistan hakimiyyəti yenidən “val”ı dəyişib və Azərbaycan dövlətinin səbrini daşırmağa yönəlik mövqe sərgiləyir. Son vaxtlar yenidən başını Rusiyanın dizinin üstünə qoymağa meyl edən baş nazir Nikol Paşinyan Azərbaycanın konstitusiya dəyişikliyi ilə bağlı əsas şərtini icra etməkdən boyun qaçırdığını açıqladı və rəsmi Bakı tutarlı arqumentlərlə cavabını verdi. Amma bu vəziyyət nə vaxta qədər davam edəcək? Təbii ki, Ermənistanın havadarları bölgədə katalizator funksiyasından daşınana qədər.
Ermənistan son illər, xüsusilə də 44 günlük müharibədən sonra Rusiyadan uzaqlaşma xəttini götürmüşdü. Ermənilər hesab edirdilər ki, Azərbaycan öz ərazilərini işğaldan azad edən zaman Rusiya və ümumilkdə KTMT onların tərəfində olmalı idi. 3 illik fasilədən sonra Rusiya rəhbərliyi Ermənistana ermənilərin qandaşını – Sergey Lavrovu – Kələntaryanı göndərdi ki, onlara “haqqı başa salsın”. Rusiyanın xarici işlər naziri də Ermənistan rəhbərliyi ilə qapalı kabinetlərdə nə danışdı, bəlli olmadı, amma media qarşısında bəyan etdi ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 7 rayonunu ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib. Yəni “nə atlanıb-düşürsünüz, Avropa İttifaqına can atırsınız, bizə görə adam – ölkə olmusunuz, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə bizim silahlarımız hesabına əldə saxlamısınız”.
Diqqət edin, Rusiya Ermənistana necə göz ağardıbsa, gözləri daha çox Avropa məkanında olan spiker Alen Simonyan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu hava limanında şəxsən qarşılamağı planlaşdırdığını söyləyib.
Bildirib ki, iyunun 5-6-da Ermənistana gələcək Matviyenkonu trapdaca qarşılamağa gedəcək. Yeri gəlmişkən, Sergey Lavrov təyyarədən enərkən onu Ermənistanın yüksək çinli hansısa rəsmisi qarşılamamışdı və bu zaman Rusiya XİN başçısının qeyzləndiyi aydın görünürdü. Belə aydın olur ki, Lavrovun İrəvandakı mesajları öz sözünü deyib və uzun gözləntidən sonra Ermənistana səfər edəcək Matviyenko ilə bağlı xüsusi həyəcan və proqram var. Hər halda Lavrovun şantajı işini görüb, bu, bütün sahələrdə aydın hiss olunur. Əbəs yerə onu göndərməmişdilər ki...Təxminən bu tapşırıqla: “Get, öz ermənilərinə de ki, ağıllarını başlarına yığsınlar, yoxsa onları Qafqaza gətirdiyimizə peşman edərik!” Məhz elə buna görə də Lavrov Azərbaycan ərazilərinin işğalında Rusiya silahlarının mühüm rolunu ermənilərin başına qaxdı. 90-cı illərdə 1 milyon dollarlıq silahın Ermənistana havayı verildiyi faktdır, bu haqda çox yazılıb. Lavrov gərək sovet “KQB”-sinin Sumqayıtda, Bakıda həyata keçirtdiyi qırğınları da yada salaydı, Xocalı soyqırımında Rusiyanın “Pskov diviziyası”nın, 366-cı motoatıcı alayının iştirakından da danışaydı, bu günə qədər məsuliyyətdən yayındırılan cani hərbçiləri xatırlatsaydı, Aprel döyüşlərindən sonra Ermənistana İsgəndər-M sistemlərini verdiyini və digər dəstək addımlarını da yada salsaydı, mənzərə tam aydın olardı.
Hətta ermənilərin Qafqaza köçürülməsi tarixinə ekskurs edib, ermənilərin Azərbaycan ərazilərinə, İrəvan xanlığına köçünün 1828-ci ildən başladığını, kilsə siyasətinə start verildiyini, Çar Rusiyasının Xankəndidə qornizon yaratdıqdan sonra ermənilərin bu, türk şəhərində çoxaldığını, 1905-ci, 1918-ci illərdə azərbaycanlıların soyqırımında oynadıqları rolu, 1918-ci ilin 29 mayında İrəvanın, 1920-ci ilin dekabrında Zəngəzurun qərb bölgəsinin qoparılıb ermənilərə verildiyini, türklərə divan tutulduğunu, 1948-53-cü ildə yüz minlərlə azərbaycanlıların deportasiya edildiyini də nəql eləsə, bəlkə qərbə can atan ermənilərin ürəyinə girə bilərdi.
Əslində Lavrovun mövqeyi bizim üçün yenilik deyil. Unutmamışıq: 2017-ci ilin 17 yanvarında Moskvada 2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirən S.Lavrov BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq ardınca demişdi: “Bu qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil. ATƏT-in Minsk qrupunun çoxsaylı qərarlarında, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı sənədlərdə mübahisələrin dinc yolla həlli birmənalı vurğulanır”. Bu, həmin Lavrovdur. Təbii ki, Azərbaycan dövləti sübut etdi, Qarabağ məsələsinin hərbi yolla həlli var və Qarabağ məsələsi Azərbaycanın daxili işidir!
Rusiyanın baş diplomatı bir daha “cümlə xəyanətlərə bais” kimi Paşinyanı hədəf göstərib. Deyib ki, “2020-ci il üçtərəfli sənədində Dağlıq Qarabağın statusu ilə bağlı centlmen razılaşması əldə olunsa da, Praqadakı bəyanatda “hər şeyin üstündən xətt çəkilib”. Yəni bizdən qabaq Qarabağı Azərbaycan ərazisi kimi Ermənistan hakimiyyəti tanıyıb. Beynəlxalq hüququ tapdamağı özünə ar bilməyənlərdən başqa nə gözləmək olar ki? Üstəlik, Lavrov bildirib ki, Rusiya Ermənistana silah tədarükü ilə bağlı bütün öhdəliklərini vaxtında yerinə yetirə bilməz, lakin bir sıra sistemlər artıq çatdırılıb”. Bu da o anlamı daşıyır ki, “əlimiz üstünüzdədir, narahat olmayın”.
Əslində Lavrov İrəvana gəlmişkən Nikol Paşinyandan 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanatına atdığı imzaya uyğun addım atmasını tələb etməli idi. Bildirməli idi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılması üçün üzərinə götürdüyün öhdəliyə əməl et, az nağıl danış! Əslində Zəngəzur dəhlizinin açılması Rusiya və Ermənistan üçün də olduqca böyük əhəmiyyət kəsb edir. Amma Lavrov Zəngəzur tələbini dilə gətirmədi, çünki Kremldən belə bir təlimat almamışdı. “QRU” agenti kimi Moskvanın təlimatları əsasında fəaliyyət göstərən Köçəryan və Sərkisyan Azərbaycana qarşı saysız cinayətlər törədiblər. Bu günlərdə yenidən bir araya gəlib, revanşa başlamaqla bağlı tapşırıq alıblar.
Yeri gəlmişkən, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə də “İrəvan Dailoqu 2025” konfransında çıxışında Zəngəzur dəhlizinə qarşı çıxıb.
İranlı diplomat dəhlizin Qafqazı böləcəyini iddia edib. Deyib ki, Cənubi Qafqazda ayrılıq yox, əlaqə olmalıdır: “Dəhlizin məntiqi məhz əlaqənin kəsilməsidir. Biz regionda heç bir coğrafi dəyişikliyi, o cümlədən “Zəngəzur dəhlizi” və ya başqa bir adla adlandırılan şeyi qəbul etmirik”. İranlı diplomat hansı “şey”dən danışır, bilmirik, amma Zəngəzur nəinki dəhliz olaraq, hətta bütövlükdə coğrafi ərazi olaraq Azərbaycanın təbii, tarixi haqqıdır, beynəlxalq hüququn 33 il ərzində pozulmasını da əlavə edə bilərik!
Bir daha xüsusi vurğulamaqda fayda var, sərgilədiyi mövqe Sergey Lavrovun özünün dediyi kimi, “damarlardan axan erməni qanı”nın coşmasının və ya özfəaliyyətinin nəticəsi deyil. Son vaxtlar Rusiyada erməni revanşizminin alovlandırılması tendensiyası açıq-aşkar müşahidə olunur. Əks təqdirdə, bir ölkənin diplomatı digər ölkənin ərazisinin işğalında oynadığı rolu uca səslə bəyan etməkdən utanmalı idi. Rusiya mediasının son aylar anti-Azərbaycan mövqelərinə geniş yer verməsi də bəlli siyasətin məntiqi nəticəsidir. Rusiyada artıq getdikcə daha çox çevrələr 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik bəyannaməsini və götürülən öhdəlikləri unudurlar. “İzvestiya” qəzetinin Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla müsahibəsində Rusiyanın 90-cı illərdə ermənilərə hərbi dəstəyi, “İzvestiya” əməkdaşının bir neçə dəfə Qarabağı “Arsax” adlandırması, Karapetyanın faktiki olaraq Ermənistanın Azərbaycana qarşı dirəniş göstərməyəcəyi təqdirdə Rusiyanın dəstəyini ala bilməyəcəyini etiraf etməsi və s. kimi məqamlar düşmənçilik mövqeyinin geniş şəkildə tirajlanmasıdır.
Xüsusilə də belə bir durumda cani Robert Köçəryanın Rusiyaya səfər etməsi, görüşlər keçirməsi, daha sonra Paşinyan hakimiyyətinə ultimatumlar verməsi, Azərbaycana növbəti dəfə “dil uzatması” bəlli mərkəzlərin səylərinin nəticəsidir. Kəsəsi, Kreml Azərbaycanı Ermənistana qarşı müharibə aparmağa vadar edə bilmədi, çox istəyirdi ki, müharibəni Ermənistan ərazisinə keçirsin və özünü növbəti dəfə “sülhməramlı” olaraq təqdim eləsin, Qafqazda olmasına haqq qazandırsın, Qarabağdakı “sülhməramlı” missiyasının davamını Zəngəzurun qərb hissəsində davam etdirsin. Azərbaycan dövləti sülhə sadiq olduğunu bəyan etdi və bu kimi planlara yox dedi. Budur, Rusiya var gücü ilə Ermənistanı növbəti dəfə Azərbaycanla müharibəyə təhrik edir. Seçim Ermənistanındır, başının əzilməsini istəyirsə, Kremlin “elçisi” Sergey Lavrovun çamadanındakı planına “hə” desin.
İşğal dövründə lavrovun çamadanında “sülh planı”nın olduğu barədə xeyli yazılar yazılmışdı. İndi sülh üçün xeyli məsafə qət olunub, iki tərəf masada müzakirələrə hazırdır. Lavrov isə çamadanında “müharibə planı” gəzdirir.
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ