İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Qafqaza "hücum taktikası" boşa çıxır: Bakı sərt müqavimət göstərir, Rusiya regionu itirir

Rusiya siyasi dairələri Azərbaycanın yeni geopolitik mövqeyi və maraqları ilə barışmalıdırlar və mövcud reallığa uyğun davranmağı öyrənməlidir... Əks halda, Kremlin rəsmi Bakı ilə ziddiyyətləri daha da dərinləşəcək, Cənubi Qafqazda ümumi güc balansının Rusiyanın əleyhinə yönəlməsi sürətlənəcək...

Rusiya postsovet məkanı dövlətlərinə qarşı aqressiv mövqeyini daha da dərinləşdirməyə çalışır. İndi MDB məkanında Belarus istisna olmaqla, Rusiya ilə real müttəfiqlik münasibəti olan dövlət qalmayıb. Kreml öz neoimperialist hədəfləri ilə postsovet ölkələrini Rusiyadan uzaqlaşdırıb. Və buna baxmayaraq, Kreml Rusiyanın təsir dairəsindən kənara çıxan dövlətləri qeyri-dost ölkələr siyahısına daxil etməyə da başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi son açıqlamada bildirilir ki, Rusiyanın qeyri-dost dövlətlər siyahısı dəyişkən xarakter daşıyır. Bu siyahının tərkibi müxtəlif ölkələrin Rusiyaya qarşı atdığı addımlara bağlı olaraq dəyişə bilər. Dmitri Peskovun sözlərinə görə, əgər, bir ölkə Rusiyaya qarşı qeyri-dost davranışları dayandırır və ikitərəfli münasibətlərin bərpası üçün addımlar atırsa, həmin dövlət siyahıdan çıxarıla bilər.

rus-qafqaz-ishgal-Снимок.JPG (57 KB)

Ancaq diqqəti çəkən əsas məqam odur ki, Kreml Azərbaycanın bu siyahıya daxil olmamasına və normallaşma yönümlü ritorikaya baxmayaraq, real münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüslər göstərmir. Əksinə, rəsmi Bakı ilə münasibətlərdə gərgin fon və strateji uzaqlaşma meylləri müşahidə olunur. Və bu, onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri hazırda kifayət qədər qəliz xarakter daşıyır.

Məsələ ondadır ki, iki ölkə arasında ziddiyyətlərə konkret örnək Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun Bakıya etdiyi son səfər ilə bağlı baş verənlər də hesab oluna bilər. Formal olaraq, nazirlərin toplantısında iştirak etmək üçün gəlmiş Aleksandr Kurenkovun əsas məqsədi həm də Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək idi. Və bu görüşün baş tutacağı təqdirdə, Azərbaycan-Rusiya münasibətlərini yumşalda biləcəyi iddia olunurdu.

Ancaq qeyri-rəsmi mənbələrin iddialarına görə, rus nazirin bütün cəhdlərinə baxmayaraq, belə bir görüş baş tutmayıb. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdən imtina edib. Belə ki, Rəsmi Bakının Rusiya tərəfinə Kremlin Azərbaycana məxsus sərnişin təyyarəsinin ötən ilin dekabrında vurulmasına görə məsuliyyətini etiraf etməsi ilə bağlı şərti qəbul olunmayıb. Bu səbəbdən, Azərbaycan Prezidenti İlham Əliyev rus nazirin görüş xahişinə müsbət cavab verməyə ehtiyac duymayıb.

nato-rus-qafqaz-Снимок.JPG (62 KB)

Digər tərəfdən, Aleksandr Kurenkov Bakıda olarkən, bir müddət öncə saxlanılan rusiyalı jurnalistlərlə bağlı məhkəmə prosesində onların əleyhinə qərar verildi. Bütün bu hadisələr, Kreml üçün simvolik olaraq, Azərbaycanın Rusiyanın davranışına adekvat reaksiya verdiyi və şimal nəhənginin Cənubi Qafqaz regionunda mövqeyinin ciddi şəkildə zəiflədiyini də təsdiqləyir. Və bu baxımdan, Kremlin regional hədəfləri artıq reallıqdan uzaq xarakter daşıyır.

Maraqlıdır ki, Rusiya rəsmi dairələri Azərbaycanla münasibətləri normallaşdırmaq istədikləri barədə müəyyən mesajlar verirlər. Ancaq nə qədər qəribə də olsa, Kreml bu istəyi təsdiqləyən konkret və konstruktiv addımlar atmağa da həvəs göstərmir. Böyük ehtimalla Kreml Cənubi Qafqazda xüsusilə də Azərbaycan və Ermənistan arasında balans yaratmaq siyasəti yürütməyə çalışır. Yəni, Kreml hər iki region ölkəsinə eyni vaxtda təzyiq göstərmək taktikası ilə həm Azərbaycanın, həm də Ermənistanın Rusiyanın geopolitik maraqları qarşısında geri çəkilməsinə nail olmağa cəhd göstərir.

Ancaq rəsmi Bakı uzun illərdir ki, Rusiyanın təsir dairəsindən uzaqlaşaraq, daha çox Türkiyə və digər Qərb ölkələri ilə inteqrasiyaya münbit şərait yaradan xarici siyasət kursu yürüdür. Bu xarici siyasət kursu xüsusilə də ikinci Qarabağ müharibəsindən sonra daha da güclənib. Rusiya isə Azərbaycanın bu geopolitik kursunu sükutla müşahidə etmək məcburiyyətində olsa da, onunla tam barışmaqda çətinlik çəkir. Və Kremlin bu problemi ilk növbədə Rusiyanın neoimperialist vərdişlərindən qaynaqlanır.

Rusiya diplomatiyasında tez-tez müşahidə olunan absurd bir model hökm sürür. Belə ki, Kremldə qarşı tərəfi Rusiyaya real güzəştlər etməyə borclu hesab edirlər. Rusiya diplomatiyası ziddiyyətlər yaşanan ölkə ilə münasibətləri normallaşdırmağa yalnız bu halda, pozitiv yanaşır. Rəsmi Bakı isə haqlı olaraq, Rusiyanın bu neoimperialist yanaşma tərzini Azərbaycanın suverenliyinə birbaşa təhdid kimi qəbul edir və prinsipial davranır.

aliyev-putin1.JPG (81 KB)

Ancaq Kremldə hələ də düşünürlər ki, formal səfərlər və simvolik jestlərlə Cənubi Qafqazda Rusiyanın təsir mexanizmlərini saxlaya bilər. Halbuki rəsmi Bakı Türkiyənin fəal və çoxşaxəli manevrlərinə infeksləşmiş geopolitik iradə mərkəzi kimi, dövlətlərarası münasibətlərdə simvolik diplomatiyaya deyil, məhz real maraqların təminatına üstünlük verir. Və indiki situasiya Rusiyanın belə modern münasibətlər sisteminə qətiyyən hazır olmadığını göstərir.

Ona görə də, Azərbaycan-Rusiya  münasibətləri hazırda geopolitik reallıqla diplomatik ritorikanın toqquşduğu bir mərhələdədir. Kreml Azərbaycanı Rusiyanın həm rəqibləri, həm də tam tərəfdaşları sırasına daxil etməkdə tərəddüd edir. Üstəlik, Kremlin neoimperialist narrativlərin girovuna çevrildiyini təsdiqləyən qərarsızlıq Rusiyanın ziddiyyətli və aqressiv addımlar atması ilə müşayiət olunur. Və nəticədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri Kremlin günahı ucbatından "dondurulmuş" vəziyyətdə qalır.

Əgər Rusiya Cənubi Qafqazda geopolitik uğur qazanmaq istəyirsə, onda neoimperialist ritorikadan imtina edərək, modern diplomatik modelinə keçmək barədə düşünməlidir. İlk növbədə Azərbaycanın yeni geopolitik mövqeyi və maraqları ilə barışmalıdır və mövcud reallığa uyğun davranmağı öyrənməlidir. Əks halda, Kremlin rəsmi Bakı ilə münasibətlərindəki ziddiyyətlər daha da dərinləşəcək. Və bu proses Cənubi Qafqaz regionunda ümumi güc balansına ciddi təsir göstərə, üstünlük Rusiyanın əleyhinə yönəlməsini sürətləndirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR