İnsanlara hürriyət, millətlərə istiqlal!

Kukla Teatrı təntənəli bağlanış mərasimi keçirdi - Fotolar  

 

İyulun 13-də Azərbaycan Dövlət Kukla Teatrının 93-cü mövsümünün bağlanış və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təsis olunan ənənəvi "Teatrın dostu" mükafatının təqdimat mərasimi keçirilib.

Musavat.com bildirir ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva, millət vəkilləri Jalə Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət Nazirliyi təmsilçiləri, Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə başa çatmaqda olan mövsümə nəzər salıb. Rəşad Əhmədzadə rəhbəri olduğu teatrın 2025-ci il festival gündəliyi də zəngin olduğunu bildirib:

"İlk olaraq Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etdi.

Teatrın heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə oldu və bu  çərçivədə tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olundu.

Onu da qeyd edim ki, bu festivala biz də ev sahibliyi edirik. Yəni qardaş Türkiyə ilə Azərbaycan kuklaçılarının müştərək sənət aksiyasıdır.

Kuklaçılar  20-26 may 2025-ci il tarixlərində qardaş ölkə Qazaxıstanın Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında “Melisa” tamaşası ilə çıxış edərək Qazaxıstan Mədəniyyət və İnformasiya nazirinin xüsusi təşəkkürnaməsini aldılar.

Təmsilçilərimiz 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında da uğurlara imza atdılar.

Qeyd edək ki,  E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilirdi və kuklaçılar tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “İnnab ağacı” tamaşası ilə çıxış etdilər.

Daxili qastrol proqramı çərçivəsində Göyçay, İsmayıllı, Lənkəran şəhərlərinə qastrol proqramlarını reallaşdırdıq.

Onu da  deyim ki, bir teatr təşkilatı olaraq işğaldan azad olunan, böyük köçün qayıtdığı torpaqlarımızın balaca sakinləri qarşısında teatr kollektivi kimi ilk çıxış da biz kuklaçıların payına düşdü.

Beləcə Zəngilan, Laçın, Şuşanın ardınca Füzuli və Ağdam şəhərlərində də fərqli tamaşa-konsert proqramları ilə çıxışlar etdik.

 Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz səhnəmizlə yanaşı səyyar olaraq bölgələrdə və paytaxtda sosial  aksiyalarımız geniş vüsət aldı.

Bu mövsümdə teatrımızda Polşa və Meksika respublikalarının ölkəmizdəki səfirlikləri ilə birgə Polşa və Meksika kukla sənəti ilə bağlı maraqlı sərgilər də oldu. Sözsüz ki, müxtəlif mədəniyyətlərin, teatr sənətlərinin təbliğində bu kimi aksiyalar maraqlıdır.

Bu mövsümdə Gürcüstan və Özbəkistan kukla teatrları ilə əməkdaşlıq haqqında yeni mərhələyə qədəm qoyduq. Qarşılıqlı qastrol səfərləri, festival və tamaşa hazırlanması kimi fərqli istiqamətləri əhatə edən bu əməkdaşlıq müqavilələrinin təzahürü olan təşəbbüslər qarşıdakı mövsümdən özünün icrasına başlayacaq.

Teatr-tamaşa müəssisəsi kimi tamaşa planımızı bu mövsümdə də artıqlaması ilə yerinə yetirmişik.

Plan və plandankənar olmaqla 7 yeni səhnə əsəri – “Nənəmin aş qazanı”, “Şaxta baba haradadır?”, “Yalquzaq”, “Bir dəfə Şamaxı xanlığında”, “Leylək və Müqəvva”, “Sirli dolça” və “İnnab ağacı” tamaşaları balaca teatrsevərlərin ixtiyarına verildi".

Teatr direktoru ilin sonunadək daha üç səhnə əsərinin hazırlanacağını və daha 2 beynəlxalq festivalda iştirak edəcəklərini də diqqətə çatdırdı.

Tədbirdə çıxış edən millət vəkilləri Günay Əfəndiyeva, Jalə Əliyeva və Elnarə Akimova milli kukla sənətinin inkişafında bu teatrın müstəsna rol oynadığını bildirdilər. Qeyd olundu ki, yetişən nəsillərin incəsənətə, bu vasitə ilə cəmiyyətə münasibətinin formalaşmasında kukla teatrı və kukla sənəti böyük rol oynayır.

Tədbir millət vəkillərinə və media təmsilçilərinə "Teatrın dostu" rəmzi mükafatının təqdimatı ilə davam etdi.

Bağlanış mərasimində teatrın dörd əməkdaşına - Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayeva Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr fədaisi" medalları, sənət ocağının dram artistləri Lina Məmmədova və Afət Zülfüqarovaya ittifaqın Fəxri fərmanları təqdim olundu.

Təltifçilərin simasında bütün kuklaçıları və media mənsublarını təbrik edən ittifaqın sədr müavini, Xalq artisti İlham Namiz Kamal fədailik, sənətə təmənnasız bağlılıq tələb edən kukla sənətini yaşadan və gələcək nəsillərə çatdıran sənət insanlarına, istedadlı və peşəkar kuklaçılara, onların əməyini, ümumən teatr sənətimizi daim təbliğ edən mətbuat nümayəndələrinə, media təmsilçilərinə təşəkkür etdi.

Daha sonra "Teatrın dostu" mükafatları təqdim olundu. Təltif olunanlar arasında "Yeni Müsavat"ın jurnalisti Xalidə Gəray da var.

Cari mövsüm ərzində səmərəli fəaliyyətinə görə seçilən kollektiv üzvlərinin də təqdimatından sonra tədbir musiqi nömrələri ilə davam etdi.

Sevilən ifaçılar, Əməkdar artistlər Elza Seyidcahan və Firuzə İbadova, Müstəqil "Oyuq" Uşaq Teatrı  dillər əzbəri olan mahnılarını ifa etdilər, sənət ocağı və kollektivi haqqında xoş sözlərini dilə gətirdilər, qarşıdan gələn Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini, milli mətbuatımızın fədakarlarını təbrik etdilər, onlara yeni yaradıcılıq uğurları arzuladılar.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR