İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdə “dəlilik qalmadı”- kritik vəziyyət

Professor: “Xəzərin səviyyəsinin dəyişməsi və Kür çayının vəziyyəti ilə bağlı monitorinqlər mütəmadi aparılmalıdır”

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur. Bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub. Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40-50 metrdən 200-300 metrə qədər dəyişib.

Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250-300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.

Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülüb, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala-Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5-2 km geri çəkilib.

Kür-Araz düzənliyində 1986-2021-ci illər ərzində torpağın duzlaşma prosesini proqnozlaşdırmaq üçün Landsat peyk məlumatlarından istifadə olunub. Həmçinin su hərəkəti və duzluluğun daşınması modelləri hazırlanıb və iqlim dəyişikliyi ilə su idarəçiliyinin təsirləri hesablanıb.

Model nəticələri göstərib ki, yağıntıların və drenajın artması torpağın duzluluğunun ciddi şəkildə azalmasına və kənd təsərrüfatı məhsuldarlığının yüksəlməsinə səbəb olub. Bu dəyişikliklər iqlim dəyişikliyi ilə su idarəçiliyi arasında yaranan sinergetik effektlə bağlıdır.

Gələcək proqnozlara görə, Xəzər dənizi ətrafında buxarlanmanın azalması nəticəsində yağıntılar azalacaq, bu da torpaqda yenidən duzlaşma (re-salinization) prosesini sürətləndirəcək. Torpağın təkrar duzlaşması Azərbaycanın və qonşu ölkələrin kənd təsərrüfatı sənayesinin və ərzaq təhlükəsizliyinin davamlılığı üçün ciddi təhlükə ola bilər.

Çingiz İsmayılov: “Ekologiya sahəsində boşluqlar çoxdur” Pravda.az

Çingiz İsmayılov

İqtisadi coğrafiya üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Yeni Müsavat”a verdiyi açıqlamada Xəzər dənizində gedən təbii proseslərin və çay ehtiyatlarının monitorinqinin əhəmiyyətindən danışıb. Onun fikrincə, bu kimi çöl ekspedisiyalarının keçirilməsi təkcə ildə bir dəfə deyil, hər mövsümdə - dörd dəfə həyata keçirilməlidir: “Çünki bu proseslər sahil ərazilərinin, landşaftın, sahil xəttinin və ümumi konfiqurasiyanın dəyişməsi ilə müşayiət olunur. Bu dəyişikliklərin təhlili üçün davamlı məlumat toplanmalı və nəticə etibarilə ümumi mənzərə, meyillər və trendlər müəyyən edilməlidir”.

Professor qeyd edir ki, Xəzər dənizinin səviyyəsinin enməsi növbəti bir mərhələdir və bu təbii proses dövri xarakter daşıyır: “Xəzərdə səviyyənin qalxıb-enməsi daim baş verir və bu proses təxminən 35-40 illik dövrlərlə təkrarlanır. Hazırda səviyyənin aşağı düşməsi dövrünü yaşayırıq. Bu prosesə həm iqlim dəyişikliyi (istiləşmə), həm də su ehtiyatlarından artan istifadə təsir edir. Xüsusilə Volqa çayında suya olan tələbat artır, çünki kənd təsərrüfatı inkişaf edir. Bu baxımdan su balansına ciddi nəzarət olunmalı, çaylara daxil olan su miqdarı və onun istifadəsi mütəmadi monitorinqə cəlb edilməlidir”.

Çingiz İsmayılov eyni zamanda Azərbaycanın əsas su arteriyası olan Kür çayının strateji əhəmiyyətinə də diqqət çəkib: “Kür çayı Azərbaycan ərazisindən keçən əsas su mənbəyidir. Aran bölgəsi, demək olar ki, tamamilə əkinçilik və kənd təsərrüfatı sahələrini bu çayın, həmçinin qismən Araz çayının suları hesabına inkişaf etdirir. Buna görə də su ehtiyatlarının səmərəli istifadəsinə ciddi nəzarət olunmalıdır. Gürcüstan və ondan əvvəl Türkiyə ərazisindən gələn suların Azərbaycanda idarə olunması nəzarət altında saxlanılmalıdır”.

Professor suvarmada müasir texnologiyaların tətbiqini zəruri hesab edir: “Suvarmada damla üsulu kimi müasir texnologiyalar daha geniş tətbiq olunmalıdır. Digər köhnə suvarma üsullarından az istifadə edilməlidir. Su ehtiyatlarının ölkə daxilində idarə olunması daha ciddi və elmi əsaslarla aparılmalıdır. Nəzərə alsaq ki, Azərbaycan su çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır və ərazisinin yarısı quraq və yarımquraq zonalardan ibarətdir, bu məsələlər xüsusilə önəmlidir”.

Kür çayının mühafizəsi məsələsinə də toxunan Ç.İsmayılov əlavə edib: “Kür çayı Xəzər dənizinin səviyyəsinin dəyişməsində həlledici rol oynamasa da, sahil ərazilərinə təsiri vardır. Xəzərə daxil olan çay sularının ümumi həcmi içərisində Kür çayının xüsusi çəkisi təxminən 2 faizdir ki, bu da olduqca cüzi göstəricidir. Buna baxmayaraq, biz bu su ehtiyatlarını daha səmərəli şəkildə idarə etməliyik ki, çayın quruma prosesi minimuma ensin. Bunun üçün həm su kanalları müasirləşdirilməli, həm də ümumi idarəetmə mexanizmləri təkmilləşdirilməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR