Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 27-si - bu tarix yalnız rəsmi təqvimdə bir gün deyil: 44 günlük Vətən müharibəsinin başladığı, Azərbaycan xalqının uzun illər gözlədiyi ədalətin bərpa olunduğu, tarixin yeni səhifəsinin açıldığı gündür. Hər il bu gündə qəlbimiz bir daha eyni hisslə titrəyir - qürur, kədər, minnətdarlıq.
Biz möhtərəm şəhidlərimizi ən böyük məhəbbətlə, ehtiramla və rəhmətlə anırıq. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərində olduğu kimi, biz bu qələbəyə görə onlara və qazilərimizə borcluyuq.
Bu qələbə yalnız döyüş meydanında qazanılan uğur deyil, o, həm də diplomatiyada, beynəlxalq münasibətlərdə, ideoloji və siyasi meydanda əldə edilmiş qələbədir. Şanlı ordumuzun döyüşdə göstərdiyi cəsarət, planlaşdırmanın dəqiqliyi və xalqın birliyi işğala məruz qalmış torpaqlarımızın azad edilməsini təmin etdi və eyni zamanda işğalçının xarici havadarlarının mövqeyinə də ciddi zərbə vurdu. Uzun illər “ikili standartlar” üzərində dayanmış, işğalı siyasi süni üsullarla rəsmiləşdirməyə çalışan bədnam strukturların nüfuzuna sarsıdıcı təsir göstərildi. Bu, təkcə hərbi və diplomatik məğlubiyyət deyildi - həm də regional nizamın yenidən formalaşmasının işarəsidir.
Ermənistan və onun cəmiyyətinin acı məğlubiyyətdən və səhvlərdən nə qədər dərs çıxardığını zaman göstərəcək. Amma unutmamalıyıq ki, dərs çıxarmaq yalnız güzəşt və ya revanşa qarşı dayanmaq demək deyil - bu həm də regionda sülhün, iqtisadi əməkdaşlığın və insanların normal həyat şəraitinin bərpası üçün real addımlar atmaqdır. Azərbaycan buna hazırdır və sülhə açıqdır, amma sülhün zəmanəti yalnız güc və ədalət prinsiplərinin qorunması ilə mümkündür.
Bizim vəzifəmiz keçmişə hörmətlə yanaşmaq, qəhrəmanlarımızı anmaq, amma baxışlarımızı gələcəyə çevirərək möhkəm, firavan və təhlükəsiz Azərbaycan yaratmaqdır. 27 sentyabrın rəmzi budur: dərin bir yaddaş, həmrəy bir xalq və məsuliyyətli bir gələcək arzusu.
Qulamhüseyn Əlibəyli
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 27 sentyabr Azərbaycan xalqının 200 illik dövr ərzində öz ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün atdığı addımların başlanğıcıdır: “Doğrudur, ondan bir neçə il öncə, 2016-cı ildə "Aprel döyüşləri"ndə də Azərbaycan nəyə qadir olduğunu göstərdi. Lakin ərazilərimiz işğaldan azad oluna bilmədi. Sentyabrın 27-də başlayan hərəkat isə Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdi və ölkənin, xalqın qüdrətini özünə qaytardı. Bu, çox böyük tarixdir, unudulmamalıdır".
Politoloq deyib ki, hazırda Ermənistan cəmiyyətində Azərbaycanla dinc və sülh şəraitində yaşamaq istəyən toplumun sayı çox azdır: “Əksəriyyəti erməni xəstəliyinə tutulub və Azərbaycana düşmən gözü ilə baxır. Erməni siyasətçilər bir-birilərini tənqid etsələr də, satqın adlandırsalar da hamısı başa düşür ki, Azərbaycan torpaqlarını bir daha işğal edə bilməyəcəklər. Paşinyan hakimiyyəti çalışır ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırsın. Lakin Paşinyan xəstə erməni cəmiyyətindən qorxduğu üçün vaxtı uzadır. Məqsədi cəmiyyəti bu və ya digər şəkildə hazırlamaqdır. Belə bir məqamda revanşistlərin yenidən baş qaldıra biləcəyini düşünmürəm. Onlar zamanla çalışacaqlar ki, Azərbaycanla münasibətləri gərginləşdirsinlər, özlərini ayaqda saxlasınlar, lakin ölkəmizə qarşı qəti addım atmaq üçün gücləri yoxdur”.
Tofiq Abbasov
Politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan cəmiyyəti Azərbaycanın qələbəsini hələ də həzm edə bilməyib: “Ermənistanda sağlam ruhlu, təfəkkürlü insanların hamısı ölkəni tərk edir. Çünki onlar öz gələcəklərini separatçı və revanşistlərlə birgə qurmaq istəmirlər. Bizim qələbəmiz separatçıları geri çəkilməyə məcbur vəziyyətə saldı. Halbuki onlar özlərini mütləq qalib saydılar. İstehza edirdilər ki, guya istəsələr, Bakını da işğal edə bilərlər və s. Eyforiyada idilər, dünyadan xəbərləri yox idi. Amma acı reallıqla qarşılaşdılar. Və anladılar ki, özləri haqqında böyük miflər uydurublar və olduqlarından çox şişirdiblər. İndi isə əl-ayağa düşüblər, əvvəlki qondarma rejimləri bərpa etməyə cəhdlər edirlər, özlərinə hami axtarırlar. Lakin 5 il keçib və artıq anlayıblar ki, hər şey keçmişdə qaldı, artıq 90-cı illərdəki vəziyyət deyil. 23 saat ərzində antiterror əməliyyatı keçirib ərazi bütövlüyünü təmin edən ordu ilə üz-üzədilər. Məcburdurlar ki, xəstə, şizofren, işğalçı düşüncədən qurtulsunlar, əks halda, həmişə bunun acı nəticəsi ilə qarşılaşacaqlar”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ