Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubundan ayrılması ilə bağlı sosial media səhifəsində paylaşım edib.
Musavat.com Offsideplus.az-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu vida paylaşımında səmimi sözlər yazıb:
“Hər bir futbolçunun karyerasında elə klublar var ki, onlar sadəcə, yolun bir hissəsi yox, insanın bir parçasına çevrilir. Mənim üçün “Nürnberq” məhz belə bir klub oldu. Azərbaycanlı futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq böyük qürur idi. Ancaq bundan daha dəyərli olanı yalnız meydançaya çıxmaq deyil, əfsanəvi Miroslav Kloze ilə çalışmaq imkanı idi. Bu, mənim uşaqlıq arzumun gerçəkləşdiyi an idi.
Əziz “Nürnberq” ailəsi, siz mənə güvəndiniz və mən bu formanı hər dəfə geyindikdə, vurduğum hər qolda, apardığım hər mübarizədə sizi qürurlandırmağa çalışdım. Bu formanı yalnız bədənimdə yox, qürurla ürəyimdə daşıdım. Çünki arxamda siz vardınız - əziz azarkeşlər!
Bu gün mən “Nürnberq”i tərk edirəm, lakin arxa fonda hələ də sizin səsinizi, alqışlarınızı və bu şəhərin döyüntüsünü eşidirəm. Və ürəyimdə heç vaxt unudulmayacaq bir sevgini daşıyıram...”
Qeyd edək ki, Emreli "Nürnberq"ə ötən ilin yayında Zaqreb "Dinamo"sundan transfer olunmuşdu. O, 2-ci Bundesliqa təmsilçisində mövsüm ərzində bütün turnirlərdə 25 oyun keçirib, 11 qol vurub, 1 məhsuldar ötürmə verib.
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ