Onlayn ictimai-siyasi qəzet
Pakistan oktyabrın 28-i və 29-da Hindistanla həmsərhəd əyalətlərdə hava məkanını bağlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, qadağa Pəncab və Sind əyalətlərinin hava məkanında yerli və xarici aviaşirkətlərin uçuş marşrutlarına da şamil edilir.
PCAA aviaşirkət heyətlərinə ehtiyatlı davranmağı və alternativ uçuş marşrutlarından istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, bu ayın əvvəlində Pakistan hava məkanında Hindistan təyyarələrinin uçuşlarına qoyulan qadağanı 23 noyabra qədər uzadıb. Sözügedən məhdudiyyət 24 apreldə, Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqamda baş verən və 25 hindistanlı, eləcə də bir Nepal vətəndaşının ölümü ilə nəticələnən terror hücumundan sonra tətbiq olunub.
Hindistan həmin hücumda Pakistan kəşfiyyatının iştirakına dair dəlillərin olduğunu bəyan etmişdi.
Məlumat üçün bildirək ki, Hindistan da Pakistanın mülki təyyarələrinin öz hava məkanından istifadəsinə oxşar qadağa tətbiq edib.
Xatırladaq ki, 7 may gecəsi Hindistan qüvvələri Pakistandakı hədəflərə zərbələr endirdiyi “Sindoor” əməliyyatına start verib. Pakistan cavab atəşi açıb, 10 mayda isə tərəflər tam atəşkəs elan ediblər. Hindistan rəsmiləri əməliyyatın dayandırıldığını, lakin hələ başa çatmadığını bildiriblər.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ