İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Fələstini tanıyacağını elan etdi – İsrail qəzəbləndi, Netanyahudan sərt reaksiya: “Bu, terrora dəstəkdir!”

Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron ölkəsinin sentyabr ayında BMT Baş Assambleyasında Fələstin Dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib.

Makron çıxışında bildirib ki, bu qərar Fransanın Yaxın Şərqdə ədalətli və davamlı sülhə sadiqliyinin ifadəsidir. O, dərhal atəşkəsin elan edilməsini, girovların azad olunmasını, Qəzza əhalisinə humanitar yardımın göstərilməsini, HƏMAS-ın tərksilah olunmasını və bölgənin bərpasını vacib saydığını bildirib.

Fransa lideri vurğulayıb:

“Nəhayət, yaşaya biləcək bir Fələstin dövləti qurulmalı, onun demilitarizasiyası təmin edilməli və bu dövlət İsraili tam tanıyaraq, regionda hər kəsin təhlükəsizliyinə töhfə verməlidir. Fransızlar Yaxın Şərqdə sülh istəyirlər.”

Makron onu da qeyd edib ki, bu qərarı Fələstin rəhbərliyi ilə apardığı birbaşa danışıqlardan sonra verib və məsuliyyətli şəkildə bu prosesi irəli aparmaq niyyətindədir.

Lakin Fransanın bu addımı İsraildə kəskin reaksiya doğurub. İsrailin Baş naziri Benyamin Netanyahu Makronun qərarını sərt şəkildə qınayıb və bunun nəticələrinin təhlükəli olacağını bildirib.

Netanyahu The Times of Israel-ə açıqlamasında deyib:

“Prezident Makronun 7 oktyabr qətliamından sonra Təl-Əvivin yaxınlığında Fələstin dövlətini tanıması terroru təşviq edir və bölgədə daha bir İran kuklası rejiminin yaranmasına yol açır. Fələstin dövləti bu şəraitdə İsrailin məhvi üçün tramplinə çevriləcək.”

İsrail lideri həmçinin əlavə edib:

“Aydın deyək: Fələstinlilər İsrailin yanında deyil, onun yerində dövlət qurmaq istəyirlər. Bu, sülhə deyil, qarşıdurmaya aparır.”

Beləliklə, Fransa və İsrail arasında diplomatik gərginlik daha da dərinləşir. Makronun bu qərarı Avropa İttifaqında da müxtəlif reaksiyalara səbəb olub və sentyabrda BMT Baş Assambleyasında baş verəcək tanınma aktı Yaxın Şərqdə yeni siyasi proseslərin başlanğıcı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR