Onlayn ictimai-siyasi qəzet
Rusiyada vətəndaş müharibəsi döyüş təcrübəsi və hərbi ixtisasları olan bir çox hərbçini ölkədən qaçmağa məcbur edib. Hətta onların ən yaxşıları xarici ölkələrdə acınacaqlı həyat sürüblər və müharibə aparmaq üçün muzdlu əsgərlər axtaranların şikarına çevriliblər.
1921-ci ildə Ərəbistan yarımadasında hərbi qarşıdurma alovlanmağa başlayıb. İngilislərin köməyi ilə Osmanlı imperiyasının nəzarətindən çıxan Ərəbistanda beş yeni dövlət yaranıb. Hicaz dövlətinin şahı Hüseyn əl-Haşimi Məkkəyə sahib olduğunu əsas gətirərək özünü xəlifə elan edib və qonşu Necd sultanlığını fəth etməyə çalışıb, lakin onun cəhdi uğursuz olub. Bundan sonra Səud qəbiləsinin nümayəndəsi olan Necd sultanı Əbdül ibn Əbdürrəhman qisas almağa çalışıb.
Münaqişə tərəfləri artıq neftlə maraqlanan müxtəlif Avropa gücləri tərəfindən dəstəklənib.
Əl-Haşimi özünü daha üstün hesab edib. Buna səbəb kimi, o, Ciddə şəhərindəki aerodromda boş oturan hərbi təyyarələr və ingilislərin onun tərəfində olmasını göstərib. Əl-Haşimi bilib ki, gurultulu maşınların havada görünməsi dəvə minən ərəb süvarilərini qorxudacaq və savadsız əsgərləri şoka salacaq. Ona yalnız mexaniklər və pilotlar lazım olub. Burada bir problem yaranıb: ingilislər yarımadada işləməkdən qəti şəkildə imtina ediblər. Onları yaşayış şəraiti, köhnə təyyarələr və ölüm ehtimalı qane etməyib.
İngilis barmağı
Mütəxəssislərin tapılması işini bu məqsədlə Qahirəyə gedən ingilis diplomatı və casusu “ərəb Lourens” (Tomas Lourens) öz üzərinə götürüb. Lazımi insanları tapmaq çətin olmayıb. Bir qədər sorğu-sual etdikdən sonra o, Rusiya imperator ordusunun keçmiş aviamexaniki Maksimovun idarə etdiyi taksiyə minib. Lourens sürücüyə nahar təklif edib və Maksimov razılaşıb. Nahar zamanı ingilis ona kimə və hansı məqsədlər üçün lazım olduğunu söyləyib. Axşam aviatorların əsl görüşü baş tutub, ruslar ingilisi dinləyib və razılaşıblar. Böyük pullar və Əl-Haşiminin müharibədən sonra hər rusa torpaq və daş ev verəcəyi vədi hər şeyi həll edib.
Ancaq “işə” qəbul zamanı Lourens döyüş növlərindən bəhs etməyib - ruslara təyyarələri təmir etmək və ərəblərə uçmağı öyrətməyi təklif ediblər. Pilot Nikolay Şirokov hava eskadrilyasına rəhbərlik etməyə razılaşıb və ona aylıq 40 funt-sterlinq qızıl mükafat təklif edilib. Maksimova eyni məbləğə baş mexanik olmaq təklif edilib və “macəranın” digər iştirakçılarına 30 funt-sterlinq vəd edilib. Həmin pullar o zaman böyük miqdarda vəsait hesab olunub.
Aviatorlar əmanəti həmin axşam alıblar və ertəsi gün İsgəndəriyyəyə, oradan isə gəmi ilə sirli Ciddəyə gediblər. Təbii ki, hər şey ingilisin təsvir etdiyi kimi gözəl olmayıb, amma vətəni olmayan insanların başqa seçimi də yox idi. Ciddədə nasaz təyyarələr əməlli-başlı problem olub. Belə ki, səhradan gələn qum fırtınaları təyyarələrin mühərrik hissələrini yararsız hala salıb, boyalar soyulub və filtrlər təmiz tıxanıb.
Digər tərəfdən, artıq geri çəkilməyə yer də olmayıb. Tədqiqatçı Sergey Balmasovun “Rus şeytanları Məkkə səmasında” məqaləsində yazıb ki, aviatorlar qollarını çırmalayıb, üç ay ərzində üç təyyarəni təmir ediblər və Hicazdan kursantlar hazırlamağa başlayıblar. Lakin ilin sonuna qədər səlahiyyətlilər rusların təcrübəli pilotlar kimi cəbhə xətti üzərində kəşfiyyat uçuşlarına başlamalarına israr ediblər.
Bu çoxlarının xoşuna gəlməyib və ilk uçuşlardan sonra bir neçə pilot istefa verib, lakin dərhal onları əvəz edəcək başqa muzdlular tapılıb. Aviasiya tarixçisi Marat Abdulxadiroviç Xayrulin öz əsərlərində yazıb ki, Şirokovla eyni soyadlı İvan İvanoviç Şirokov adlı bir adam Səudiyyə tərəfində döyüşüb. Birinci dünya müharibəsi və vətəndaş müharibəsinin bu cəsarətli veteranı Rusiya imperiyasında da pilot olub, qırmızılara, sonra ağlara xidmət edib, lakin Necd və Hicaz arasındakı müharibədən sağ çıxa bilməyib. 1923-cü ildə ərəblərə əsir düşüb və öldürülüb.
Müqəddəs şəhər uğrunda döyüş
Altı cildlik “Şərq tarixi”ndə deyilir ki, sultan Əbdül ibn Əbdürrəhman hücuma keçərək Əl-Haşiminin ordusunu darmadağın edib. Bu vaxta qədər ingilislər padşahdan üz döndəriblər, Əl-Haşimi oğlu Əlinin xeyrinə taxtdan əl çəkib, lakin artıq gec olub. 1924-cü il oktyabrın 13-də səudiyyəlilər Məkkəni işğal edərək Hicazı fəlakətin astanasına qoyublar. Sonra gənc kral Əli Məkkəni bombalamağı əmr edib.
Qərarın təsirini yumşaltmaq üçün Hicazın ruhani liderlərindən biri “kralın xeyir-duası” ilə rusların İslam dünyasının paytaxtını bombalamağa icazə verilməsi üçün fətva verib. Təbii ki, “kafirlərə” İslamın ən müqəddəs yeri olan Kəbənin yerləşdiyi Əl-Həram məscidinin yaxınlığındakı şəhəri bombalamaq qadağan edilib. Onlardan düşmən süvarilərini qorxutmaq və düşmən konsentrasiyalarını bombalamaq tələb olunub. Məkkənin bombalanmasının əsas qəhrəmanı polkovnik Şirokov olub.
Ərəblərin hava bombaları olmayıb, ona görə də təyyarəyə qumbaralar və mərmilərdən hazırlanmış əldəqayırma bombalar yüklənib. Müşahidəçinin mövqeyi pulemyotla təchiz edilib və pulemyotçu əlavə olaraq düşmənlərə atəş açıb. Tezliklə Şirokova “şeytan” ləqəbi verilib. Mühərrikin səsi və partlayışlar dəvələri qorxudub. Nəticədə səudiyyə süvariləri qaçıb və polkovnik onların ardınca təslim olmağa çağıran vərəqələr atıb.
Nikolay Şirokov ölənə qədər Məkkə üç ay bombardman edilib. Yalnız 1925-ci il yanvarın 18-də onun təyyarəsi havada partlayıb. Ola bilsin ki, bomba partlayıb, lakin belə bir versiya var ki, polkovnik təxribatın qurbanı olub və təyyarə qəsdən partladılıb.
Ancaq Məkkənin bombalanmasının heç bir təsiri olmayıb. Hicaz 1925-ci ilin sonunda təslim olub. Əli İraqa qaçıb və ölkə Səudiyyə Ərəbistanının ilk kralı Əbdül-Əziz ibn Əbdülrəhman ibn Feysəl Əl Səuda beyət edib.
Bir çox rus pilotların və mexaniklərin taleyi məlum deyil. Kapitan Bobrov əsir düşüb və Ərəbistanın fəthini davam etdirən İbn Səud üçün döyüşüb. Buna baxmayaraq o, ərəblər tərəfindən səhrada öldürülüb.
Mexanik Maksimov da tutulsa da, sağ qalıb və 1934-cü ilə qədər səudiyyəlilər üçün təyyarələr təmir edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ