Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər Qarabağ zəfərindən sonra kompleks və sistemli yanaşmanın vacibliyini vurğulayır
Vətən sevgisi hər bir insanın qəlbində doğulandan başlayaraq formalaşan ən ülvi hisslərdəndir. Xalqın milli ruhunu yaşadan, onun kimliyini qoruyan bu hissin tərbiyəsi, xüsusilə gənc nəslin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda məktəblərdə vətənpərvərlik tərbiyəsi dövlətin əsas prioritetlərindən biri olaraq, müxtəlif tədris və tərbiyə formaları ilə sistemli şəkildə həyata keçirilir.
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev “Yeni Müsavat”a deyib ki, vətənpərvərlik mövzusunda ayrıca tədrisə ehtiyac var.
Ehtiram Mehdiyev
Onun sözlərinə görə, bu istiqamətdə təbliğat işi aşağı siniflərdən başlanmalıdır: “Təbii ki, bizim gənclər vətənpərvərdir. 44 günlük müharibəyə könüllü gedən minlərlə gənc bunu sübut etdi. Yaşlı nəsildə tərəddüd var idi ki, indiki cavanlar döyüşməzlər, " Z" nəslinin uşaqlarıdır, sosial mediaya, əyləncəyə aludə olublar... Amma onlar bunun yanlış təsəvvür olduğunu sübut etdilər. Bununla belə, yeni nəslin vətənpərvərlik duyğularının inkişafı üçün daha kompleks işlər aparılmalıdır. Çünki bəzi hallarda kənar təsirlərə uyurlar, xaricdən ölkəmizə ixrac olunan səhv ideyaların arxasınca düşürlər. O baxımdan daha ciddi iş aparılmalıdır. Eyni zamanda dövlətin bu sahədə konkret proqramı olmalıdır".
E.Mehdiyev bildirib ki, vətənpərvər nəsil yetişdirməsək, tarixin növbəti mərhələlərində ciddi boşluqlar meydana gələ bilər: “Cənab Prezident məsələ qaldırdı ki, yeni ideya verin. Qarabağın işğalı faktına son qoyduq, xalqın milli dərdi bitdi, indi yeni ideya lazımdır. Məncə, yeni ideyalardan biri də gənclərin və yeniyetmələrin milli ruhda böyüməsi üçün konsepsiya qəbul edilməsi ola bilər”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov isə fikirlərini belə izah edib: “Məktəblərdə vətənpərvərlik hisslərinin tərbiyəsi Azərbaycan təhsil sisteminin əsas ideoloji istiqamətlərindən biri kimi müəyyən edilsə də, bu sahədə tətbiq olunan mexanizmlər, metodoloji yanaşmalar və pedaqoji vasitələr həm məzmun, həm də forma baxımından dərin təhlil tələb edir. Vətənpərvərlik təkcə tarixi bilik və simvollarla məhdudlaşan bir kateqoriya deyil, şəxsiyyətin milli-mənəvi dəyərlərə, dövlət və cəmiyyətə münasibətini, sosial məsuliyyətini və milli identikliyi formalaşdıran çoxsahəli psixopedaqoji prosesdir. Təəssüf ki, bu proses Azərbaycan məktəblərində çox zaman formal, tədbirvari və səthi şəkildə həyata keçirilir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 4.1.3-cü maddəsində qeyd olunur ki, təhsil milli və ümumbəşəri dəyərlərə əsaslanmalı, şəxsiyyətin və cəmiyyətin harmonik inkişafına xidmət etməlidir. Həmçinin “Ümumtəhsil məktəblərində tərbiyə işinin aparılması haqqında” təlimatda vətənpərvərlik tərbiyəsi əsas istiqamətlərdən biri kimi müəyyən olunmuş, bu sahədə məktəb psixoloqlarının, sinif rəhbərlərinin və tərbiyə işləri üzrə direktor müavinlərinin rolu vurğulanıb. Lakin bu normativ sənədlər məktəb praktikası ilə uzlaşmadıqda və ya onların tətbiqi səmərəsiz olduqda, hüquqi baza real təsir gücünü itirir. 2021-ci ildə “Azərbaycan Gəncliyi və Vətənpərvərlik Tərbiyəsi” adlı sosioloji araşdırmaya əsasən, şagirdlərin yalnız 44%-i öz məktəblərində aparılan vətənpərvərlik işlərini yetərli hesab edib. Həmçinin sorğuda iştirak edən 9-cu və 11-ci sinif şagirdlərinin 38%-i belə tədbirlərin yalnız “bayramlarda və icbari proqramlarda” keçirildiyini bildirib.
Bu statistika göstərir ki, vətənpərvərlik tərbiyəsi sistemli və gündəlik tərbiyə prosesinin deyil, daha çox simvolik və epizodik tədbirlərin obyektinə çevrilib. Məktəblərdə bu sahədə aparılan işlər əsasən aşağıdakı formalarda icra olunur: dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlər, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, məktəbdəki guşələrdə qəhrəmanların şəkilləri və tərcümeyi-hallarının nümayişi. Bu fəaliyyətlər forma baxımından təqdirəlayiq sayılsa da, məzmun baxımından çox zaman şagirdin şəxsi təcrübəsi ilə əlaqələndirilmir, müzakirə və refleksiya imkanları yaradılmır. Nəticədə şagird vətənpərvərliyi duyğu yox, əzbərlənmiş informasiya kimi qəbul edir. Əlavə olaraq, dərsliklərdə və proqramlarda bu mövzuya ayrılmış bölmələr çox zaman tarixi faktlarla, milli qəhrəmanların adı ilə və ya siyasi ritorika ilə məhdudlaşır. Halbuki vətənpərvərlik təkcə hərbi qəhrəmanlıqla deyil, əmək əxlaqı, sosial məsuliyyət, milli mədəniyyətə bağlılıq, ekoloji şüur və dövlətə qarşı vətəndaş münasibətilə formalaşmalıdır".
Dünya təcrübəsinə diqqət çəkən ekspert qeyd edib ki, Finlandiya və Yaponiyada vətənpərvərlik məktəb mühitinin özündə sistemli şəkildə tətbiq olunur: “Məsələn, Yaponiyada ibtidai sinifdən etibarən şagirdlər məktəb binasının təmizliyində, bayrağın qaldırılması mərasimində və məktəbdaxili sosial qaydaların tətbiqində birbaşa iştirak edirlər. Bu, onların vətənə, dövlətə və ictimai mülkiyyətə məsuliyyət hissini praktik şəkildə formalaşdırır. Bizdə isə bu tip fəaliyyətlər ya yoxdur, ya da pilot xarakter daşıyır. Müsbət məqam ondan ibarətdir ki, 2020-ci il Vətən müharibəsindən sonra bu sahədə müəyyən canlanma müşahidə olunur. Məktəblərdə şəhid guşələrinin yaradılması, qazilərlə görüşlərin təşkili, "Şəhidlərə məktub", “Vətənim Azərbaycan” kimi layihələrin icrası emosional təsir baxımından önəmli addımlardır. Bu tədbirlər bəzi hallarda şagirdlərin real təmas və təəssürat yaşamasına səbəb olur. Lakin bu təşəbbüslərin çoxu layihəyönümlü olduğundan, onların davamlılığı və sistemliliyi təmin olunmur. Hazırkı yanaşma dəyişmədikcə məktəblərdə vətənpərvərlik tərbiyəsi şagirdin real həyat davranışına və şəxsiyyət inkişafına təsir edə bilməyəcək. Bu sahənin gücləndirilməsi üçün ilk növbədə pedaqoji kadrlara bu istiqamətdə metodiki hazırlıq verilməli, kurikulumda vətənpərvərlik anlayışı fənlərarası inteqrasiyanın mərkəzinə yerləşdirilməlidir. Eyni zamanda sosial fəaliyyətlər - könüllülük, xeyriyyəçilik, ictimai layihələr-məktəb mühitinə daxil edilməli və şagirdlərin gündəlik iştirakına çevrilməlidir.
Vətənpərvərlik nə təkcə savaşda, nə də yalnız bayramda olur. O, şagirdin həyat tərzinə, qərarlarına, dəyərlərinə və davranışına hopmuş şüurlu mövqedir. Məktəb bu mövqeni formalaşdırmaq üçün sadəcə rəmzlərə, tədbirə deyil, məzmuna, sistemə söykənməlidir. Təhsilin yalnız məlumat ötürən yox, şəxsiyyət formalaşdıran funksiya daşıdığı nəzərə alınsa, vətənpərvərlik tərbiyəsi bu missiyanın ideoloji özəyinə çevrilməlidir. Əks halda, şüarlarla bəslənən gənc Vətəni real həyatda müdafiə edə bilməz".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ