İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mirqrantlar ölkəsi”ndə yeni “yerli-gəlmə” davası– Trampın siyasəti müqavimətlə üzləşir

Qızıldərililərin vətəni olan, sonradan gəlmələrin, immiqrantların məskunlaşma yerinə çevrilən Amerika Birləşmiş Ştatlarında indi yeni immiqrantlara qarşı aparılan savaş tarixi aspektdən baxanda qəribədir.
Hazırda müasir amerikalılar dünyanın hər tərəfindən, xüsusilə Cənubi Amerikadan gələn mühacirlərin onların yerini dar etdiyini, çoxsaylı problemlər yaratdığını düşünür və bu zaman yada salmırlar ki, bir neçə yüz il əvvəl onların əcdadları da yeri hindu qəbilələrin başına daha betər oyun açıb, onları öz əzəli yurdlarından didərgin salıblar.

Hətta indiki “yerlilər”in vəziyyəti yaxşıdır, qanun, güc, silah öz əllərindədir və əliyalın immiqrantlarla effektiv mübarizə apara bilirlər. Xristofor Kolumbun Amerika qitəsini kəşf və fəth etməsindən sonra buraya axışan immiqrantlar isə silahlı, güclü idilər və yerli xalqı qırıb-çata, soylarını quruda, sağ saxladıqlarını rezervuarlara doldura bilirdilər.

besp-4.jpg (451 KB)

Bu qitədə yenə “yerlilər” və “gəlmələr”in, daha dəqiqi, “köhnə gəlmələr”lə “yeni gəlmələr”in davası gedir. Amerikanın aborigen xalqlarının çoxunun soyu isə çoxdan quruyub. Orda-burda bir ovuc hindu qəbiləsi mövcudluğunu birtəhər qoruyub saxlayıb.

Bu xüsusda yeni yayılan xəbər ondan ibarətdir ki, ABŞ-də immiqrasiya əleyhinə etirazlar Kaliforniyadan kənara da yayılıb. Sietldə polis nümayişçiləri dağıdıb, Spokanda isə səlahiyyətlilər saat 21:30-dan səhər saat 5-ə qədər komendant saatı tətbiq ediblər.

Bunun belə olacağı hələ keçən ilin bu vaxtlarından bəlliydi. Ayrı-ayrı ştatlarda seçicilərlə keçirilən izdihamlı görüşlərdə Donald Tramp immiqrasiya siyasətini sərtləşdirəcəyi, qanunsuz miqrantları ölkədən qovacağı, yenilərin gəlməsinin qarşısını alacağı barədə alovlu çıxışlar edir və xalq tərəfindən alqışlarla qarşılanırdı.

besp-1.JPG (48 KB)

Əslində Trampın seçki triumfunun iki başlıca səbəbindən biri məhz bu ritorika idi, o biri isə yerdə qalan amillərin toplusudur. Amerika xalqı onu məhz “miqrant problemi”ni həll etməkdə qərarlı olduğuna və bu vədini yerinə yetirəcəyinə inandığı üçün prezident seçib. Milyonlarla amerikalı, demək olar ki, bütün ştatlarda şəhərləri basmış miqrant kütləsindən bezar olmuş hala gəlmişdi. Bu da səbəbsiz deyildi, çünki çoxu işsiz-gücsüz olan miqrantlar dolanışıq üçün maddi vəsait əldə etmək naminə narkotik satışıyla, quldurluqla, hər cür cinayət əməli ilə məşğul olur, kriminogen durumu ağırlaşdırırlar.

Amerikalı seçicilər Trampın bu problemi həll edəcəyini gözləyərkən immiqrantların müqavimətə qalxacağını və yeni bir problem yaradacağını gözləmirdilər. Budur, indi onlar itaətsizlik edən, önlərinə çıxan hər şeyi qırıb-dağıdan, yandıran iğtişaşçılarla üz-üzədir. Onlar qrup şəkildə hərəkət edirlər, üstəlik, həbs edilmiş soydaşlarını məhkəmə binasından xilas etməyə cəhd edəcək qədər də cəsarətlidirlər.

Əslində Tramp “milli qvardiyanın əsgərlərini Kaliforniyaya göndərməsəydim, Los-Anceles külə dönəcəkdi” deyərkən haqlıdır. Doğrudan da başıpozuq dəstələr yaxın keçmişdə Fransada olduğu kimi kütləvi şəkildə tikililərə və avtomobillərə od vuracaqdılar. Bu sayaq iğtişaşlar od-alovsuz ötüşmür.

besp-2.jpg (65 KB)

Bir ABŞ deyil, Avropa ölkələrində də anti-immiqrasiya siyasəti sərtləşdirilib, hər gün gəldikləri ölkələrə deportasiya edilən miqrantların sayı-hesabı yoxdur. Ayrı-ayrı ölkələr sərhədlərinə ciddi nəzarət edir və qaçaq yolla ölkə ərazisinə daxil olmaq istəyən mühacirlərin qarşısını alırlar.

Rusiyanın anti-miqrant siyasətinin artıq əndazələri aşdığı hər gün bu mövzuda yazılan xəbərlərdən bəllidir.
Bir sözlə, müharibə gedən, kasıblıq hökm sürən ölkələrdən firavan ölkələrə miqrant axını qlobal fəlakət həddinə çatıb. Trampın bunun qarşısını hərbi güclə almaq istəməsi və sərt müqavimətlə üzləşməsi göstərir ki, milyonlarla insanın başqa yolu yoxdur, onlar öz ölkələrinə qayıtmaq istəmirlər.

Söz yox, ötən əsrlərdə olduğundan fərqli olaraq bu dəfə immiqrantlar Amerikanı “fəth” edə bilməyəcəklər. Qüvvələr qeyri-bərabərdir. Bir tərəfdə parakəndə dəstələr, o biri tərəfdə bir komandaya tabe olan mütəşəkkil silahlı birləşmələr var. Münaqişə küçə atışmasına qədər irəliləsə, hərbi birləşmələr heç kəsin gözünün yaşına baxmayacaq, qırdıqlarını qıracaqlar, sağ qalanları Quantanamo, Alkatras kimi həbsxanalara dolduracaqlar, məsələ bitəcək.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR