Onlayn ictimai-siyasi qəzet
Sərlövhədəki sualı 2020-ci ilin 27 sentyabrından keçən 5 ildə özümə dəfələrlə vermişəm: niyə məhz həmin gün? Bu bir təsadüfi gün seçimi ola bilməzdi, həm də söhbət miqyaslı müharibə qərarından gedirdisə...Bəs 44 gün, 8 noyabr tarixləri necə, dəqiq hesablama idi, yoxsa?
Statistiklər və ya tarixi yazan səlnaməçilər üçün müharibənin başlaması səbəbi bəllidir-həmin gün Ermənistan yenidən mövqelərimizi ağır silahlardan atəşə tutmuş, ordumuz itkilər vermişdi. O da bəllidir ki, 2020-ci ilin iyulunda Ermənistan dövlət sərhədini Tovuz istiqamətində pozmuş, general-mayor Polad Həşimov və bir neçə hərbçimiz həlak olmuşdu. Avqustda isə Ermənistan növbəti hərbi təxribata əl atmış, terror aktı törətmək üçün ölkəmizə diversiya qrupu göndərmişdi.
Prezident Əliyev yəqin ki, 2020-ci ildən çox əvvəl Ermənistanın torpaqları danışıqlarla qaytarmayacağını tam qətiləşdirmişdi, ona görə 27 sentyabra sadəcə, statistik tarix kimi baxmaq olmur. O günə gedən uzun bir hazırlıq, çətin bir yol vardı. Daha bir tarixi yada salaq: Vyanadakı nəticəsiz mart görüşündən 3 ay sonra, avqustda Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi gərginliyi daha da artırmışdı. Prezident həmin ilin oktyabrında keçirilən MDB dövlət başçılarının Düşənbə sammitində və Valday klubunun təşkil etdiyi toplantıda, eləcə də 2020-ci ilin fevralında Münhendəki debatda Paşinyanın cavabını sərt vermişdi.
Prezidentin müharibədən az əvvəlki çıxışlarını tapıb oxuyun. O, barışmaz və sərt mövqeyini az qala hər gün ortaya qoyurdu. Bu əlbəttə ki, emosiya deyildi, müharibəyə hazırlığın anonsu və xəbərdarlıq idi. Bütün ağırlığı (koronavirus pandemiyası) və gərginliyi ilə 2020-ci il 27 sentyabr Azərbaycanın məğlubiyyət tarixinin son günü, Qələbəyə aparacaq qızıl payızın başlanğıcı idi...
İlham Əliyev Qarabağ danışıqlarında hələ mərhum Heydər Əliyevin hakimiyyəti dövründə qeyri-rəsmi iştirakçı olduğu bilinən faktdır. Hakimiyyətə gəldiyi 2003-cü ilədək o, Qarabağ danışıqları haqda ən azı hər iki ölkənin xarici işlər nazirləri qədər məlumatlı idi...Yəni Əliyev Ermənistanın və həmsədr ölkələrin tutduğu mövqedən, masada olan “həll variantlarından” prezident olmazdan əvvəl də yaxşı xəbərdar idi. “İnqilabçı” Nikol Paşinyanın bəxti ona görə qara gətirdi ki, Əliyevin yalançı vədlərə qulaq asmağa zamanı və səbri daha qalmamışdı.
Erməni hakimiyyəti (və onun arxasındakı dövlətlər) yalançı tarixlərini, mənasız “ikinci dövlət” arzularını alt-üst edəcək təhlükəni bəlkə də ciddi qəbul etmədilər, Əliyevin səbrini tükətdiklərinin, əsəblərini çeynədiklərinin fərqində ola bilmədilər. İndi ona görə 5 ildir ki, hələ də İrəvanda günahkar axtarırlar: “Niyə müharibə qaçılmaz oldu, niyə...” Yəqin tarixlərində əbədi olaraq qara rəngdə qalacaq “niyə 27 sentyabr” sualını da özlərinə verirlər. Sirr-filan yoxdur- danışıqlarda qarşı-qarşıya oturduqları Prezidentin və onun ordusunun nələrə qadir ola biləcəyini hesablaya bilmədilər, ya da görməzdən gəldilər. Məğlubiyyətlərinin əsas səbəbi həm də budur!
...Azərbaycan xalqı torpaqlarının işğaldan azad olması üçün əmr gözləyirdi və bu sadəcə, söz deyildi. Əliyev bu savaş hazırlığında bunları təhlil etmişdi, xalqa da, orduya da güvənirdi, ona görə müharibənin az qala hər gününü planlaşdırmaq mümkün oldu. Bir nəfər belə erməni ordusunun qarşısından qaçmadı, Azərbaycan xalqı, ordusu ona verilmiş tarixi şansı qaçırmadı, öz qanı və canı bahasına yeni tarix yazdı!
İtkilərimiz ağırdır... Onları heç unutmayacağıq. Yaşadığımız 30 illik işğalın mənəvi ağırlığı bundan 30 dəfə ağır idi bu xalq üçün. Şəhidlərimiz bu ağırlığı öz çiyinlərinə götürdülər ki, biz, bizdən sonrakı nəsillər alnıaçıq yaşasınlar bu torpaqlarda. Onlar Birinci Qarabağ müharibəsində şəhid olan atalarının, əmilərinin, qardaşlarının, dayılarının, qohumlarının, ancaq adını eşitdiyi qəhrəmanların qanlarının batmasına imkan vermədilər!
Bunu həmişə yazıram: 2020-ci ilin 27 sentyabrında başlayan müharibənin üç simvola çevrilən qəhrəmanı var. Birincisi, əlbəttə ki, qəhrəman qardaşlarımız-şəhidlərimiz və qazilərimizdir. İkinci qəhrəman o oğulları böyüdən ana və atalardır. Üçüncü qəhrəman bu prosesi mükəmməl zəka və bacarıqlı aparan, nəhayətində, Azərbaycanın tam suverenliyini bərpa etmiş Prezident İlham Əliyevdir...
Nazim SABİROĞLU,
Musavat.com
27 Sentyabr 2025
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ