Onlayn ictimai-siyasi qəzet
Bu gün-sentyabrın 27-si Azərbaycan xalqının Vətən savaşına başlamasının 5-ci ildönümüdür. 27 sentyabr 2020-ci il - Azərbaycan tarixində xüsusi bir gündür. Bölgədə, bütövlükdə Türk dünyasında yeni reallıqların əsası məhz bu gün qoyuldu. Həmin gün Ermənistanın bütün cəbhə boyunca təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma başladı. Bu gün canlarını Qarabağ və ərazi bütövlüyümüz uğrunda qurban vermiş şəhidlərimizin, eləcə də 2-ci Qarabağ müharibəsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının Anım günüdür. 27 sentyabr Anım Günündə saat 12:00-da ölkə ərazisində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Şəhidlərimizin məzarları ziyarət olunacaq.
Sentyabrın 27-dən başlayan və böyük Zəfərə aparan, həqiqi mənada bölgənin taleyini dəyişən möhtəşəm 44 gün tarixə “qızıl hərflər”lə yazıldı. Yenə məhz şəhidlərimiz, qazilərimiz, veteranlarımız hesabına və təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin mifik “məğlubedilməz ordusu” qısa zamanda darmadağın edildi, cəmi ay yarım ərzində düşmən kapitulyasiya sənədini imzalamalı oldu. Ağlasığmaz dərəcədə qısa bir müddətdə əldə edilən bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Bu qələbə həm də Azərbaycan xalqının 30 il əvvəl əzilmiş qürurunu, əzmini geri qaytarmış oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.
Prezident İlham Əliyev sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib ki, 30 ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.
Sitat: “Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi”.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, 27 Sentyabr xalqımızın milli birliyinin və qəhrəmanlıq salnaməsinin tərənnümüdür: “Azərbaycan xalqının tarixinin ən qürurlu günlərindən biri bu gündür. Bu gün Azərbaycan xalqının uşaqdan böyüyə qədər Vətən torpaqlarını işğaldan azad etmək üçün ayağa qalxdığı gündür. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizn qanı-canı bahasına, xalqımızın iradəsi, Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi hesabına məhz 27 sentyabrdan başlayaraq azad edildi. Qanları ilə şanlı tarix yazan gənclərimiz şərəfli missiyanı uğurla yerinə yetirdilər. Xalqımız hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur. Bu gün hər bir azərbaycanlı Anım Gününü qürurla qeyd edir. Xalqımız dövlətinin və Prezident İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləyir”.
Millət vəkili qeyd edib ki, 27 sentyabr dünyaya yeni bir Azərbaycanın doğuşu tarixi oldu və yeni reallıqların başlanğıcına çevrildi və artıq Azərbaycanın qarşısında yeni hədəflərə çatmaq dayanır: “Azərbaycan işğaldakı ərazilərini azad etdi. Artıq bu gün ölkəmiz qarşısında dayanan ən önəmli məsələlərdən biri, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 23 saatlıq anti-terror əməliyyatında azad etdiyimiz rayonaraımıza, şəhərlərimizə, kəndlərimizə Böyük Qayıdışı Proqramının uğurla icra olunmasıdır. İlk növbədə Böyük Qayıdış proqramının tam icra olunması və Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının, təkcə Azərbaycanın deyil, bütövlükdə bölgənin iqtisadi mərkəzlərindən birinə çevrilməsidir. Bu şübhəsiz ki, yaxın strateji hədəfdir və bu hədəfə doğru da inamla addımlayırıq. Başqa bir mühüm məqam Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, Naxçıvanla maneəsiz əlaqəmizin təmin edilməsi və bölgənin ölkənin iqtisadi məkanına tam transformasiya edilməsinin təmin olunmasıdır.
Qeyd edim ki, Naxçıvanın böyük iqtisadi potensialı var və Zəngəzur dəhlizinin reallaşması və maneəsiz əlaqənin təmin edilməsi bu potensialın bütövlükdə Azərbaycan iqtisadiyyatına töhfə verməsinə və büdcənin yükünün azaldılmasına zəmin yarada bilər. Təbii ki, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, müasir Azərbaycan gəncliyinin timsalında milli burjuaziyanın formalaşdırılması, rəqəbatədavamlı və həm də milli kadrların yetişdirilməsi də, zənnimcə əsas hədəflərdən biri olmalıdır. Yeni reallıqlarda başqa bir mühüm məqam Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının qorunması və bu istiqamətdə mümkün nəticələrin əldə edilməsidir. Digər mühüm strateji hədəf, cənab Prezidentin elan etdiyi kimi Türk Dünyası ilə bağlıdır. Dövlətimuzun başçısı “Bizim ailəmiz Türk Dünyasıdır” deməklə, əslində təkcə Azərbaycan Respublikasında yaşayan həmvətənlərimiz üçün deyil, bütün dünya türkləri üçün bir hədəf, bir yol xəritəsi müəyyənləşdirib. Bu, olduqca ciddi bir geostrateji baxış bucağıdır və təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qarşılıqlı əlaqələrinin inkişafını nəzərdə tutmur. Bütövlükdə Türk Dünyasının mənəvi-mədəni bütövlüyünün təmin edilməsini və dünyada yaşayan bütün türklərin özlərini bu ailənin ayrılmaz bir parçası kimi hiss etməsini nəzərdə tutan baxış bucağıdır. Türk Dövlətləri Təşkilatı dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməli və mövcud olduğu coğrafi ərazidə inkişafın lokomotivinə, təhlükəsizliyin təminatçısına çevrilməlidir. Təkcə bizim deyil, 250 milyon və daha çox insanın milli identikliklərinin qorunması və mədəniyyətimizin əbədiliyinin təmin edilməsi üçün Azərbaycanın baxış bucağı strateji əhəmiyyət kəsb edir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ