İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibi dünyanı gözləyən təhlükədən danışdı

Əgər Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvana hərbi müdaxilə qərarı verərsə və onun müttəfiqi Vladimir Putin eyni vaxtda Avropada NATO ölkələrinə hücum edərsə, üçüncü dünya müharibəsi baş verə bilər.

Musavat.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte “The New York Times”a müsahibəsində bildirib.

“Si Cinpinin Tayvanı ələ keçirmə planlarının yalnız iki ölkə ilə məhdudlaşacağına inanmaq sadəlövhlük olardı. Əgər Cinpin Tayvana hücum etsə, o, əvvəlcə Moskvadakı kiçik ortağı Vladimir Putinə zəng vuracaq və deyəcək: “Mən bu addımı atıram, sən isə Avropanı yayındırmaq üçün NATO ərazisinə hücum etməlisən””, - Rütte qeyd edib.

Mark Rütte xatırladıb ki, Si Cinpin və Vladimir Putin Ukraynaya qarşı müharibə fonunda dəfələrlə “sərhədsiz tərəfdaşlıq” vurğulayıblar.

NATO baş katibinin sözlərinə görə, Çinin Rusiyanın bu müharibədə uduzmasına yol verə bilməyəcəyi barədə işarələr artır. Çünki Pekinin Tayvanla bağlı öz strateji planları da məhz bu münaqişənin nəticəsindən asılıdır.

Amerikalı və tayvanlı analitiklərin proqnozlarına görə, Pekin Tayvana genişmiqyaslı hərbi müdaxilə qərarını 2027-ci ilə qədər verə bilər.

Rütte qeyd edib ki, “Rusiya–Asiya-Sakit okean bölgəsi” bağlantısının real nəticələri artıq Ukrayna müharibəsində görünür: Moskva İranın pilotsuz uçuş aparatlarını alıb, Şimali Koreya isə Qərb xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiyaya yardım məqsədilə 12 mindən çox hərbçi göndərib. Avropa İttifaqı, həmçinin, Çin şirkətlərini Rusiyanın hərbi sənaye kompleksinə dəstək verməkdə ittiham edir.

“Atlantik və Hind-Sakit okean bölgələri arasında əlaqə getdikcə güclənir. Biz bilirik ki, Çin Tayvana baxır və belə bir geosiyasi vəziyyətdə müdafiə xərclərinə köhnə yanaşmalarla davam edə bilmərik”, - deyə Mark Rütte vurğulayıb.

NATO baş katibi Qərb ölkələrini yalnız Avropada Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün deyil, eyni zamanda Çin ambisiyalarını da cilovlamaq məqsədilə vahid cəbhə kimi çıxış etməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR