Onlayn ictimai-siyasi qəzet
“Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinin bariz göstəricisinə çevrildi”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Zirvə çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqının, böyük dövlətlərin və region ölkələrinin liderləri ilə keçirdiyi görüşlər bir daha təsdiqlədi ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində, regional sabitlikdə və nəqliyyat-logistika əlaqələrində əvəzsiz tərəfdaşdır.
“Prezident İlham Əliyevin həm Moldova, İtaliya, Niderland, Ukrayna, Fransa kimi dövlətlərin liderləri, həm də Avropa İttifaqı rəhbərliyi ilə apardığı müzakirələr bir neçə strateji xətti ortaya qoydu. Birincisi, Azərbaycanın enerji resursları Avropanın sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
İkincisi, ölkəmizin təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz və digər nəqliyyat layihələri Avropanın gələcək iqtisadi dayanıqlığının əsas sütunlarından biri olacaq.
Üçüncüsü və ən önəmlisi isə Ermənistanla sülh gündəliyi üzrə əldə olunmuş nəticələr bütün region üçün yeni bir mərhələnin başlanğıcıdır”, - deyə Vüqar İskəndərov diqqətə çatdırıb.
O qeyd edib ki, Zirvə çərçivəsində müxtəlif liderlərin Prezident İlham Əliyevə sülh gündəliyi ilə bağlı təbriklərini çatdırması həm Azərbaycanın konstruktiv siyasətinə beynəlxalq dəstəyin göstəricisidir, həm də regionda artıq sülhə inamın gücləndiyini təsdiqləyir.
“Azərbaycan təkcə enerji və iqtisadi gücü ilə deyil, həm də sülhü təşviq edən mövqeyi ilə Avropada ciddi rəğbət qazanıb. Bu, ölkəmizin beynəlxalq aləmdə formalaşdırdığı yeni imic - etibarlı tərəfdaş, sözünə sadiq dövlət imicinin ən parlaq təsdiqidir”, - deyə deputat vurğulayıb.
Cavanşir ABBASLI
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ