İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başa düşdülər ki, Azərbaycanla hesablaşmadan regionda nəsə əldə etmək mümkün deyil”- Professor

Azərbaycan Prezidenti İlham Əliyevin Danimarkaya işgüzar səfəri davam edir. Dövlət  başçısı Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirak məqsədilə Avropaya səfəri çərçivəsində Kopenhagendə mühüm görüşlər keçirir. Qeyd edək ki, bu görüşlər də, 10 gün əvvəl Nyu-Yorkda olduğu kimi, qarşı tərəfin təşəbbüsü və müraciəti əsasında baş tutur.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a şərh verərkən mühüm məqamlara toxunub: "Azərbaycan beynəlxalq siyasi müstəvidə xüsusi söz sahibi olan bir dövlətdir. Avropanın bir çox ölkələri ilə yaxın münasibətlərin qurulması və ölkəmizin Avropanın enerji təchizatında mühüm oyunçularından birinə çevrilməsi, Azərbaycanın siyasi çəkisini yetərincə artırır. Biz bu gün artıq Avropaya neftdən, qazdan dolayı, üçüncü enerji məhsulu olan yaşıl enerjinin yaxın gələcəkdə ixrac edilməsi üzərində iş aparırıq. Bu isə bizim Qoca qitə ilə ilişkilərimizin daha genişlənməsinə aparan bir yoldur.

Bu sırada Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh müqaviləsinin paraflanması Avropanın siyasi dairələrində yüksək qiymətləndirilir".

Professor qeyd edir ki, Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçılarının iştirak etdiyi 7-ci Zirvə toplantısına dəvət olunması Azərbaycana Avropa siyasi dairələrinin münasibətinin ifadəsidir:

"Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Bu səbəbdən Azərbaycanla hesablaşmadan kimsə özünü bu regionda sərbəst və rahat hiss edə bilməz. Uzun müddət Fransa başda olmaqla bir sıra Avropa ölkələri Azərbaycana təzyiqlər etmək yolu ilə bu regiondan nələrisə əldə etməyə çalışsalar da buna nail ola bilmədilər və sonda inandılar ki, Azərbaycanla münasibətləri nizama salmağın ən yaxşı yolu sağlam əlaqələrin qurulmasından keçir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu səfər çərçivəsində bir sıra dövlətlərin başçıları ilə görüşlər keçirib həm siyasi və həm də iqtisadi məsələləri müzakirə etməsi olduqca önəmlidir. Artıq Avropanın siyasi dairələri də anlayırlar ki, Azərbaycan öz dəsti-xətti ilə Qərbə üz tutur və bu səbəbdən də Azərbaycana qarşı belə diqqətli münasibət sərgiləyirlər".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR