İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərli göbələk faciəsi: Bir səhv həyatınıza son qoyar

Payız fəslinin gəlişi ilə təbiətdə göbələklərin bolluğu başlayır. Çox insan meşələrdə, dağlarda və kənd ərazilərində yabanı göbələkləri toplayır. Lakin təbii göbələklərin istifadəsi ciddi risklər daşıyır. Düzgün tanınmadıqda və yanlış hazırlandıqda göbələklər ağır zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. Dünya üzrə minlərlə göbələk növü var. Amma onların yalnız bir qismi yeməlidir. Çox sayda növ isə zəhərlidir və hətta təcrübəli insanlar da onları səhv sala bilər. Zəhərli göbələklərin tərkibində olan toksinlər yüksək istilikdə belə məhv olmur, qaynatmaq və qızartmaq onları zərərsiz etmir.

IMG_5112.jpeg (290 KB)

Qida üzrə ekspert Asim Vəli Musavat.com-a bildirib ki, zəhərli göbələk yedikdən sonra əlamətlər bir neçə saatdan 1-2 günə qədər özünü göstərə bilər.

Ən çox rast gəlinən əlamətlər ürəkbulanma, qusma, qarın ağrısı, güclü ishal, halsızlıq, başgicəllənmə, qaraciyər və böyrək zədələnməsinin göstəricisi olan sarılıq və sidik problemləridir: “Bəzi hallarda zəhərlənmə çox sürətlə inkişaf edir. Təcili tibbi yardım göstərilməsə, həyat üçün təhlükə yarada bilər. Bu təhlükədən qorunmaq üçün bazardan və etibarlı yerlərdən göbələk almalıyıq. Küçə kənarında və təsadüfi satıcılardan göbələk almaq çox təhlükəli ola bilər. Özbaşımıza meşədən göbələk yığmamaq daha məqsədəuyğun olar”.

Ekspert deyir ki, təcrübəli insanların da səhvə yol verməsi nəticəsində ağır zəhərlənmə halları baş verir: ”Heç bir halda çiy göbələk yeməməliyik. Hətta yeməli göbələklər də çiy halda həzm problemləri yarada bilər. Onları yalnız yaxşı bişirilmiş formada istifadə etməliyik. Göbələklər ağır həzm olunan qidadır. Uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün tövsiyə olunmur. Bəzən bir yeməli göbələyin yanında qarışan kiçik zəhərli növ bütün yeməyi təhlükəli hala gətirir. Şübhəli halda dərhal həkimə müraciət etməliyik ki, baş verəcək sağlamlıq probleminin qarşısını əvəldən ala bilək. Göbələk yedikdən sonra hər hansı əlamət yaranarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək lazımdır. Evdə özbaşına müalicə çox təhlükəli haldır”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR