Onlayn ictimai-siyasi qəzet
Tanınmış türkiyəli Youtuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib. O, adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib.
“Azərbaycanda ”Qalatasaray"ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?" - Öztürklər bildirib.
Sirr deyil ki, Azərbaycanda Türkiyənin aparıcı futbol klublarının kifayət qədər fanatı da var. Bəs yutuberin də haqlı qeyd elədiyi bu fərqli yanaşma nədən qaynaqlanır - “böyük qardaş” kompleksindənmi? “Səni sevəcəyəm sən sevməsən də”?
Kənan Məstəliyev
İdman yazarı Kənan Məstəliyev “Yeni Müsavat”a dedi ki, qardaş ölkələr olsaq da, bir-birimizi yaxından hələ indi-indi tanıyırıq: ”Bizim gözlədiyimiz Türkiyə ilə onların Türkiyəsi, onların gözlədiyi Azərbaycanla bizim Azərbaycan üst-üstə düşmür. Fərqli baxışlar var. Biz onlara uzun müddətdir ki, böyük qardaş kimi baxsaq da, onlar bizə ümumiyyətlə, qardaş kimi baxmağı hələ öyrənirlər. Türkiyə böyük, dünya çapında proseslərdə iştirak etmiş və etməkdə davam edən bir dövlətdir, eyni zamanda, Osmanlı kimi imperiyanın varisidir. Nə qədər çalışsalar da, bu mirası düşüncələrindən silə bilmirlər. Bunu normal qəbul etmək lazımdır. Vaxt keçməlidir. Mütləq qeyd etmək lazımdır ki, son illərdə bu baxımdan çox müsbət addımlar var. Türkiyədə bizə münasibət xeyli dəyişib, bizi sevirlər, qardaş kimi qəbul edirlər".
Onun fikrincə, hər şey ideal deyil, amma ciddi irəliləyişlər var: “Əminəm ki, zaman ötdükcə hər şey daha yaxşı olacaq. Azərbaycanda türk futboluna olan maraq çox böyükdür, bu səbəbdən qarşılığını eyni görmək istəyimiz də təbiidir. Amma bir şeyi də anlamalıyıq ki, bizim GS, FB və ya BJK kimi böyük klublarımız yoxdur, nəticələrimiz, azarkeş sayımız o qədər böyük deyil. Başımızı uca edən bir ”Qarabağ"ımız var, onun uğurlarına güvənirik. Daha çox komandamız daha çox qələbələr əldə etsə, münasibət təbii halda yüksək olacaq".
Natiq Muxtarlı
Onun həmkarı Natiq Muxtarlı isə fərqli düşünür. O hesab edir ki, futbol şərhçilərinin emosionallıqları sırf onların özlərindən asılıdır: “Türkiyə kanallarında ”Qarabağ"ın oyunlarını emosional şərh edənlər az olmayıb. İnternet resurslarında bunlar hələ də qalır. Təsəvvür edin ki, “Qarabağ”ın “Kopenhagen” zəfərini şərh edən şərhçidən də sosial şəbəkələrdə gördüm ki, narazılıq edənlər oldu. Emosiyanın o olmadığı deyilir. Amma bundan əvvəl də hamı “Benfika” oyununda Tural Dadaşovdan razı qalmışdı. Yəni bu məsələlər sırf şərhçidən asılı olan məsələlərdir. Bunu indi gətirib Türkiyə-Azərbaycan münasibətləri səviyyəsinə çıxarıb müzakirə etməyimiz doğru çıxmaz. Fərdlərlə bağlı olan məsələnin Türkiyə-Azərbaycan dostluğuna nə aidiyyatı ola bilər?
Məsələn, hansısa şərhçi Azərbaycan klublarını sevməyə bilər, bu, normaldır. Azərbaycanda da hansısa şərhçi ola bilər ki, Türkiyə futboluna simpatiyası olmasın. Futbol həm də bir zövq məsələsidir. Sosial şəbəkələrə baxanda görürdük ki, “Qarabağ”ın zəfərini Türkiyənin idman səhifələri, kanalları, bütün populyar mətbu orqanları paylaşırlar, “komandamız 2 oyuna 6 xal yığdı” filan başlıqları verirdilər, bu tipli cümlələr işlədirdilər. Paylaşımların altında türklərin yazdığı şərhlər isə qürurverici idi. İndi görün ki, yaranan son duruma Türkiyənin özündə etiraz edirlər. Bir sözlə, belə məsələlərdə ehtiyatlı olmaq lazımdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ