İnsanlara hürriyət, millətlərə istiqlal!

Çaves-Maduro tandeminin sonu? – ABŞ müdaxiləyə hazırlaşır, Karakası qara qış gözləyir

Beynəlxalq mediada Amerika Birləşmiş Ştatlarının Venesuelanı işğal etməyə hazırlaşdığı barədə xəbər dolaşır.

Bu, qəfil mediaya sızan sensasion xəbər deyil, illərdən bəri gərginləşməkdə olan ikitərəfli münasibətlərin artıq pik nöqtəyə dırmanmasının nəticəsidir.

Elə nəzərdə tutulan əməliyyat barədə informasiyaları da mediaya ABŞ hərbi dairələrinə yaxın mənbələr ötürüb. Görünür, bu, informasiya məkanında başlanmış “artilleriya hazırlığı”dır.

VASİNQ.JPG (30 KB)

“Washington Examiner” nəşri məlumat yayaraq qeyd edir ki, bölgəyə toplanmış qüvvələr Venesuelanın əsas obyektlərini ələ keçirmək üçün kifayətdir və Virgin adaları yaxınlığında müvafiq təlimlər də keçirilib: xüsusi təyinatlılar paraşütlə Karib dənizinə atılıblar, aerodromu ələ keçirməyi məşq ediblər.

Bəllidir ki, hələ prezident Donald Trampdan əvvəl bu postda oturan prezidentlərin - Cozef Bayden, Barak Obama və Corc Buşun (oğul) Venesuela hakimiyyətinə ciddi iradları vardı.

Venesuelanın keçmiş prezidenti, hazırkı prezident Nikolas Maduronun sələfi və himayədarı Uqo Çaves ABŞ dövləti ilə açıq-aşkar intriqa aparırdı. İlk baxışdan özünü “qırmızı inqılabçılar”dan sayan və həmişə qırmızı köynək geyən komandantenin ABŞ ilə mübarizəsi ideoloji planda idi. O, Rusiya, Kuba, Nikaraqua, Liviya, İran, Çin, Şimali Koreya kimi dövlətlərin oluşdurduğu xəyali “anti-ABŞ koalisiyası”na qoşulmuşdu.

Ancaq Venesueladan gələn xəbərlər, ölkə müxalifətinin israrla xaricə ötürdüyü məlumatlar göstərirdi ki, Uqo Çavesin ABŞ ilə apardığı düşmənçiliyin kökündə təkcə ideoloji düşmənçilik durmur, bu ölkənin rəhbərliyi ABŞ-nin onun sərvətlərinə iddia etməsindən, daxili işlərinə qarışmasından narazıdır.

Başlıca məsələlərdən biri məhz “daxili işlərə qarışmaq” məsələsi idi. Uqo Çaves ard-arda dövlət başçısı “seçilməyi” yaxşı bacarırdı və ömrü yetdiyi qədər prezident seçiləcəkdi (artıq 4 dəfə seçilmişdi) . O istəyirdi ki, ABŞ onun hər dəfə prezident seçilməsindən sonra “seçki saxtakarlığı edilməsi”ndən danışmasın, onun legitimliyini şübhə altına almasın.

Eyni zamanda Uqo Çavesin iqidar komandası ABŞ-nin Venesuelanı narkotik maddələrin tranzitini təşkil edən ölkələrin siyahısına salmasından narazıydı. ABŞ mediasında vaxtaşırı olaraq venesuelalı generalların ABŞ-yə narkotik maddə keçirən kartelləri himayə etdiklərini yazır, hətta generalların bütövlükdə narkomafiyanın başçıları olduqlarını iddia edirdilər.

madur.jpg (220 KB)

Ancaq 2013-cü ilin martında Uqo Çavesin 58 yaşındaykən xərçəng xəstəliyindən ölməsindən sonra ABŞ və Venesuela arasında gərginlik bir az azaldı. Ağ Evdə düşünürdülər ki, onun yerinə gələn Nikolas Maduro hakimiyyəti Çaves qədər uğurla qoruya bilməyəcək və Venesuala müxalifəti seçki yoluyla qalib gələcək. Gerçəkdən də Venesuela müxalifəti növbəti seçkilərdə böyük uğur qazandı, seçkiləri uddu, ancaq Nikolas Maduro onlara şans tanımadı, hakimiyyəti dövr etmədi, özünün qalib gəldiyini elan etdi, həbslər aparmaqla, etiraz aksiyalarını dağıtmaqla öz xuntasını iş başında saxladı.

Maduronun hakimiyyətdən dinc şəkildə getməyəcəyini anlayan ABŞ gərginliyi dırmandırmağa qərar verdi və neçə ildir bu istiqamətdə işləyir. Bu arada Maduronun ətrafındakı generalların həm də narkomafiya rəhbərləri olması ABŞ mediasında tam sübuta yetirilməkdəydi.

İndi Trampın Venesuelaya, konkret olaraq Maduro hakimiyyətinə əsas iddiası məhz narkoticarətlə bağlıdır. Vaşinqtonun Venesuela neftində gözü olması da bildirilir. Bu ölkənin zəngin neft ehtiyatları var, ancaq ondan faydalana bilmir, ölkə dünyanın kasıb ölkələrindən biri sayılır. Venesuelaya təbiq olunan sanksiyalar və avadanlıqların xarab olması səbəbindən neft hasilatı çox aşağı düşüb. Bu ölkə irimiqyaslı investisiyalar olmadan bu resursları hasil etmək gücündə deyil. Ancaq ABŞ bu ölkəni nəzarətə götürsə, bu problemi həll edə bilər.

venesu.jpg (88 KB)

ABŞ isə yavaş-yavaş Venesuelaya yaxınlaşır. Dünən Venesuela yaxınlığında daha bir gəmi ABŞ qüvvələri tərəfindən batırılıb. Yaxın günlərdə açıq işğal əməliyyatı başlana bilər.

Nikolas Maduro ölkənin hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Lakin bu ölkənin mafioz generallarının hər cür hazırlığa, effektiv silahlara malik olan Pentaqona ciddi müqavimət göstərəcəyini düşünmək sadəlövhlük olardı. Nə ABŞ Rusiyadır, nə də Venesuala bütün Avropanın dəstəklədiyi Ukrayna.

Venesuala xalqı 26 ildir zorla hakimiyyəti əlində saxlayan Çaves-Maduro tandeminin rəhbərlik etdiyi qüvvələrdən xilas olmaq istəyir. Ona görə də böyük ehtimalla xalqın böyük bir hissəsi ABŞ-nin hərbi müdaxiləsini məmnunluqla qarşılayacaq, ona müqavimət göstərərək, partizan müharibəsi aparmayacaq.

ABŞ-nin Latın Amerikası ölkələrinə qarşı bu üsuldan istifadə etməsi isə ilk dəfə deyil. Amerika qoşunları 1983-cü ildə Venesuela sahillərində kiçik bir ada olan Qrenadanı bir gecədə işğal edib. 1989-cu ilin dekabrında isə Panama və onun lideri Manuel Noryeqa ABŞ-dən yağlı qapaz alıb. Onlara qarşı irəli sürülən ittiham da narkotranzitlə bağlıydı və əsassız deyildi.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR