Onlayn ictimai-siyasi qəzet
Fələstin İslami Müqavimət Hərəkatı Həmas ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs planını qəbul etdiyini elan edib. Bu gün səhər saatlarında yayılan bəyanatda Həmas Qəzzadakı ölü və sağ girovların geri qaytarılması və sülh planının detallarını müzakirə etməyə hazır olduğunu bildirib.
Bu açıqlamadan az sonra Qəzzada atəşin dayandığı xəbəri yayılıb. İsrail baş nazirinin ofisindən isə bildirilib ki, Tramp planının birinci mərhələsinin, yəni girovların azad edilməsi prosesinin hazırlıqlarına başlanılıb.
ABŞ prezidenti Donald Tramp isə Həmasın bəyanatı ilə bağlı bildirib ki, Həmasın “davamlı sülhə hazır olduğuna inanır”. Eyni zamanda ABŞ prezidenti sülh planını dəstəkləyən ölkələrə də təşəkkür edib.
Hər üç tərəfdən, yəni planın müəllifi Donald Tramp, İsrail və Həmasın açıqlamaları göstərir ki, atəşin dayanması və girovların azad edilməsi mövzusunda hər kəs ortaq fikirdədir. Tramp üçün tərəflərin sülh planını qəbul etməsi prosesin başlanğıcı kimi çox əhəmiyyətlidir. Yəni ilk addım atılır, Qəzzada atəşkəs elan olunur və hər iki tərəf girovları azad edir, cəsədləri geri qaytarır.
Netanyahu da dəstəklədi, çünki birincisi, İsrailin baş nazirinin Trampa qarşı çıxması, ABŞ prezidentinin təşəbbüsünü rədd etməsi mümkün deyil. İkincisi, girovların azad edilməsi və atəşkəs ən çox Netanyahuya lazımdır, çünki həm İsraildə, həm də beynəlxalq aləmdə Netanyahuya təzyiqlər var.
Həmas da məcbur idi. Çünki atəşkəs təklifini rədd edərsə, ABŞ-ın dəstəyi ilə İsrailin daha sərt hücumuna məruz qalacaq, habelə Qəzzada narazılıqla qarşılanacaq, dünyadakı, xüsusən də müsəlman dünyasındakı dəstəyini itirə bilərdi. Bu səbəbdən də uzun müzakirələrdən sonra Həmas Trampın sülh planının birinci mərhələsini qəbul edib.
Bəs bundan sonra nə olacaq?
Əvvəlcə ondan başlayaq ki, ABŞ hökumətinin irəli sürdüyü 20 maddəlik sülh planına əsasən, ilkin etapda atəşkəs elan olunur və Həmas sağ qalan 20-dək girovu azad edir, təxminən bir qədər artıq cəsədi təhvil verir. İsrail isə 1700 fələstinli girovu – onlardan 250-si ömürlük məhkumlardır – azad edir, cəsədləri təhvil verir.
Növbəti mərhələdə Həmas və digər qruplar silahları təhvil verir, bu silahlar Qəzzada məhv edilir. Paralel olaraq İsrail ordusu Qəzza zolağından mərhələli şəkildə çəkilir. Yalnız Misirlə sərhəddə Səlahəddin (Filadelfiya) dəhlizində İsrail əsgərləri qalacaq. Həmçinin Qəzzaya beynəlxalq sülhməramlı kontingent yerləşdiriləcək.
Daha sonra isə Qəzzada Donald Trampın sədri olduğu beynəlxalq komitə yaradılacaq və komitə Qəzzanın yenidən bərpası və idarəsinə nəzarət edəcək. Qəzzada isə yerli texnokratlardan ibarət keçid hökuməti yaradılacaq, daha sonra zolağın idarəsi 2007-ci ilə qədər olduğu kimi, Fələstin dövlətinə veriləcək.
Trampın yeni planında Qəzza əhalisinin köçürülməsi nəzərdə tutulmayıb, lakin eyni zamanda zolağın yenidən bərpası ilə bağlı detallar yer almır.
Hələlik Həmas yalnız ilkin hissəni, yəni Qəzzada atəşin dayanması və girovların dəyişdirilməsi hissəsini qəbul edib. Növbəti bəndlər isə müzakirəyə açıqdır. Çünki silahların təhvil verilməsi və Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi mövzusunda Həmas içərisində fikir ayrılığı var. Daha doğrusu, bu bənd qəbul olunmur.
ABŞ prezidentinin sülh planı ilə bağlı əsas maneə qarşılıqlı etimad məsələsidir. Çünki həm Həmas, həm də İsrail bir-birini vədini yerinə yetirməməkdə ittiham edib zaman-zaman. İndi də Həmas açıq şəkildə İsrailin girovları aldıqdan sonra qalan öhdəliklərə əməl etməyəcəyindən narahatdır. Çünki ən son mart ayında İsrail hökuməti müxtəlif bəhanələrlə atəşkəs razılaşmasını pozaraq Qəzzada hərbi əməliyyatları bərpa etmişdi.
İndi isə əsas məsuliyyət ABŞ hökumətinin, konkret olaraq Trampın üzərinə düşür. Əgər Tramp vəd etdiyi kimi, İsrail hökumətini, konkret olaraq baş nazir Benyamin Netanyahunu sülh planının icrasına məcbur edə bilsə, Fələstində ən azı silahlar susar və münaqişənin dinc yolla həlli ilə bağlı siyasi proses başlaya bilər. Söhbət Fələstin dövlətinin yaradılması, onun yeni sərhədlərinin müəyyən olunması və iki tərəf arasında qalıcı sülhün əldə olunmasından gedir.
İstənilən halda, Qəzzada ağır və amansız müharibənin dayanması, girovların azad edilməsi sülh prosesinin başlaması üçün ümid verir. Ancaq necə deyərlər, bu hələ başlanğıcdır.
Xüsusi olaraq Musavat.com üçün
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ