İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün qapı dronla döyülürsə, sabah raketlər pəncərədən girəcək

8 ay əvvəl yazdığım məqalədə gəldiyim qənaət bu idi ki, “Putin Rusiyası dəyişmir” və Rusiya prezidentinin Valday diskusiya klubundakı çıxışından sonra təəssüf ki, bu fikir bir daha təsdiqini tapdı. Əlbəttə, “Amerika kəşf etməmişdim”, az-çox Rusiya imperiyasının tarixinə, ən əsası toplum olaraq xarakter və təfəkkürünə bələd olan hər kəs bu qənaətdə ola bilər.

Həmin vaxt Tramp cəmi bir ay idi ki, prezident səlahiyyətlərinin icrasına başlamışdı və bəşəriyyətin ABŞ prezidentindən əhəmiyyətli gözləntiləri vardı. Yazımda belə bir cümlə də yer almışdı:”Hətta, Tramp ənənəvi Amerika siyasətini dəyişə bilir, amma Rusiyanın imperiya mahiyyəti dəyişmir”. Təəssüf ki, Tramp da “ənənəvi Amerika siyasətinə” ciddi şəkildə müsbət nəticələr verməyən dəyişikliklər etdi və edir, amma Putin Rusiyası dəyişmir. Dəyişən istiqaməti isə , yalnız aqressivliyə doğrudur. “Kağız pələng” deyənlərə də meydan oxuyub, “hünəriniz varsa gəlin” dedi. Bildirdi ki, Rusiyanın cavab tədbirləri “özünü çox gözlətməyəcək, əlinizdən gələni beş qaba çəkin” (“вольному воля” - belə ifadə etdi.), hələ bir dənəsinlər”- dedi.

MUHAR SİN.jpg (220 KB)

Müharibə başlayandan Qərbdə belə bir təsəvvür var ki, müharibə uzandıqca Rusiya zəifləyir, hətta tükənir. Eynilə Putin də fikirləşir ki, Qərbi tükəndirir və nəticədə Ukraynanı dəstəkləməyi dayandırır. Rusiya zəifləyir, əhali həm canlı qüvvə itkisinə, həm də iqtisadi çətinliklərlə üz-üzə qalıb. Vergilər də, gələn ildən 2% artırılacaq. Amma, Avropanın düşündüyü kimi, nə Putin müharibəni dayandırasıdır, nə də Rusiya cəmiyyəti bu vəziyyətə etiraz edəsi deyil, necə ki, 4 ilə yaxın davam edən ədalətsiz müharibəyə səsini belə çıxarmır. Rusiya insanı tarixən pis yaşamağa vərdiş edib. Pis yaşasın, amma böyük ərazilər tutsun, başqa millətləri özünə tabe etdirsin, qonşu dövlətləri vassal statusunda görsün, hamıya yuxarıdan aşağı baxsın. Bir az xiyar turşusu, bir az da vodka oldu.., bəs edər, daha nəyi çatmır ki...

Putin məqsədlərinə çatmaq üçün Qərbi manipulyasiya edir və inanır ki, onları Moskvanın maraqlarına uyğun addım atmağa məcbur edəcəkdir. Buna görə də, Avropa Rusiyanın psixoloji oyunlarına uymamalı, ilk növbədə Ukraynanı, paralel olaraq özünü gücləndirməlidir. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Avropa İttifaqı ölkələri Rusiya ilə bütün diplomatik əlaqələri kəsib, Putin Rusiyasını və Rusiya vətəndaşlarını sivil dünyadan izolyasiya etməlidirlər.

Rusiyanın dron təxribatlarına qarşı NATO-nun indiyə qədər cavablarını son dərəcə qeyri-qənaətbəxş qiymətləndirmək olar. NATO haqında indiyədək elə təsəvvür vardı ki, guya yanından yel ötsə ikiqat cavab verəcək. Təəssüf ki, Alyans Rusiyanın bütün bu təxribat aktlarına və Qərbə vurduğu iqtisadi ziyanlara düzgün və qətiyyətli cavab verə bilməyib. Əgər Qərb Putinin zorakılıq və təxribat əməllərinə sərt reaksiya verməməkdə davam edərsə, eskalasiyanın artmasına və dərinləşməsinə ciddi təhlükə var.

NATOM.jpg (66 KB)

Yəni, Rusiyanın müharibədən sonra yaranmış çətinliklərini əsas götürüb təsəlli tapmaq problemi həll etmir. Vurulan neftayırma zavodları , dağıdılan yol infrastrukturları, yüzminlərlə insanın cəbhədə ölməsi, indiyədək tətbiq olunan sanksiyalar Putini dayandırmır və Valday çıxışı bir daha sübut etdi ki, diktator Ukrayna ilə müharibəni dayandırmaq niyyətində deyil. Deməli, daha təsirli təzyiq vasitələri tətbiq edilməlidir.

ABŞ prezidenti HAMAS-a, İrana qarşı tətbiq etdiyi sərtliyi nə ritorikada, nə əməldə Rusiyaya qarşı istifadə etməyib. Valday çıxışında da hiss olunurdu ki, Putin NATO-ya qarşı sərt danışsa da, hədələsə də ABŞ və onun prezidenti haqqında ehtiyatlı ifadələr işlədir. Deməli, çəkinir. Avropa Trampı Putinə qarşı qətiyyətli və sərt olmağa məcbur etməlidir.

Bu illərdə, ən azı Krımın işğalından sonra Avropa Rusiyanın yaratdığı təhlükəni ciddi qəbul etməli idi, çünki Vladimir Putin vəziyyəti bundan sonra da gərginləşdirəcək və daha da pisləşdirəcək. Son dron yağışları sübut edir ki, Kreml artıq Avropa ilə müharibə vəziyyətindədir və bu klassik “soyuq müharibə” deyil. Rusiyanın pilotsuz təyyarələrinin Avropa İttifaqı ölkələrinə son hücumları “qırmızı xətləri keçmək” üçün hesablanmış cəhddir. Putin bunu Valdayda dansa da.., reallıq budur.

Bir Ukrayna diplomatının dediyi kimi “Putin Qərbi alçaltmaqdan, özünün fövqəlgüc hesab etdiyi şeyi nümayiş etdirməkdən fiziki olmasa da, emosional ləzzət alır”. Valdaydan sonra Tramp Putinə qəzəblənə bilərmi? Bəlkə də olacaq, amma Trampın gündəmində hələ İsrail – HAMAS planıdır.

TRAMPO.jpeg (65 KB)

Avropa liderlərinin açıqlamalarına, bəyanatlarına diqqət etsək hiss olunur ki, təhlükəni ümumən dərk edirlər, lakin bir çoxları, o cümlədən Qərbi Avropadakı ekspertlər və mütəxəssislər bunu hələ tam dərk edə bilmirlər və ya istəmirlər, çünki zamanında Rusiya kəşfiyyatı bir çoxlarını ələ ala bilib.

Müasir müharibə qoşun və tanklardan ibarət deyil. XXI əsrdə tanklara ehtiyac yoxdur. Kibermüharibə reallıqdır. Bu gün dronla qapı döyülürsə, sabah raketlər qəflətən pəncərədən girəcək. Valday çıxışının mahiyyəti bu idi. Tədbiri indi, bu gün görmək lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR