Onlayn ictimai-siyasi qəzet
Gələn il ABŞ-nin istiqlaliyyət qazanmasının 250 illiyi olacaq. Çox güman, böyük atəşfəşanlıqlar olacaq. Ümid edək ki, adi pirotexniki vasitələrlə sovuşacaq bu tarix, çünki indi dünyanın ən azı iki bölgəsində, Ukrayna-Rusiya müstəvisində, bir də Yaxın Şərqdə daha qorxulu “atəşfəşanlıq”ların baş verməsi istisna olunmur.
Sözüm bunda deyil. Kobud–köntöy-köhnə Nyuton-Laplas determinizmi kimi səslənsə də, nə olmalıdırsa, o, da olacaq...
Demək istədiyimsə budur ki, vaxtilə Cefferson müəllifi olduğu İstiqlaliyyət Bəyannaməsində həm də “xoşbəxtliyə can atmaq hüququ” haqda yazmışdı.
Ona indi də irad tuturlar ki, guya xoşbəxtlik mücərrəd anlayışdır, dünyada nə qədər insan varsa, o qədər də xoşbəxtlik haqda təsəvvür və anlayış var.
Yeri gəlmiş, eyni iradlar Böyük Fransa İnqilabı zamanı bəyan edilmiş “qardaşlıq” prinsipilə də bağlı söylənilir: deyirlər ki, bütün insanlar biri - birinə qardaş olmaz, biz uzağı biri-birimizə qarşı tolerant, yəni dözümlü ola bilərik.
Odur, əvvələ qayıdıb soruşuruq: nədir xoşbəxtlik? İnsan nə vaxt xoşbəxt olur? Güman ki, bizim deyəcəklərimiz də xoşbəxtlik haqda sadəcə, daha bir “təsəvvür” olacaq. Amma neyləmək olar?
Odur, tələsməyin, sonda balaca lətifəm də olacaq, ortada hətta rus çastuşkasından da misal çəkəcəm sizə.
Müxtəsəri, lap əvvəl iki keçmiş Pribaltika yazıçısının əsərindən danışacam. Birinin əsərinin adı yadımda qalıb, digərininsə nəinki özünün, hətta əsərinin də adını unutmuşam. Birini sovetlərin lap arxayın vaxtlarında, digərinisə ötən səksəninci illərin axırlarında oxumuşdum.
Birincinin – romanın adı “Qanadsız quşlar” idi. Qeyri–adi roman deyildi, olsa-olsa, bəzi tipik sovet romanlarından azca maraqlı və təsirli olardı.
Odur, adı qalıbdır yadımda: “Qanadsız quşlar”. Bilirsiz, niyə? Əsəri oxuyanda uşaq deyildim. O vaxtdan bir sual həkk oldu beynimə: “əcəba, quşların qanadları da yoxdursa, daha nəyi var?”..
Beləcə, “qanadsız quşlar” ifadəsi mənimçün bir simvol, hətta “siyasi etiket” oldu. Dünyada azadlığa can atan, amma ən müxtəlif səbəblərdən buna çatmayanları xarakterizə etmək istəyəndə bu ifadə düşür yadıma.
İkinci əsərsə bir hekayəydi. Təsadüfən düşmüşdü əlimə. Çox təəssüf, nə adı, nə də müəllifi yadımda qalmayıb.
Məzmunu beləydi ki, bir uşağın dilindən nəql olunurdu. Bəli, uşaq danışırdı ki:”Atam fizik idi. Axşam işdən qayıdandan sonra özünün bütün divarlarını güzgülərlə bəzədiyi otağına çəkilər, dörd tərəfdən ona tuşlanan əkslərinə baxa-baxa konyak içərdi. Hərdən də səhərə qədər nəsə yazıb-pozar, sonra da yazdıqlarını əzib - bükmələyib zibil qutusuna atardı. Qoca professor babam gələr, zibil qutusundan əlyazmalarını götürər, aparıb üzünü köçürər və xarici jurnallara göndərərdi. Xeyli beləcə davam etdi. Amma bir gün atam həmişəki kimi səhər yenə də işə yollandı, fəqət, daha qayıtmadı”...
Doğrusu, bir az əvvəldə qeyd etdiyim yarısovet – yarılatış romanı yox, məhz hekayə daha çox təsir etmişdi mənə.
Uşağın istedadlı fizik atası o vaxt bir neçə səbəblərdən geri dönməyə bilərdi.
Ya ölkədən qaçardı (hərçənd ki, çox çətin məsələydi, hər adama da müyəssər olmurdu), ya da başqa sovet adamları kimi “yoxa çıxardı”; onu da NKVD-nin “qara maşın”ına basıb “sovet gestaposu”na aparar, oradan da, ən yaxşı halda, məhbus alimlərin çalışdığı Sibir “şaraşka”larından birinə yollayardılar, hansıları ki, sonradan böyük rus yazıçısı Aleksandr Soljenitsın çox gözəl təsvir edəcəkdi.
Onu da deyim, yaddaşım aldatmırsa, müəllif sonluğu, hekayənin finalını açıq saxlamışdı.
Əsas bu idi ki, hər iki əsərdə, xüsusən də hekayədə problem ondan ibarət idi ki, insan özünü AZAD hiss etmir.
Yenə hekayədən misal çəkəcəm. Adamın Tanrı sarıdan bəxti gətirib, istedadlı fizikdir, evi-ailəsi, onu nəinki sevən, hətta pərəstiş edən, hələ bunu o qədər başa düşməsə də atasını dahi hesab edən övladı və xüsusən də işi-məşğuliyyəti vardı.
Amma AZAD deyildi və bunun əzabını yaşayırdı. Ona görə də mənlik olsaydı, birinci əsərin adını ikinciyə - hekayəyə qoyardım, çünki quşların həqiqətən də əgər qanadları da yoxdursa, daha nələri var?..
Bilirsinizmi, nəyə bənzəyir bunlar? Həzrət Əli deyirdi ki, ey insan, Allahın sənə ağıl da verməyibsə, daha nə veribdir? Yəni ağlın yoxdursa, başqa şeylər nəyinə lazım?
AZADLIQ da belədir. Azad deyilsənsə, başqa şeylər nəyinə lazımdır? Qul xoşbəxt olurrmu? İstəyir, lap Yusif peyğəmbər olsun, ağası da onu övladı kimi sevsin, amma yenə də quldur axı!..
Gecələr yatanda belə yuxusuna tamam başqa şeylər girəcək. Bəli, nə varlı-karlı misirli sahibi, nə ona vurulan gözəl Züleyxa yox, qoca atası və ağlar qalmış anası, uzaq, qumlu İsrail səhraları və hətta onu quyuya atan paxıl qardaşları gələcək yuxularına...
Odur ki, təkrar deyirəm: quşun qanadı da yoxsa, daha nəyi var? Axı qanadsız quş daha quş da deyil, yaxşı halda, sahibi üçün yumurtlayan və bir gün də başı kəsilib, qızardılıb stola-süfrəyə qoyulan aciz bir toyuqdur, hansının ki, qanadları həm var, həm də yoxdur.
Formal baxımdan guya var, əslindəsə yoxdur, yaxud da var, fəqət, uçmaq üçün yox, görüntü üçündür: axı bu qəliz Dünyada çox şeylər, elə Dünyanın az qala, özü də sadəcə, görüntüdür.
Sovetin vaxtında rusların çastuşkası vardı:“Toyuq quş deyil, Monqolustan da xaric!”. Ən gülməlisisə, bilirsiniz, nədir? Toyuqların da “iddia”ya düşdüyü, necə deyər, sarsaqladığı vaxtlar olur. Bir də gördün, dama qonub banlayırlar! Belə olanda uşaqlıqda rəhmətlik nənəm deyərdi ki, a bala, tut, kəs onu: bəli, biçarə toyuğun hindən stola - süfrəyədək çəkən “şərəfli, namuslu və mənalı, əsas da xoşbəxt həyatı” belə bitərdi...
Ona görə də hər şey azadlıq içində öz həllini tapanda gözəl olur: xoşbəxtlik də belədir, əxlaq da, təhlükəsizlik də və s. Xoşbəxtliklə bağlı dedik. Eləcə sual vermək olar: azad olmayan insanın əxlaqı ola bilərmi? Axı əxlaq elə şeydir ki, insanı müstəqil şəkildə qərar verməyə sövq edir. Azad olmayan insan özü hansı qərarı verə bilər?
Bunu təhlükəsizliklə bağlı da demək olar: insanın azadlığı məhduddursa, ya yoxdursa, nəyi qalır ki, onun təhlükəsizliyi haqda düşünsün? Quruca canımı?..
Sovet dönəmində lətifə vardı. Guya İvanı partiyaya qəbul edirlər və ona əvvəlcə başa salırlar ki, bəs bu, olmaz, o, olmaz! Sonra da soruşurlar: “Vanya, sən həyatını vətən və partiya uğrunda qurban verərdinmi?” İvan dərhal cavab verir ki: “Əlbəttə verərəm! Belə həyat nəyimə lazımdır?..
Bir daha gəlim xoşbaxtlıq məsələsinə. İnsan xoşbəxtliyə can atır. Xoşbəxtliksə hamı üçün olmasa da, insanların böyük əksəriyyəti üçün azadlıqsız mümkün deyil. Ona görə də tarix boyu böyük-kiçik etirazlar, hətta inqilablar olur.
Pardoksal olsa da axırı da gəlib ona çıxır ki, insan, nəhayət, anlayır: xoşbaxtlıq an, əsl azadlıqsa mirajdır! İnsan böyük hesabla nə əsl azadlığa qovuşur, nə tamam xoşbaxt olur. Lap Kinqin qəbrinin üstündə yazılan sözlər yada düşür: “nəhayət, azadam”..
İllər öncə bir yəhudi haqqında hekayə oxumuşdum. Bəli, insan əlləşib-vuruşur və axır ki, İsrailə gedir. Bir neçə ildən sonra ondan məktub gəlir. Məktubda bir söz olur: yalan.
Məsələnin daha qəliz, hətta fatal tərəfi də var. Nə qədər cavansan, düşünürsən ki, hər şeyi dəyişə bilərsən, dağları yerindən oynadarsan. Elə ki, altmışı keçdin, başa düşürsən ki, belə deyil. Həvəsin də qalmır, sanki hər şey mənasını itirir: azadlıq da, təhlükəsizlik də, hətta xoşbəxtlik də...
Ona görə də fikirləşirəm ki, şairlərdə altıncı duyğu olur. Odur, bəlkə düzünü elə şair Salam deyir: “Gəl gedək, oturub saata baxaq!” Deyəsən, həqiqətən də çox qalmayıb axı! Elə özümüz də hətta liftə minəndə belə divardakı güzgüyə baxırıq ki, görək, ömürdən nə qalıbdır?..
Odur, yazdıqlarımı qəti “başqa siyasi səmtə”- filana yozmayın. Mənim daha “siyasi tərəfim”–filanım yoxdur.
Özümə, nə bilim, “yorğun demokrat”– filan da demirəm. Yox, bezməmişəm, amma yorulmuşam. Yenə də Salam demişkən: “Boğulmaq da olmur, dayazdır dünya”!..
Sonda daha bir deyəcəyim də var. Adidən də adi bir vətəndaş kimi deyirəm bunu, hətta rica edirəm. İndi bəziləri bizi inandırmağa çalışır ki, guya karantin rejimini uzatmaq təhlükəsizlyimiz üçün lazımdır.
Vətəndaş kimi ölkənin birinci şəxslərindən rica edirəm ki, bu cür arqumentlərə qəti inanmasınlar. Bilirsiniz, hər şeyi götürüb yasaq etməkdən asan iş yoxdur. Dövlətlər, millətlər yaranandan onlar üçün həmişə müəyyən təhdidlər və təhlükələr olub. Bunsuz mümkündürmü?
Amma bunun üçün bütün dövlətlərin, o cümlədən də Azərbaycanın müvafiq strukturları var. Qoy, daha ayıq-sayıq və peşəkar olsunlar. Ona görə də quru sərhədləri də açılsın, həyat əvvəlki ritminə qayıtsın, insanlarımız epidemiya dövründəki gərginlikdən qurtulsunlar. Bir daha deyirəm ki, bunlar bir sıravi vətəndaşın arzusu, təklifi və hətta ricasıdır, yəni kimsə başqa bir yerə yozmasın...
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ