Onlayn ictimai-siyasi qəzet
Böyük var-dövlət, hüdudsuz imkanlar, qanunların fövqündə olmaq hələ xoşbəxtliyə çatmaq, ailə səadətinə nail olmaq üçün kifayət etmir.
Bir çoxlarında belə bir təəssürat var ki, aiələrin dağılmasının əsas səbəbi maddi imkansızlıq və məişət problemləridir. Tam olaraq elə deyil.
Ötən il ARDNŞ-in sabiq vitse-prezidentinin, milyonçu kimi tanınan şəxsin oğlunun başına gələn ailə qalmaqalının ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun üzləşdiyi qalmaqal göstərir ki, böyük maddi imkanlar heç də xoşbəxtliyin vəsiləsi deyil.
Məhəmməd və həyat yoldaşı Həlimə Ələsgərova ad-soyadlı qadın cəmi iki il birlikdə yaşayıb, sonra qalmaqallı şəkildə ayrılıblar. Onların boşanması işində yer alan detallar heyrətamizdir.
2022-ci ildə ailə quran, ancaq Bakıda ailə səadətinə nail ola bilməyən gənc cütlük 2023-cü ilin oktyabrında ABŞ-yə, dünyanın incəsənət paytaxtı Los-Anceles şəhərinə köçüb. Gənclər burada da barına bilməyiblər. H.Ələsgərova bir gecə ərinin yatılı qoyaraq, gizli şəkildə pasportunu və bank kartını götürərək Bakıya qaçıb.
Bu barədə o, məhkəmədə danışıb. Onunla ərinin arasında olub-bitənlər, qarşılıqlı iddialar “sarı mətbuat” üçün maraqlı ola bilər. Adi boşanma işlərindən biridir. Belə hallarda adətən tərəflər bir-birini “cümlə xəyanətlərə bais iblis” kimi təqdim edirlər və kimin haqlı, kimin haqsız olduğu heç cür anlaşılmır. Axırda o nəticə çıxır ki, heç bir tərəf haqlı deyil.
Ancaq bu məsələni ciddi mediada mövzu predmetinə çevirən bir neçə nüans var. Onlardan biri tanınmış şəxsin övladının bir ayağının Los-Ancelesdə, o birinin Bakıda olmasıdır. İnsanların avtobus qiymətinin 10 qəpik artnasına görə əndişələndiyi ölkədə başqa birinin Los-Ancelesi su yoluna döndərməsi sıradan bir şey deyil.
Adam dünyanın istənilən ən bahalı şəhərində lüks əmlak ala bilmək imkanına sahibdirsə, bu, sərəncamda olan maddi vəsaitin ifrat həddə olmasından xəbər verir.
Üstəlik, boşanan qadının ifadələrində dəyəri 170 min manat olan və toyda hədiyyə verilmiş brilyant komplektdən, 85 min manatlıq təkqaş brilyant üzükdən, 70 min manatlıq bir başqa sırğa-üzük dəstindən söhbət gedir.
Bu yerdə ortaya haqlı sual çıxır: bu qədər var-dövlət haradandır?
Əlbəttə, indiyədək heç kəs bu sual qarşısında qaldıqda gözünü döyməyib. Mütləq hamının şəxsi və gəlirli biznesi var, hamıya varlı valideynlərdən böyük miras qalıb və s.
Ancaq hər kəs də bilir ki, bu cür böyük var-dövlətlərin əsl qaynağı nədir, necə deyərlər, bu arxın suyu hansı bulaqdan gəlir.
Bir qayda olaraq belə ifrat sərvətin əsl mənbəyi və miqyası hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan və yaydığı “sərvət mündəricatı”ndan sonra məlum olur. Onda görürsən ki, “ilişmiş” məmurun şəhərin neçə yerində, hansı rayonlarda nə qədər daşınmaz əmlakına dair saytlarda xəbər dərc olundu - ünvanı, qiyməti göstərilməklə. Lüks avtomobillərin markası, qiyməti, otel, restoran və digər obyektlərin, torpaq sahələrinin, xarici ölkələrdəki əmlakları qiymətini toplayanda ortaya azı 30 milyonluq varidat çıxır. Adamın aylıq qazancı isə 3-5 min manatdır, bu boyda sərvət toplamaq üçün ona 1400 il vaxt lazım olmalıydı – o da xərcləməsə.
Ancaq bundan ötrü həmin məmurun nəsə bir ciddi səhvə yol verməsi və “özünü yandırması”, dövlətə, hakimiyyətə xəyanət etməsi lazımdır.
Bəzən ailə üzvlərindən birinin adının hansısa qalmaqala qarışması da bir yüksək mənsəbli məmurun karyerasına son qoya bilər. Sadəcə, bu halda o, ciddi cəza almayacaq, yığdığını da götürüb qeyb olacaq, məsələn, gedib, Qaxda, Ucarda, Qəbələdə, Qusarda yaşayacaq.
Bəli, çox pul, intəhasız sərvət insanları xoşbəxt edə bilmir. Dünyanın hər yerində bir-biri ilə qohum olan oliqarxların və ya nazir statusunda olan şəxslərin ailə quran övladlarının da evində söz-söhbət, qovğa-mərəkə olur və bəziləri boşanma ilə başa çatır. Sadəcə, onlar bunu gizli saxlamağı bacarırlar.
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ