İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya ilə "Tom və Cerri" oyununa başlayır - "Tomahavk" zarafatı?

Bir müddət əvvəl Britaniyanın “The Telegraph” nəşri yazmışdı ki, Nyu-Yorkda BMT Baş Assambleyasında ABŞ prezidenti Donald Trampla görüşün qapalı hissəsində Vladimir Zelenski ondan “Tomahavk” qanadlı raketləri istəyib. Tramp da onun bu xahişinə müsbət cavab verib. Ardınca da Zelenskinin özü bu məlumatı təsdiqləyən açıqlama ilə gündəmə gəlmişdi. Düzdür, Ukrayna prezidenti tam olaraq "Tomahavq" raketindən bəhs etməmişdi. Amma demişdi ki, Tramp onun Rusiya paytaxtını vurmağa imkan verəcək uzaqmənzilli qanadlı raket tələbi ilə razılaşıb. Görünür, Zelenskinin bu açıqlaması ilə “The Telegraph” nəşrinin xəbəri üst-üstə düşdüyündən hər kəs ABŞ-ın "Tomahavk" raketlərini Ukraynaya nə zaman verəcəyini müzakirə etməyə başlamışdılar.

Bu açıqlamadan sonra Rusiya prezidenti Vladimir Putin 2 oktyabrda keçirilən “Valday” görüşündə bu mövzuya münasibət bildirib. Deyib ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri tədarükü “Rusiya ilə ABŞ arasında münasibətlər də daxil olmaqla, eskalasiyanın keyfiyyətcə yeni mərhələsinə” qədəm qoymasına yol aça bilər.

Sual olunur: ABŞ həqiqətən də Ukraynaya bu raketləri verməyə hazırlaşırmı?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, “Axios”un bildirdiyinə görə, Ukrayna həqiqətən də Ağ Evdən “Tomaqavk” qanadlı raketlərinin təhvil verilməsini xahiş edib, lakin ABŞ bu fikirlə qətiyyən razılaşmayıb: "Bu yaxınlarda ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da raketlərin təhvil verilməsi ilə bağlı qərarın hələ verilmədiyini bildirərək, bunun sırf Amerika Birləşmiş Ştatları prezidentinin səlahiyyətində olduğunu qeyd etmişdi. İlk baxışdan görünən budur ki, ABŞ həqiqətən də “Tomahavk” raketlərinin Ukraynaya tədarükü barədə düşünür.
Amma bu ilk baxışdan belədir. Əslində isə ABŞ istəsə belə, Ukraynaya bu raketi verə bilməz. Məsələ orasındadır ki, 1983-cü ildən istehsal olunan bu raketin əvvəl 3 versiyasi var idi: hava, su və quru versiyaları. 1987-ci ildə SSRİ rəhbəri Qorbaçovla ABŞ prezidenti Reyqan arasında baş tutan görüşdə orta və yaxın mənzilli raketlərin ləğvi barədə müqavilə imzalandı. Bu müqaviləyə əsasən, ləğv olunması nəzərdə tutulan raketlərdən biri də "Tomahavk"ın quru və hava versiyaları idi. Faktiki olaraq o vaxtdan indiyədək ABŞ-ın arsenalında yalnız "Tomahavk"ın dəniz versiyaları qalıb. Yəni ABŞ onları versə belə, Ukraynanın həmin raketlərdən istifadə etməsi üçün məkanı yox kimidir. Çünki Ukrayna o raketlərdən istifadə etmək üçün mütləq Qara dənizə "Tomahavk" raketi daşıyan gəmi çıxarmalıdır. Bu zaman isə həmin gəmi Rusiyanın açıq və asan hədəfi halına gələ bilər".

Siyasi şərhçi ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər verməyəcəyini iddia etmir. Onun fikrincə, Ukraynanın rus neft və qaz bazalarını, istehsal və istismar müəssisələrini məhv etməsi ABŞ-ın da mənafeyinə tamamilə uyğundur və Vaşinqton Kiyevə bu məqsədini reallaşdırmaq üçün bütün dəstəklərini əsirgəməyəcək: "Amma bu, yəqin ki, "Tomahavk" yox, başqa raketlər olacaq.

Prinsipcə, Zelenski də öz açıqlamasında Trampla "Tomahavk" raketlərini almaq barədə razılaşdırğını ifadə etməyib, sadəcə “uzaqmənzilli qanadlı raket”lər barədə danışıb. Fəqət görünən budur ki, "Tomahavk"ın da eyni kateqoriyalı raket olması həm dünya mediasını, həm də Putini çaşdırıb.
Zelenskinin zarafata bənzər açıqlamasının Putini belə çaşdırması onu göstərir ki, Rusiya lideri nə qədər ciddi səhvə verdiyini anlayıb. Amma bu, onu səhvini düzəltməsinə vəsilə olacaqmı? İnanmıram. Bütün diktatorlar özlərinə və ordularına aşırı inamlarından tələyə düşürlər, sonra isə səhvlərini anlasalar belə, bu tələdən çıxa bilmirlər. Nə yazıq ki, Putin də hazırda bu sindromu yaşayır. Və görünən budur ki, yaxın zamanlarda Ukrayna "Tomahavk" olmasa da, ona bənzər raketlərlə Rusiya ilə "Tom və Cerri" oyunu oynayacaq".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR