İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli avtobusu taksi qiymətinə

Ekspertlərdən etiraz: “Qiymətlərin bu cür təqdim olunması ilə məqsədə çatmaq mümkün olmayacaq”

Oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.

Milli.Az xəbər verir ki, aylıq abunə haqqının baha olması vətəndaşlar tərəfindən tənqid olunub. Aylıq abunə haqqının 100 manatdan başladığı deyilsə də, real rəqəmlər daha yüksəkdir. Sayt yazır ki, araşdırma nəticəsində qiymətlərin yüksək olduğu üzə çıxıb. Məsələn, Xırdalan şəhərindən 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir.

Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq. Layihə rəhbərliyindən verilən məlumata görə, qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub. Eyni zamanda, ailədə bir neçə uşaq layihədə iştirak edirsə, ikinci uşağa güzəşt tətbiq edilir. Amma bu qiymətlər adekvat deyil. Valideynlər əlavə olaraq repetitora da ödəniş edir. Yəni təhsil xərcləri çoxdur.

Bəs bu tarifləri hansı qurum və necə müəyyənləşdirib?

Əlaqə

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Məktəbli avtobuslarının dövriyyəyə buraxılması məsələsi əslində tıxacların aradan qaldırılması məqsədi üçün nəzərdə tutulurdu. Eyni zamanda, burada başlıca məqsəd şagirdlərin daha təhlükəsiz və sağlam mühitdə məktəbə çatdırılması idi. Düzdür, paytaxtda təsadüfi məktəblərdə bu addım atılırdı. Ümumilikdə bu layihə bölgə məktəblərini bu əhatə etməliydi. Bir neçə məktəbin birləşdirilməsi, rasionallaşmadan gedirdi söhbət. Belə olan halda şagirdlərin yaxında olan məktəbə deyil, daha uzaq məktəbə çatdırılması var idi, bu da daha çox bölgə məktəblərini əhatə edirdi. Paytaxtda isə daha çox mərkəzdə, sıxlıq müşahidə olunan, xüsusilə də valideynlərin şəxsi avtomobilləri ilə məktəbə gətirmələri yollarda tıxaca gətirib çıxarır, məktəblərin qarşısında uzunmüddətli tıxaclar formalaşırdı. Məktəbli avtobusu layihəsi də məhz bunların müəyyən qədər qarşısını almağa hesablanmışdı. Amma mövcud durumda qiymət artımı onu deməyə əsas verir ki, bu şərtlərlə valideynlərin böyük əksəriyyəti prosesdən imtina ediblər. Elə ailələr var ki, orada iki, yaxud üç uşaq var. Onlar da şagirddirlər. Qiymətləri nəzərə alsaq, valideyn hər ay 600-700 manatından keçməlidir. Bu da, əlbəttə, çox böyük məbləğdir. Təbii ki, bunu hər hansı valideyn qarşılaya bilməz. Ona görə qiymətlərin daha münasib olması arzu olunandır. Bunu ”Sabah HUB" və “2school” layihələri çərçivəsində, dövlət-özəl tərəfdaşlığı çərçivəsində avtobus xidmətlərini təşkil etdilər. Burada 1200-ə yaxın şagirdin ilkin mərhələdə pilot layihələrə qoşulmasını nəzərdə tuturdular. Biz həmin avtobusların niyə bu qiymətə şagirdlərin daşınmasını həyata keçirdiyini öyrəndik. Nəticədə məlum oldu ki, şagird sayı azdır deyə, avtobusun xərclərini ödəmir. Bunun yanacaq xərci var, sürücünün aylıq ödənişi var. Onlar qeyd edir ki, avtobusda şagirdlərə dayə da təyin edirlər. Dayə yol boyu onlara nəzarət edir, yolboyu tapşırıqlar icra edir, ona da əlavə əmək haqqı verilir. Amma mənə görə bu, qiymət artımına bir növ “don” geyindirməkdir. Gördükləri işin bahalı təqdimatıdır. Bir də gördünüz dedilər, şagird evdə yemək də yeməsin, yolda çay, yemək də verəcəyik, qiyməti bir az da artırırıq. Yəni bunu da desələr, qətiyyən təəccüblənmərəm".

Ekspert vurğulayıb ki, məqsəd birinci növbədə tıxacların qarşısını almaqdırsa, birinci bunu qanun olaraq qəbul etməliyik: “Milli Məclisdə müzakirə edilməlidir, həmin məktəbli avtobuslarına ictimai nəqliyyat zolağından istifadəyə icazə verilsin. AYNA icazə vermir ki, onlar həmin zolağa daxil olsunlar. İlk növbədə buna çalışmalıydıq ki, burada qiymətlər valideynlər üçün əlçatan olsun. Yeni qiymətlərdə gedişhaqqı 60 qəpik təyin edilib. 5 günlük məktəblərdə şagird gündəlik gedib gələcəksə, maksimum bir həftə ərzində 7 -8 manat xərci çıxacaq. Bunu da 4 həftə üzərindən hesablasaq, 32-50 manat şagirdin xərci çıxır. Şagird bir yox, bir neçə avtobus dəyişirsə, gediş-qayıdış üçün ən çox 100 manat qiymət hesablanacaq. Bu valideynlər üçün də əlçatan olardı. Amma qiymətlərin bu cür təqdim olunması valideynlər üçün arzuolunmaz vəziyyətdir. Qarşıya qoyulan məqsədə də çatmaq mümkün olmayacaq. Qiymətləri aşağı endirmək, valideynlər üçün əlçatan etmək lazımdır, ən əsası burada dövlətin iştirakçılığını da təmin etmək lazımdır. Bu o deməkdir ki, dövlət büdcəsindən maliyyə ayrıla bilər, yollarda ictimai nəqliyyat zolağından istifadəyə icazə verilə bilər”.

Velosiped kirayəsi ilə tıxacın qarşısını almaq olmaz” - Elməddin Muradlı |  KONKRET

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlının da məsələ ilə bağlı fikirləri (avtosfer.az) diqqət çəkir: “Biz bunu alqışlayırıq. Hər halda, effektiv olub-olmayacağından asılı olmayaraq, belə bir addımın atılması təqdir olunmalıdır. Burada isə təbii ki, sistemli bir işin qurulmasının tərəfdarıyıq. Dövlət proqramında da qeyd olunduğu kimi, şəhərin mərkəzində daha ciddi problemlər yaradan məktəblər seçilməli idi. Ümid edirəm ki, həmin məktəblər seçilib və pilot layihə kimi məhz orada məktəbli avtobuslarının tətbiqi həyata keçirilir. Bunların nə qədər effektiv olacağını zaman göstərəcək və biz ümid edirik ki, yaxşı nəticə əldə olunacaq. Amma bir problem var: bizdə təhsil müəssisələri ilə orada təhsil alanların yerləşmə məsələsi arasında tərs mütənasiblik mövcuddur. Deyək ki, Yasamalda yaşayan uşaq gedib Nəsimi rayonunun ən ucqar bir nöqtəsində məktəbə yazılır ki, guya dərs yaxşı keçirilir, müəllimlər daha savadlıdır. Yaxud Suraxanıda yaşayan şagird gəlir, şəhərin mərkəzində, ”İçərişəhər" metrosunun yanında məktəbə yazılır. Bu isə əlavə fəsadlar yaradır.

Ekspert qiymətlərlə bağlı narazılığa da toxunub: “Məsələn, aylıq 240 manat ödəniş tələb olunur. Valideyn isə hesablayır ki, bu məbləği ödəməkdənsə, ya taksi tutmaq, ya da öz maşını ilə uşağı aparıb-gətirmək daha sərfəlidir. Çünki vaxt baxımından da üstünlük olur - valideyn maşınla yarım saata uşağı məktəbə çatdırır, amma avtobusda bu, daha uzun çəkir. Bütün bunlara görə məsələ ciddi təhlil olunmalı, real vəziyyət nəzərə alınmalıdır. Sadəcə bir gecədə qərar qəbul edib məktəbli avtobuslarını tətbiq etmək düzgün deyil. Elm və Təhsil Nazirliyi bu məsələyə elmi yanaşmalı, reallıqları nəzərə almalıdır. Əks halda, məktəbli avtobusları işləməyəcək, sadəcə məktəblərin qarşısında boş dayanacaq vəziyyətinə düşəcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR