Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin ilk yarısında Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında olduğu kimi, qurumun Danimarkanın başkəndi Kopanhagen şəhərində keçirilən 7-ci Zirvə toplantısında da iştirakçı liderlərin diqqət mərkəzində oldu. Artıq illərdir ki, dövlətimizə və dövlət başçımıza yüksək diqqətin, böyük etimadın və rəğbətin şahidi olmaqdayıq, bu isə ən önəmlisi vətəndaş olaraq hamımızı qürurlandıran amildir.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirak edən 50-yə yaxın ölkənin dövlət və hökumət başçılarının təmsilçilərinin, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevlə görüşə böyük marağını zəruri edən heç şübhəsiz ki, hələ illər öncə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin dediyi kimi, Azərbaycanın Avropa üçün “etibarlı enerji tərəfdaşı” olmasından irəli gəlmir. Bəli, qeyd olunduğu kimi, Avropanın enerji xəritəsində Azərbaycanın payı artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ancaq əvvəlki illərdə hətta Azərbaycandan əlavə mavi yanacaq xahiş edən ayrı-ayrı ölkələrin, təşkilatların başçılarından azmı pisliklər görmüşük. Biz etibarlı tərəfdaş olmağın qarşılığında Avropa ölkələri və təsisatları daxil, dünyanın bir sıra paytaxtlarından etibarsızlıq da görmüşük, hətta torpaqlarımızın işğal altında olduğu ən ağır illərimizdə... Azərbaycanı və onun liderini Avropa üçün cəlbedici edən qətiyyətli, etibarlı, prinsipial siyasət, hər hansı kənar təsirlərə boyun əymədən öz yolu ilə hədəflərinə doğru irəliləməsi, əzmkarcasına, bir çox ölkə və təşkilatlarda unudulmuş beynəlxalq hüququ da əldə əsas tutaraq ümummilli maraqlar naminə ən çətin maneələri aşması sözü ilə imzasının vəhdət təşkil etməsidir. Bu, bir Azərbaycan nümunəsidir bütün dünya üçün. Bu gün Azərbaycan “yaşıl kabel” layihəsinin reallaşmasında çox böyük önəm verdiyi Azərbaycanın təhlükəsizlik adası olmasını təqdir edir. Amma görək dünən, torpaqlarımız işğal altında ikən ərazi bütövlüyümüz və suverenliyimizin bərpası naminə onların hansı biri əlini daşın altına qoydu? Əksinə, əl-ayağımızdan tutmağa çalışanlar var idi. Bu gün, elə Tiranada olduğu kimi, Kopenhagendə də Azərbaycan Prezidenti ümumdünya maraqları, sülh və təhlükəsizlik naminə onların əlini havada qoymadı və məhz onların müraciətləri əsasında ikitərəfli görüşlərə də vaxt ayırdı, dövlətlər arasında körpüləri yandırmağa zaman sərf eləmiş liderlərlə belə...
Bu məqsəd-məram heç də “Avropa Siyasi Birliyi”nin təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədindən, ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək məramından irəli gəlmirdi. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq bloklarda təmsil olunmamaq xəttinə sadiqdir, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verir, amma Avropanın 7-ci Zirvəsini keçirən bu təsisatından çox-çox qabaq dövlətimizin lideri özünün qlobal əhəmiyyət kəsb edən məramını bəyan edib, ona uyğun siyasət yürütməkdədir.
“Avropa Siyasi Birliyi”nə Avropa İttifaqının üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir. Amma görək bu ölkələr içərisində neçəsi yüksək diqqəti müşahidə edirik? Təbii ki, Azərbaycan dövləti və Prezidenti ön sırada gəlir, qeyd etdiyimiz kimi, əvvəlki toplantılarda da bunun şahidi olmuşuq. Əslində başqa cür ola bilməzdi. Söhbət təkcə Avropa təsisatındakı diqqətdən getmir ki... Dünyanın bir saylı ofisinin rəhbəri, superdövlətin başçısı Donald Tramp 8 avqustda, daha sonra BMT Baş Assambleyasında Azərbaycan Prezidentinə xitabən “Sizinlə fəxr edirəm”, söyləyirsə, digər liderlərin ayrı düşüncədə olmasının elə də bir anlamı qalmır.
“Avropa Siyasi Birliyi”nin 2022-ci ilin oktyabrında Praqada keçirilən ilk toplantısında da Prezident İlham Əliyev iştirak etmişdi. Cəmi iki il əvvəl kapitulyasiya aktına imza atmış Ermənistanın baş naziri Nikol Paşinyan da həmin toplantıya qatılmışdı və Avropa İttifaqı Şurasının o vaxtkı prezidenti Şarl Mişelin, həmçinin Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti ilə qeyri-rəsmi görüş olmuşdu. Elə həmin tədbir çərçivəsində Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Bu, bir ilk idi. Azərbaycan Prezidenti Paşinyanı da, Makronu da ərazi bütövlüyümüzlə bağlı şübhələrinə son qoydu. Vaxtilə “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Paşinyan da, həmçinin 2020-ci ilin oktyabrının ilk günlərində Azərbaycanı “Qarabağı işğal etməkdə” (?!) ittiham edəcək qədər absurda gedən Makronu da peşman etdi dövlətimizin uğurlu diplomatiyası. Amma yenə yanlış yol tutdular və 2023-cü ilin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa Siyasi Birliyi”nin ikinci Zirvə toplantısı çərçivəsində Fransa prezidenti Makron o vaxt Almaniyanın Federal kansleri olan Olaf Şoltsla birlikdə prosesləri geri döndərməyə cəhd etdilər. Qurumun 2023-cü ilin oktyabrında isə İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakına etirazın qarşılığında Azərbaycan Lideri də tədbirə qatılmaqdan nümayişkəranə şəkildə imtina etdi. Beləliklə, Azərbaycanın iştirak etmədiyi görüşdə Mişel, Makron, Şolts və Paşinyan beştərəfli (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) mənasız, ermənipərəst Qranada bəyanatını qəbul etdilər.
Azərbaycan Prezidenti sözünü demişdi: Bakı və İrəvan arasında sülh yalnız ikitərəfli format halında əldə oluna bilər, katalizatorların iştirakı ilə deyil! Nə qədər haqlı olduğunu görməkdəyik: artıq Zəngəzur dəhlizi – Tramp marşrutu da razılaşdırılıb! Belə uzaqgörən Liderlə görüşə böyük marağın olması təbiidir. Biz bu marağı BMT Baş Assambleyası başlamazdan öncə də gördük: Prezident trapdan enər-enməz ABŞ-nin nəhəng şirkətləri onunla görüş üçün növbədə dayanmışdılar.
Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. Qeyd etdiyimiz kimi, bu, Cənab Prezidentin Avropada yüksək nüfuzunun, ona göstərilən böyük hörmətin, eləcə də ölkəmizin müsbət imicinin, ona verilən xüsusi dəyərin və olduqca pozitiv münasibətin göstəricisidir. İkitərəfli görüşlərdə Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin reallaşması istiqamətində atılan addımlar xüsusi müzakirə olunub. Bu da döyüş meydanında ləyaqətli qələbə qazanan Azərbaycanın diplomatik müstəvidə də qazandığı uğurun de-fakto və de-yure tanınmasıdır. Unutmamışıq, 44 günlük müharibədən sonra Zəfərimiz bir çoxlarının boğazında ilişib qalmışdı...
Prezident İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşündə Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycana qarşı Niderland parlamentinin də daxil olduğu çevrələrin qəbul etdiyi qətnamələri unutmamışıq. Lakin bizə doğru addım atanların da əlini geri qaytarmırıq.
Fransa Respublikasının Prezidenti Emmanuel Makron növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə can atdı və müsbət reaksiya gördü. Əslində bu görüş əsnasında onun Azərbaycan Liderindən son illərdəki davranışlarına görə üzrxahlıq edib-etmədiyini deyə bilmirik, çünki görüşün detalları tam bəlli deyil. Amma üzr üçün kifayət qədər əsaslar var idi. Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etməkdən tutmuş, Ermənistanı və separatçıları müdafiəyə, ölkəmizdən BMT TŞ-yə şikayət etməsinə, Fransa parlamentində qəbul olunan mənfur qətnamələrə qədər...Natəvanın abidəsinə həqarəti də unutmamışıq.
Amma bu, Azərbaycan diplomatiyasının, İlham Əliyevin qələbəsidir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edir. Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq istəyənlər Azərbaycanın yaratdığı reallığı qəbul edirlər.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik edib, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu deyib. Bu arada, Avropa İttifaqı Ermənistandakı kəşfiyyatçılarını çəkib, aparsa, yetər...
Prezident İlham Əliyevin Avropanın digər aparıcı ölkəsi İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü də böyük maraq doğurdu. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirildi və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdə yeni mərhələnin şahidi olmaqdayıq.
Azərbaycan və Ermənistan liderləri növbəti dəfə Kopenhagendə bir araya gəliblər. Tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bu, Ermənistandan “maşa” kimi istifadə edənlər üçün də soyuq duş effekti verən razılaşmadır, amma ayrı əlacları yoxdur, İlham Əliyev dedisə, demək bitdi! Həm də iş görmək lazımdır, "ev tapşırıqları"nı icra etmək, Zəngəzur dəhlizini tikmək...
Təbii ki, Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü sıradan görüş sayıla bilməzdi. Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini deyib. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirib. Azərbaycan Liderinin işğala məruz qalan Ukraynaya münasibəti çoxdan bəllidir: “İşğalla barışmayın!” Bu prinsipiallıq çox şey deməkdir.
Eyni zamanda cənab İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşündə, Avropanın ən həssas ölkələrindən biri olan Moldovaya Azərbaycan qazının çatdırılması məsələsi gündəmə gəlib ki, bu da ölkəmizin yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropada da mühüm oyunçuya çevrildiyini bir daha dünyaya göstərir. Heç bir təhdiddən çəkinməyərək yoluna davam edən Dövlət və onun Lideri var. Belə bir dövlətə və onun rəhbərinə isə təbii ki, daim hörmət qoyulacaq, o, bütün beynəlxalq tədbirlərdə diqqət mərkəzində olacaq!
Qürurverici həm də budur ki, bütün bunları tarixi Zəfərlə başa vurduğumuz Vətən Müharibəsinin ilk həftəsində yazırıq...5 il əvvəlin bu günlərində Fransa prezidenti Azərbaycanı dayandırmaq üçün hansı yollara əl atmırdı...Bu gün onu Qalib Liderin qarşısında o görkəmdə görməyin öz yeri var! Mövcud reallığı yaradan Lider Kopenhagen Zirvəsində onu ziyarət etmək istəyənlərə növbəti dəfə şans verdi. Bu, həm də əfvi-ümumi sayıla bilər. Bir daha etməsinlər, Paşinyandan digərlərinədək!
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ