Onlayn ictimai-siyasi qəzet
Ostap Benderin ardıcılları – Dədə Qorqud onlara aferist deməzdi, daha yaxşı ad qoyardı
Əməkdaşımız Elşən Balaxanılı saxta medal paylayanları Ostap Benderə bənzədib. Yaxşı bənzətmədir. Çünki bu adamlar təkcə ölkəmizdə işləməyiblər, beynəlxalq səviyyəyə çıxıblar, basıb gedib Türkmənistanda Qurbanqulu Berdımühəmmədovu da “Dədə Qorqud” ordeni ilə təltif ediblər.
O sağ olmuş da ordeni alıb, təntənəli məclis qurdurub: prezentasiya, yeyib-içmək, şəkil-video, alqışlar və s.
Adam nə bilsin ki, bu ordenin elə bir dəyəti yoxdur, adi metal parçasıdır. Hərçənd adı böyükdür. Dədə Qorqud bütün türk dünyasının ortaq və müdrik ağsaqqalı kimi möhtərəm şəxsdir. Düzdür, ozanın barəsində çəkilmiş filmdə beyni çönmüş oğuzlar və qıpçaqlar ağsaqqalı urvatsız edir, qopuzunun üstündən keçib bir-birini qılınclamağa gedirlər, amma bunun onu müdrikliyinə təsiri yoxdur, Alparuz və Yalıncıq eşşəklik edəndən sonra, ta Dədə nə qayırsın.
Bu dastanı bütün türk xalqları o cümlədən qardaş türkmənlər də bildiyi üçün hesab ediblər ki, “Dədə Qorqud” ordeni təxminən “Nevski” ordeni kimi bir şeydir.
Özümüzdən götürək. Vallahi, bir gün zəng edib desəydilər ki, bəy, səni “Dədə Qorqud” ordeni ilə təltif etmişik, sevinərdim, hərçənd təltif edənlərin kimliyini biləndən sonra Ostap Bender olduqlarını təxmin edərdim. Çünki orden-medalı adama dövlət verər, bu, başqasının işi deyil.
Bu yerdə Ostap Bender haqqında qısa məlumat verək, söhbəti davam etdirərik.
“Ostap İbrahimoviç Bender” personajı İlya İlf və Yevgeni Petrovun “On iki stul” və “Qızıl buzov” romanlarının baş obrazıdır. Bu romanları çox adam oxuyub. Oxumayanlara “oxuyun” tövsiyəsi verərdim, amma dəqiq bilirəm ki, oxumayacaqlar, olsa-olsa videosuna, yəni filminə baxarlar. Bu əsərlər əsasında çəkilmiş yaxşı və çoxlu filmlər də var – birində baş rolda Sergey Yurski (bizim “müsyö Jordan”), o birində də Andrey Mironov (“İtalyanların Rusiyada qəribə macəraları” filmində italyan qızı bişirən milis kapitanı) oynayır.
Ostap Bender fırıldaqçı və macərapərəstdır, "böyük kombinator"dur (düzüb-qoşan), "əskinaslar uğrunda ideoloji döyüşçüdür" və "pul çırpışdırmaq üçün dörd yüz nisbətən dürüst yol" bilir. O özünü çox vaxt “Ostap-Süleyman-Berta-Mariya-Bender-bəy” kimi təqdim edir. Adamın ad-soyadında keçən bu adlardan və axırındakı “bəy” ünvanından anlaşılır ki, Ostap Ukrayna-yəhudi-alman-türk qarışığı biridir. Dünyanın hər yerində aferistlərin adları çox olur axı. Elə milli mənsubluqları da az olmur: Rusiyda özlərini rus, Almaniyada alman, Türkiyədə türk kimi təqdim edilrər, yeri gələndə italyan, fransız da ola bilirlər. Bu heç.
Amma bizim aferistlər özlərini Türkmənistanda əsl türk oğlu türk kimi təqdim ediblər, çünki söhbət Türkmənistan liderini “Dədə Qorqud” ordeni ilə təltif etməkdən gedirdi. Onların çamadanında o ordendən çox varmış, ola bilər, keçib Qırğızıstan, Özbəkistan, Qazaxıstan kimi türk uluslarında da kimlərisə təltif ediblər. Ya da yiyə duram olmayıb, qaytarıb gətiriblər ölkəyə.
Sual çıxa bilər ki, bu cür orden təsis və təltif etməkdə bəylərin məqsədi nə olub. Nə olacaq, 3-5 manat pul qazanmaq. Yəni o boyda ordenlə təltif olunan adamların qanacağı çatmayacaqdımı ki, təltif edənlərin hərəsinin cibinə 2-3 min dollar xərclik qoysunlar... O boyda yol gəliblər.
Yadınızdadırsa, bir ara jurnalistlərə və ya özünü jurnalist sayanlara “Qızıl qələm” mükafatı vermək ənənəsi vardı. İldə yüzlərlə adama o mükafatın döş nişanını verirdilər, daha doğrusu, satırdılar. Axır-axırda hacətin qiyməti 30 manata düşmüşdü. Ömründə bir dənə yazı yazmayan adamlar da 30 manatlarını verir, olurdular “Qızıl qələm” mükafatı almış tanınmış jurnalist”.
Orden-medal hərisliyi bizə sovet dövründən qalıb. SSRİ boyda nəhəng imperiyanın böyüyü Brejnev əsgərlikdən qayıdan daysının medallarını, döş nişanlarını alan ibtidai sinif şagirdləri kimi eyzən orden-medal yığmırdımı? Öz əlindəydi, hər il özünü ən yaxşı ordenlərlə təltif edirdi. Hətta ağsaqqal özünə ən prestijli “Qələbə” ordeni də vermişdi. Ölən kimi onun təltifni ləğv elədirlər, ki, müharibədə “zampolit” olmusan də, başqa nə qələt eləmisən.
Uzun sözün kəsəsi, ən pisi üç aferistin yalançı orden-medal qayırıb pulla satması deyil, bundan daha betəri o saxta medalları, nişanları alarnların etdiyidir. Onlar bundan başqalarının qarşısında üstünlük kimi istifadə edir, ondan faydalanırlar. Əsl dələduzluq, bax, budur.
P.S. Postsovet məkanında Ostap Benderə olan hörmət bütün digər bədii əsər obrazlarına, hətta müsbət qəhrəmanlara olan rəğbətdən üstündür. Sizcə, niyə? Bunun bir sadə sirri var.
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ