İnsanlara hürriyət, millətlərə istiqlal!

O vaxt da Polşadan başlanmışdı...

Ötən həftə siyasi proseslərin trayektoriyası sanki Rusiya-Ukrayna müstəvisindən ayrılaraq bir az fərqli, Yaxın Şərq, daha doğrusu, İsrail-Qətər istiqamətinə keçmək istədi. 

Amma Moskvanın indi də Varşavaya qarşı törətmək istədiyi hərbi akt yenidən diqqətləri bu istiqamətə qaytardı; nəinki postsovet məkanı, hətta NATO ölkələri də ciddi bir narahatlıq yaşadı, məşhur 5-ci maddə olmasa da 4-cü işə düşdü. 

Xoşbəxtlikdən qısa həyəcanlanmadan sonra eskalasiya inkişaf etmədi və gərginlik sanki müəyyən həddə donub qaldı.

Maraqlısı nədir? Kremlin növbəti hərbi təxribatı NATO ölkələri üçün bəlkə yenilik idi, amma böyük əksəriyyət üçün heç də belə deyildi. 

Ona görə ki, Polşa Rusiyanın keçmiş sosialist ölkələri arasında daim problem yaşadığı ölkədir. Varşavanın da adı ara-sıra Moskvanın hədə siyahısında hallanır. Hələ Ukraynadan əvvəl Moskva bu ölkəni NATO-nun hərbi, hətta nüvə infrastrukturunu özünün sərhədlərinə yaxınlaşdırmaqda ittiham edirdi. Bir neçə il bundan əvvəl Rusiyanın ərazisində Smolenskə uçan və içində Polşanın prezidenti olan təyyarə çox müəmmalı şəkildə qəzaya uğramış və prezident də həlak olmuşdu. 

Bundan başqa, Polşa Ukryana ilə Belarusun demokratik qüvvələrilə ən sıx əməkdaşlıq edən Avropa ölkələrindəndir.

Tarixə baxanda adam başqa məqamlarla da rastlaşır. İkinci Dünya müharibəsi də demək olar, Polşanın işğalından başlamışdı. Amma adamı daha çox narahat edən bilirsiniz, nədir? O vaxt Qərb Polşanı satdı və ölkə uzun müddət sovet imperiyasının tərkibində qaldı: əlbəttə, o, tək deyildi, Macarıstan, Çexoslavakiya, Rumıniya, Yuqoslaviya, Almaniya Demokratik Respublikası, Albaniya vardı! 

Amma Polşa bundan əvvəl də rus imperiyasının təcavüzünü yaşamışdı. İkinci Dünya müharibəsinə gəldikdə, bir filmdən çox kiçik epizodu hələ də unutmamışıq. Stalinlə Avropanı bölüşdürən, Polşanı SSRİ-yə güzəşt edən Çerçill deyir: “Bəli, siyasət həqiqətən çox abırsız məşğuliyyətmiş!”

Ümid edirik, daha belə olmayacaqdır. Amma çox qəribə proseslər baş verir. Bir tərəfdən, Tramp olmasa da Avropa liderləri Ukraynaya dəstəyi azaltmaq niyyətində deyillər, o biri tərəfdən də Rusiya ilə birbaşa toqquşmadan, xüsusən də NATO-Rusiya savaşından qaçmağa çalışırlar. 

Prinsipcə, bunu da anlamaq olar: şəxsən bizə elə gəlir ki, hazırda Rusiyanı, yumşaq şəkildə desək, anormal adamlar idarə edirlər. Dünyada imperiyalar çox olub və onların əksəriyyəti ötən əsrdə süqut edibdi. Niyə Rusiya istisna olmalıdı? Axı indi 21-ci əsrdi, bu əsrdə bir demokrat, bir də imperialist olmaq sözün əsl mənasında ayıbdı! Baxın, dünyada özünü imperiya adlandıran ölkə varmı?.. 

Bir neçə ilin söhbətidir. Hətta qərbçi Anatoliy Çubays (Ukraynayla müharibə başlayandan sonra Rusiyadan qaçdı) yazırdı ki, Rusiya liberal imperiya olmalıdır! 

Demirik ki, Qərbdə belə fikirlər səslənmir. Yox, məsələn, ABŞ politoloqu Bjezinski də ölkəsi ilə bağlı oxşar fikirlər söyləyirdi, amma onun kimi keçmiş sovetoloqlara elə də ciddi yanaşmırdılar. 

Proseslərin davamı necə olacaq? İnanın, heç kim bunu dəqiq bilmir. Siyasi vektorlar arasında böyük fərqlər var. Burada təkcə Rusiya ilə ABŞ-nin müvqeləri haçalanmır, ABŞ ilə Avropa ölkələrinin də problemə yanaşmalarında xeyli fərqlər var. 

Bizə elə gəlir ki, ABŞ-nin mövqeyi konkretləşsə, bu, Avropaya da təsir edə bilər, hərçənd, bir daha qeyd edirik ki, hazırda qəti mövqesizlik daha çox ABŞ-nin və onun prezidenti Trampın hərəkətlərində sezilir. 

Tramp Pentaqonun adını dəyişib Müharibə Nazirliyi qoyur. Maraqlıdır, beş-on gün əvvəl özünü “sülh göyərçini” kimi təqdim edən adam kimə müharibə elan etmək niyyətindədir? Bəlkə HƏMAS-a? Ya öz iqtisadi rəqibi Çinə? Yaxud da geosiyasi problem olan Rusiyaya?..

Bilinmir. Hamının başa düşdüyü budur ki, Putin Rusiyasını sözlə, siyasətlə, diplomatiyayla, hətta iqtisadi sanksiyalarla yola gətirmək mümkün olmayacaq. Bəlkə buna görə Pentaqon Müharibə nazirliyi adlandırılır? Amma niyə İkinci dünya müharibəsi zamanı Ruzveltin ağlına gəlməmişdi bu? Bir də ad nəyi həll edir axı?..





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR