Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, prosesdə Fərhad Qasımov sərbəst ifadə verib. Deyib ki, ofisdə axtarış zamanı tapılan silahlar ona aid olub.
Fərhad Qasımov ittiham aktında İkram Qasımovla bağlı hissədə ifadəni təsdiq etməyib. Bildirib ki, ifadə onun sözlərindən düzgün yazılmayıb.
Fərhad Qasımovun vəkili ofisdən tapılan pullarla bağlı arayış verib. Deyib ki, həmin pullar Fərhad Qasımovun bacısının mənzil satışından əldə olunan gəlirlərdir. Vəkil dediklərini sübut edən sənədlərin cinayət işinə daxil edilməsini xahiş edib. Sənədlər cinayət işinə əlavə olunub. Vəkillər prosesə əlavə şahidlərin çağırılması ilə bağlı vəsatətə təkrar baxılmasını xahiş ediblər. Bildiriblər ki, şahidlərdən Kənan Kazımovun məhkəmədə iştirakının önəmli olduğunu deyib. Məhkəmə vəsatətləri təmin etməyib.
Musavat.com xəbər verib verir ki, ötən prosesdə Bahadır Qasımovun vəkili Kamandar Nəsibov bir neçə şəxsin məhkəməyə çağırılması üçün vəsatətlə çıxış etmişdi. Qısa müşavirədən sonra vəsatətlər təmin olunmayıb. Vəkil vəsatətin təmin edilməməsinə etirazını bildirib. Qeyd edib ki, məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı əsaslı arqument təqdim etməyib: “Həmin şahidlər müdafiə etdiyim şəxsə qarşı ifadə veriblər. Onlar gəlib, məhkəmə iclasında da ifadə versinlər”.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib. Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib. İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar.
Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar. Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir. Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
Məhkəmənin növbəti iclası mayın 30-na təyin edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ