Onlayn ictimai-siyasi qəzet
Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.
Haqlı olaraq “Nürnberq prosesi” adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.
Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır.
Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.
Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Hazırda prosesdə zərərçəkənlər dinlənilir, sübut, dəlillər tədqiq olunur.
Məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.
O, 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib:
“Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər atırdılar, zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdilər.
“Şrapnel tipli” adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bu, elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər.
Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələrə dəriyə batmadan, sadəcə əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur”.
Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib:
“Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və “ordu komandiri” olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm”.
O, hadisə zamanı Elmir Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub.
Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ