Onlayn ictimai-siyasi qəzet
1940-cı ildə gənc sovet həkimi Vasili Milovidov iki həmkarı ilə birlikdə aborta görə məhkəməyə çağırılıb. Hər üçü həkimlik hüququndan məhrum olmaqla həbs cəzasına məhkum edilib. Milovidovun tibb karyerası orada başa çata bilərdi, lakin hər şey başqa cür olub. O, nəinki cinayət keçmişini gizlətməyə və tibbi təcrübəyə qayıtmağa, həm də tibb elmləri doktoru alimlik dərəcəsinə yiyələnməyə nail olub və illər sonra RSFSR Səhiyyə Nazirliyinin baş uroloqu olub.
Öz vəzifəsinə qayıdan və uğur qazanan Milovidov uzun illər xəstələri əlil edən əməliyyatlar həyata keçirib. Baş uroloqun adi əməliyyat zamanı ciddi səhvə yol verməsi ilə dəhşətli həqiqət üzə çıxıb. Sonrakı qalmaqal Sovet İttifaqının tibb ictimaiyyətini sarsıdıb.
Vasili Milovidov planlaşdırılmış əməliyyat zamanı xəstənin onikibarmaq bağırsağını əli ilə qoparıb, sonra isə saxta tibbi sənədlərlə bu faktı gizlətməyə çalışıb.
Bu uğursuzluğa düçar olanda o, günahı həmkarlarının, o cümlədən həmin vaxta qədər əfsanəyə çevrilmiş professor Vasili İvanovun üzərinə atmağa çalışıb və sonra vəziyyətdən başqa çıxış yolları axtarmağa başlayıb. Amma bir aydan sonra məlum olub ki, baş uroloq bir neçə ildir ki, sağlam insanları əlillərə çevirən əməliyyatlar aparıb.
Eyni zamanda, həkim sadəcə olaraq bütün tədqiqatlarının nəticələrini saxtalaşdırıb. Milovidovun əvvəllər məhkum olunduğu, lakin bu faktı hamıdan gizlətdiyi də ortaya çıxıb. Ancaq həkimin sirləri bununla da bitməyib.
Məlum olub ki, 12 ildən çox müddətdə o, bir sıra elmi işləri saxtalaşdırıb. Mütəxəssislər Milovidovun kavernotomiya üsulu ilə əməliyyat olunan xəstələrin 11 tibbi sənədini araşdırıb, onların izahatlarını dinləyib, həmçinin əməliyyat jurnallarını tədqiq ediblər. Mütəxəssislərin gəldiyi nəticəyə əsasən bıçaq altına girən 11 xəstənin heç birinin əməliyyata ehtiyacı olmayıb. Onların hamısına heç bir əsas olmadan, səkkiz halda isə açıq-aşkar saxtalaşdırılmış tibbi sənədlər əsasında “böyrək vərəmi” diaqnozu qoyulub. Milovidov özü tərəfindən seçilən sağlam insanları xəstə adı ilə qeydiyyata alıb və əməliyyatlarla guya onları sağlamlığına qovuşdurub.
Araşdırma 15 oktyabr 1963-cü ildə başa çatıb və artıq oktyabrın 18-də RSFSR səhiyyə naziri Vladimir Trofimov Milovidovun vəzifəsindən azad edilməsi haqqında əmr imzalayıb. Təxminən eyni zamanda, onun metodundan istifadə edərək kavernotomiya aparmaq üçün metodoloji tövsiyələr praktikadan çıxarılıb.
Vasili Milovidovun məhkəməsi 1965-ci il oktyabrın 21-də başlayıb və müttəhim özünü istintaqda olduğu kimi aparıb: günahını boynuna almayıb, hər şeyi həmkarlarının üzərinə atıb və özünü intriqa qurbanı hesab edib. Nəticə etibarilə nəinki onun ifadəsini oxumaq, hətta bütün şahidləri təkrar dindirmək, həkimin yalanları ifşa etmək lazım olub.
Maraqlıdır ki, məhkəmə “böyük” sovet həkimi Vasili Milovidovun müdafiəsi üçün üç məktub alıb. Demək olar ki, eyni mətnlə, lakin müxtəlif görkəmli moskvalılar tərəfindən imzalanıb: general, şair və Sovet İttifaqı Qəhrəmanı. Məhkəmə işinin gedişatında aydınlaşıb ki, məktubu Vasili Milovidovun özü yazıb və məşhur insanlar yalnız onun altında imzalarını qoyublar. Təqsirləndirilən şəxs bir çox insanın yanına gedib, onun müdafiəsi üçün apellyasiya şikayətinə imza atmağı xahiş edib. Ancaq qapısını döydüyü şəxslərin yalnız üçü onunla razılaşıb və hamısı da onun xəstələri olub.
1966-cı il yanvarın 15-də Vasili Milovidov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona beş il müddətinə həkimlik fəaliyyəti qadağan edilib.
Lakin hökm qüvvəyə minməmişdən əvvəl Milovidov ölkədən çıxmamaq barədə yazılı öhdəlik verib və Səhiyyə Nazirliyinin 4-cü baş idarəsinin - partiya və sovet elitasına xidmət edən klinikasında məsləhətçi həkim kimi işləməyə davam edib.
Stressli işləri olan yaşlı kişi xəstələr (o dövrdə Sov.İKP MK-da baş verən sakit çevriliş nəticəsində Nikita Xruşşov vəzifədən uzaqlaşdırılıb və Leonid Brejnev yeni baş katib olub, bu da bir sıra istefalarla nəticələnib) tez-tez intim problemlə klinikaya gedirək Milovidovun pasiyenti olublar. Uroloq, yeri gəlmişkən, həmkarlarının intriqalarından şikayətlənib və bəzi vəzifəli şəxslər minnətdarlıqla ona kömək etməyə çalışıblar.
Odur ki, 23 aprel 1966-cı ildə kassasiya məhkəməsi hökmə yenidən baxış keçirib: Milovidovun cəzası şərti olaraq, üç il sınaq müddəti ilə dəyişdirilib və tibb fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi şəklində əlavə cəzası da hökmdən çıxarılıb. Hətta 1968-ci il fevralın 16-da “tibb elmləri doktoru” Milovidova Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyi şərəfinə amnistiya aktı tətbiq edilib və o, şərti cəza çəkməkdən azad edilib. 1970-ci il martın 16-da Ali Məhkəmənin sədri Leonid Smirnov Milovidovun cinayət törətmədiyi qənaətinə gəlib və nəticədə həkimin şərti cəzası 1 ilə endirilib.
O, 1975-ci ilə qədər Səhiyyə Nazirliyinin 4-cü baş idarəsinin klinikasında məsləhətçi həkim kimi işləməyə davam edib. Həmkarları onun yalnız müharibə haqqında hekayələrini xatırlayıblar. Buna baxmayaraq, SSRİ səhiyyəsində mütəmadi olaraq “Milovidovizm” termini işlənib və yalnız 2000-ci illərdə unudulmağa başlanılıb.
Bütün hallarda prostat problemlərinin müalicəsinə baxan və vəzifəli şəxslərin hesabına məsuliyyətdən yayınan “həkim”in cinayət işinin materiallarında yazılıb ki, onun 1950-1962-ci illərdə psevdo-elmi fəaliyyəti nəticəsində yaşı 40-dan aşağı ən azı 33 nəfər əlil olub, bir xəstə isə əməliyyat masasında dünyasını dəyişib.
Vasili Milovidov 1992-ci ildə dünyasını dəyişib və paytaxt qəbiristanlıqlarının birində dəfn edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ