İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü plantator sayan Rusiya – xətrinə dəysə də, daha ona kölə olmaq istəyən yoxdur

Adam baş verənlərə baxır və olduqca sadə bir suala cavab axtarır: Biz Rusiyaya nə pislik etmişik, Kremlin bizə aqressiyasının səbəbi nədir?

Bu suala rus politoloq-patriotlarından biri cavab verəsi olsa, azı bir saat danışar, qırx dərənin suyunu bir-birinə calayar, amma yenə də məntiqli cavab olmaz.

Çünki son 200 ildə nə edibsə, Rusiya bizə edib. İşğaldan istismara qədər. Qətliamlardan repressiyalara kimi. Diskrininasiyadan assimlyasiyayadək. Mündəricatda hər şey var.

Ədalət naminə Rusiyanın bizə etdiyi yaxşılıqlardan da bəhs etmək olar. 100 il əvvəl ölkəmizdə ali təhsilli adamların sayı 60 civarında olub, indi milyonu aşmış olar. Rusiya bu ölkəyə kitab, təhsil, tərəqqi gətirib, bizi cəhalətdən xilas edib və s.

Ancaq Rusiya bu ölkəyə verdiyindən yüz qat çox alıb, aparıb. Sovet vaxtı Bakı neftindən gələn hər 100 manatın cəmi 7-si bizə çatıb, 93-cü Moskvaya gedib. O 7 manat da neftçilərin maaşına, mənzilinə, bir də müəyyən inşaat layihələrinə xərclənib.

SSRİ dövründə Azərbaycan ittifaq büdcəsindən ayrılan dotasiyalarla dolanan respublika olmayıb, ittifaq büdcəsinə dotasiya verən ölkə olub. Bütün mənffət işləyən müəssislərimizin qazancının mütləq çoxu ittifaq büdcəsinə köçürülüb.

Rusiyanın ayrı-ayrı iri şəhərlərinin ət, yağ, süd, faraş meyvə-tərəvəzlər kimi ərzaqlarla təminatı bizim respublikanın öhdəsində olub. Moskva və Leninqrdadda hələ də “sovet dövrünün ucuzluğu”na dair nostalji dolu bayatılar deyənlər var. Bax, həmin o ucuzluğu Azərbaycan zəhmətkeşləri təmin edirdilər. Amma özümüz yağı gedib Ermənistan və Gürcüstandan baha qiymətə alırdıq.

“Azərbaycan Rusiyaya nə pislik edib” sualına cavabın bir hissəsi, yəqin ki, belə olar, deyə bilərlər ki, daha Azərbaycan Rusiyaya müftə neft-qaz, ucuz ət-yağ, meyvə-tərəvəz, şərab, pambıq, əsgər göndərmir, əvvəlki kimi sözəbaxan deyil, başqa ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq edir və sair və ilaxır. Bunlar, əlbəttə, koloniyanın metropoliya qarşısında etdiyi “bağışlanmaz səhvlər”dir.

Konkret olaraq, münasibətlərin pisləşməyə doğru getdiyi ötən ilin dekabrından başlayaraq, bu günə qədər Azərbaycan dövlətinin Rusiyaya qarşı etdiklərinə baxaq:

Rusiya hərbçiləri mülki vətəndaşlarımızı daşıyan mülki təyyarəmizi vurub, insanları qətlə yetirib, etiraz etmişik. Bu bir.

Sonra Rusiya tərəfi bu cinayəti ört-basdır etmək istəyib, gah qazaxıstanlı, gah da braziliyalı ekspertlərdən özünə sərfəli ekspert rəyi almağa çalışıb, razılaşmamışıq. Bu iki.

Vurulan təyyarəyə və həlak olan insanlara görə üzrxahlıq və kompensasiya tələb etmişik. Bu üç.

Bu səbəbdən MDB formatındakı görüşlərdən və qələbə paradında ali səviyyədə iştirakdan imtina etmişik. Bu dörd.

İyunun axırlarında Yekaterinburqda soydaşlarımızın hüquq-mühafizə orqanları tərəfindən öldürülməsinə, kütləvi şəkildə fiziki təzyiqə məruz qoyulmasına etiraz etmişik. Bu beş.

Buna cavab olaraq ölkəmizdə agentura işi ilə məşğul olan “jurnalistlər”i və onların ətrafında olan bir qrupu həbs etmişik. Bu da altı.

Saymaqda davam etsək, bu rəqəm 10-u keçəcək. Göründüyü kimi, “günah”larımız çoxdur və hamısı da Rusiyanın bizə qarşı etdiklərinin önündə boynubükük, əliqoynunda durmamağımızla bağlıdır.

Rusiyada hesab edirlər ki, onların hərbçiləri və polisləri bizim vətəndaşlarımızı öldürə bilərlər, bu heç, amma bizim onlara “niyə öldürürsünüz, bu düzgün deyil” deməyimiz artıq suçdur, qiyam-üsyan kimi bir şeydir, itaətsizlikdir, üzə ağ olmaqdır, ikitərəfli münasibət korlamaqdır, “düşmən dəyirmanına su tökmək”dir və s.

Bu təxminən ABŞ-də quldarlıq dövründən bəhs edən romanlarda plantator və kölə münasibətlərini əks etdirən epizodlara bənzəyir. Plantator köləni durduq yerdə qırmanclayır, o can ağrısından yüngülvarı etiraz bildirir, əvəzində onu ağasının üzünə ağ olmaqda suçÖlayaraq, ölümcül vəziyyətdə əzişdirirlər.

Rusiya özünü plantator hesab edir, bizi isə dövlət müstəqilliyi əldə etməyimizdən 34 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, hələ də öz tarlasının köləsi sayır. Rus rəsmilərin, “ziyalı”ların, hər cür patriot-püsürlərin ritorikasından hasil olunan qənaət budur.

Adamın yadına Molla Nəsrəddinin məşhur lətifəsi düşür. Bir gün Molla yol gedirmiş. Quldurlar qabağını kəsir, üstündə nəyi var, alırlar, özünü də döyməyə başlayırlar. Molla qışqırır: “A kişilər, özümü soydunuz, ta niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?”

İndi onun sözü olmasın, ay Rusiya, vətəndaşlarımızı öldürdünüz, soydunuz, yerdə qalanlarını tutur, incidirsiniz, hələ bizi də durmadan təhdid edirsiniz. Niyə? Nahaq müstəqil olmuşuq, ya az xərac vermişik?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR