İnsanlara hürriyət, millətlərə istiqlal!

Papikyan Afinada - Yunanıstan yeni silahlar göndərəcək

Rəsmi İrəvan təhlükəli oyunun içərisində: sülh bəyanatları fonunda silah alış-verişi davam edir; Bakıdan xəbərdarlıq

44 günlük müharibə və bir günlük antiterror əməliyyatlarında arsenalının böyük bir hissəsi darmadağın edilmiş Ermənistan ordusunun yeni silahlar almaq üçün xüsusilə son zamanlar göstərdiyi canfəşanlıq hər kəsə məlumdur. “Yeni Müsavat” bildirir ki, İrəvanın silahlanmasına həvəslə dəstək verən daha bir ölkə Yunanıstandır.

Bir müddət əvvəl ölkənin “Enikos” portalının yaydığı xəbərdə Afinanın öz arsenalından İrəvan üçün ayırdığı “silah sovqatı”nın tərkibi də açıqlanıb - Rusiya istehsallı “S-300" zenit-raket kompleksi, "TOR M-1" və “OSA-AK” kompleksləri. Təkcə son dövrlər ərzində bu ölkənin hərbi məktəblərində təhsil alan erməni kursantlarının sayının iki dəfə, o cümlədən burada yetişdirilən erməni xüsusi təyinatlılarının da sayının xeyli artması məlum faktlardır.

Bu arada məlum olub ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstanda səfərdədir. Xatırladaq ki, 2023-cü ilin dekabrında Yunanıstana səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Müqavilə silah, döyüş sursatı və partlayıcı maddələrin istehsalı üçün texnologiyanın və texniki dəstəyin ötürülməsi, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı mallar və onların istehsalı sahəsində tədqiqatlar, silah-sursat və silah istehsalı sahəsində təcrübə mübadiləsi kimi mühüm əməkdaşlıq sahələrini əhatə edir. Saziş hərbi-texniki əməkdaşlığın formaları, o cümlədən texniki kadrların hazırlanması, üçüncü ölkələrdə istehsal olunan hərbi təyinatlı məhsulların təmiri və istismarı ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı müddəaları nəzərdə tutur.

Ermənistanla Yunanıstan arasında hərbi əlaqələr yeni deyil. Hətta son illər yunan Kiprini də bu prosesə qoşaraq faktiki olaraq Türkiyə və Azərbaycana qarşı hərbi koalisiya yaradıblar. Xatırlatmaq yerinə düşər, 2023-cü ilin iyulunda Yunanıstan, Ermənistan və Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilmişdi. Kiprdə keçirilən görüşdə üç ölkənin rəsmiləri qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərini müzakirə edərək, öz müdafiə və təhlükəsizliklərini gücləndirmək məqsədini bir daha təsdiqləmişdilər. Həmçinin qarşıdakı illər ərzində bir-birilərinin ərazilərində keçirəcəkləri silsilə tədbirlər üçün əməkdaşlıq planı da imzalanmışdı. O zaman bəlli olmuşdu ki, Yunanıstan Fransadan 24 ədəd “Dassault Rafale” çoxməqsədli döyüş təyyarəsi sifariş edib. Yunanıstan Hərbi Hava Qüvvələrinin (HHQ) "F-16" parkının əsas hissəsi də ən müasir “Blok 72" standartına qədər təkmilləşdirilir. Ən əsası isə Afina ən azı 20 ədəd beşinci nəsil "F-35" "Lightning II" döyüş təyyarəsi sifariş edir və daha 28 ədəd almaq imkanına malikdir. Türkiyə ilə gərginliyin azalmasına baxmayaraq, hərbi arsenalına yeni silahlar əlavə edən Yunanıstan paralel qaydada Ermənistanın da silahlandırılmasına dəstək verir, baxmayaraq ki, Bakı və İrəvan arasında sülhün əldə olunması istiqamətində müzakirələr gedir. Avropa İttifaqının üzvlərinin Ermənistanın revanşist siyasətinə dəstək verməsi bu qurumun Ermənistandakı kəşfiyyat şəbəkəsinin genişlənməsi fonunda baş verir. Üstəlik, Fransa və Hindistan istehsalı olan silahların daşınması da Nikol Paşinyanın sülh bəyanatlarını səsləndirdiyi zaman daha intensiv şəkildə həyata keçirilir. 

Doğrudur, əzəli düşməni olan Türkiyə və onun təbii müttəfiqi Azərbaycana qarşı erməni ordusunu gücləndirmək niyyəti güdən Afina bunu təkbaşına yox, Ermənistanın böyük bacısı - Emmanuel Makron hökumətinin diktəsi və yardımı ilə edir. Yunanıstan isə Azərbaycan qazının əsas alıcılarındandır. Afinanın İrəvana silah verməsi Yunanıstanın enerji təhlükəsizliyi sahəsində əsas tərəfdaşı olan Azərbaycanla münasibətlərinin soyumasına səbəb ola bilər. Bu məsələlərlə bağlı ekspertlərimizin maraqlı şərhi var. Ermənistanı savaşa həvəsləndirənlər nə etmək istəyirlər?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın militarlaşdırılmasında Avropa Birliyində parazit dövlət kimi yanaşılan Yunanıstanın yer alması təkcə türk düşmənçiyi ilə bağlı deyil: “Burada Brüsselin, yaxud da Parisin rolu varsa, o da üçüncü dərəcəlidir. Yunanlar hansı ölkənin istehsalı olan hərbi texnikanı Ermənistana gönədərirlər? Rusiyanın, eləmi? Siz necə düşünürsünüz, bu, Rusiyanın ürəyindəndir, ürəyindən deyil? Məncə, nəinki ürəyindəndir, hətta mümkündür ki, üç ölkə - Rusiya, Yunanıstan və Ermənistan həmin texnikanın sonuncuya ötürülməsi ilə bağlı birgə razılığa gəliblər. Niyə? Deyim. Rusiyaya əl verir ki, Hindistan, Fransa və digərlərinkindən daha çox Ermənistanda özünün istehsal etdiyi hərbi texnika və sursat olsun. Amma Ukraynaya qarşı apardığı savaş səbəbindən hərbi texnika və silah-sursata böyük ehtiyac duyduğundan forpostunu hər iki tərəfin arzuladığı səviyyədə təchiz edə bilmir”. S.Alıyev qeyd etdi ki, üstəlik, Qərbdəki havadarları da bəlli səbəbdən Ermənistanın Rusiyadan birbaşa hərbi texnika və silah-sursat almasına isti yanaşmırlar: “Beləliklə, Rusiya istehsalı olan raket komplekslərinin Yunanıstandan alınmasıyla "həm çoban özünü rahat hiss edir, həm qurd qane olur, həm də qoyun". Oyun bundan ibarətdir. Burada onu da xatırlatmağa ehtiyac var ki, hələ SSRİ dönəmində pravoslav Yunanıstanla yunan Kiprinə yanaşma digər kapitalist ölkələrinə yanaşmadan fərqlənirdi. SSRİ dağılandan sonra da çirkli pulların yuyulmasından tutmuş, bir sıra digər qaranlıq əməliyyatlaradək Rusiya siyasi elitası daha çox məhz həmin o iki pravoslav ölkəsi ilə birgə reallaşdırmağa üstünlük verirdi. Keçmiş kapitalist düşərgəsindən Qərbdəkilərin içərisində Rusiyadan ən çox silah idxal edən də yenə sözügedən bu iki ölkə idi. Yəni əvvəlki əlaqələr yeni şəraitin diktəsinə uyğun olaraq müəyyən dəyişikliklərə uğramaqla davam etdirilir". Millət vəkili rəsmi Bakının məsələyə həssas yanaşmasını normal saydı: “Təbii ki, Azərbaycan Ermənistanı militarlaşdıranların hərəkətlərinə göz yuması deyil və ən azından asimmetrik cavablar veriləcək. Yunanıstandan "S-300", TOR və OSA alan Ermənistana gəldikdə isə, yadlarına salmaq istəyirəm ki, İkinci Qarabağ savaşı zamanı həmin o "S-300"dən beşini, bir TOR M2KM və 14 OSA AKM-lərini necə sıradan çıxarmışdıqsa, təhlükəsizliyimiz üçün təhdid yaradacaqları halda, təzə əldə etdiklərinin də taleyi, şəxsi heyətlə birgə o cür olacaq”.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, Ermənistan ordusunun “yenidənqurma” adı ilə silahlandırılmasında Yunanıstanın yer alması yeni deyil: “Ermənistanın müdafiə naziri bu ölkəyə son illər bir neçə dəfə səfər edib. Bu, Türkiyə və Azərbaycana qarşı hərbi ittifaq deməkdir, Avropada bu işin başında Fransa dayanır. Yunanıstanlı hərbi mütəxəssislər Ermənistanda sürəkli xidmətdədirlər. Əlbəttə, Azərbaycanla enerji portnyorluğu içində olan bu ölkə ilə münasibətlərə xələl gətirən hərəkətlər gələcəkdə bəlli problemlərə səbəb olacaq”. Q.Çaxmaqlının fikrincə, Azərbaycan indidən Yunanıstanı xəbərdar etməlidir: “Ermənistana verilən silahların bir çox növləri NATO silahlarıdır və məsələyə münasibəti maraqlı olacaq, bu hərbi alyansın işə qarışmasına çalışmaq lazımdır. İkinci tərəfdən, silah arsenalı ilə bağlı beynəlxalq konvensiyanın işə salınması diplomatiyamızın əsas işi olmalıdır. Ermənistanın silah deposunun artırılması bölgədə sabitliyin təhlükəli həddə gəlməsi ilə nəticələnə bilər. Ermənistan yenə bəzi güclərin əlində alət olmaq funksiyasını davam etdirir, onu savaşa həvəsləndirənlər bu dövlətin taleyini fikirləşmirlər. Ermənistanın siyasi hakimiyyəti isə iqtidarını qorumaq üçün silahlanmaqla publikaya oynayır, sonunu fikirləşmir”.

E.PAŞASOY,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR