İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN-dən Azərbaycana diplomatik və açıq təhdid: “Mövqeyimizi yaxşı bilirlər”

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana ünvanladığı son açıqlamada Ukraynaya hər hansı yardım məsələsində Kremlin mövqeyini xatırladıb. Nazirliyin bəyanatında deyilir:

“Azərbaycanlı tərəfdaşlarımız Kiyevə ikili təyinatlı silah və ya humanitar yardımın tədarükü ilə bağlı Rusiyanın mövqeyini yaxşı bilirlər. Biz inanırıq ki, bu cür hərəkətlər münaqişənin sülh yolu ilə həllinə kömək etmir və yalnız yerlərdə vəziyyəti daha da pisləşdirəcək”.

Musavat.com xəbər verir ki, diplomatik üslubda səslənsə də, bu açıqlama Bakıya yönəlmiş təhdid kimi dəyərləndirilir. Kremlin mesajı açıqdır: “Biz hər şeydən xəbərdarıq və bu addımlar Rusiyaya qarşı hərəkət kimi qəbul olunur.”

Azərbaycan isə Ukraynaya yardım məsələsində mövqeyini birmənalı olaraq humanitar məqsədlərlə əsaslandırır. Rəsmi Bakı bildirir ki, Rusiya–Ukrayna müharibəsi nəticəsində milyonlarla insan humanitar fəlakətlə üz-üzə qalıb və belə şəraitdə normal dövlətlər çətin durumda olan mülki əhaliyə yardım göstərməyə çalışırlar.

Azərbaycan hər zaman məzlumdan və çarəsizdən yana mövqe tutub. Bu çərçivədə Ukraynaya göstərilən dəstək də məhz humanitar məqsəd daşıyır.

Rusiyadan təzyiq cəhdləri nəticəsizdir

Kremlə yaxın dairələrin, eləcə də rusiyalı siyasətçilərin, o cümlədən Kirill Kabanov kimi şəxslərin açıq hədələri və təzyiq cəhdləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini dayandırmayacaq. Bakı hesab edir ki, humanitar yardım beynəlxalq hüquqa tam uyğundur və mülki əhalinin müdafiəsi hər bir dövlətin mənəvi borcudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR