İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyanın kəşfiyyat şəbəkəsini ifşa edir: Kremlin “erməni desantı”na Qafqazı qarışdırmaq təlimatı verilib

Ermənistan hazırda olduqca təhlükəli bir mərhələdən keçir, xüsusilə də, Paşinyan hakimiyyətinin gələcək taleyi indi böyük risk altındadır... Kremlin Ermənistanda Rusiyaya bağlı bütün qüvvələri yenidən hərəkətə gətirməsi Paşinyan hakimiyyətinə əsl siyasi savaş sınağı vəd edir...

Rusiyanın Cənubi Qafqazda fəallaşması ilk növbədə Ermənistan cəmiyyətində ziddiyyətlərin kəskinləşməsi ilə müşayiət olunmağa başlayıb. Belə ki, hazırda Ermənistanın daxili və xarici siyasətində ciddi gərginliklər müşahidə olunur. Bu gərginlik həm Ermənistanın Cənubi Qafqazda təhlükəsizlik riskləri ilə üzləşməsi, həm də ölkə daxilində hakimiyyət-müxalifət qarşıdurmasının intensivləşməsi ilə ifadə olunur. Ən əsasısa, ölkədaxili gərginlikdə erməni kilsəsinin Paşinyan hakimiyyətinə qarşı siyasi-psixoloji hücumlarda avanqard rolu öz üzərinə götürməsi Ermənistanda sabitliyə ciddi təhdid hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Kremlin regional fəallığı Azərbaycan-Ermənistan sərhəd bölgəsində də silahlı qarşıdurma təhlükəsini artırıb. Son vaxtlar erməni hərbçilər tərəfindən Azərbaycana qarşı silahlı təxribatların artmaqda olduğu müşahidə edilir. Ermənistan prokurorluğu hətta belə təxribatçı hərbçilərdən bir neçəsinə qarşı cinayət araşdırmasına da başlayıb. Və belə anlaşılır ki, əslində, Paşinyan hakimiyyəti Ermənistan ordusuna tam nəzarət edə bilmir.

1538384900_ggg.jpg (128 KB)

Bəzi erməni KİV-ləri Ermənistan ordusuna Rusiyanın təsirinin hələ də güclü olduğunu iddia edirlər. Həmin iddialara görə, Ermənistan ordusunun bəzi yüksəkrütbəli zabitləri Rusiya kəşfiyyatının təlimatlarını yerinə yetirirlər. Ona görə də, rus kəşfiyyatının Ermənistan ordusu daxilindəki hərbi agentura şəbəkəsi vasitəsilə Azərbaycana qarşı silahlı təxribatlar törətmək imkanları hələ də təhlükəli səviyyədə qalmaqdadır. Və bu baxımdan, Paşinyan hakimiyyəti üçün Rusiya faktoru hələ də ciddi təhdid faktoru sayılır.

Digər tərəfdən, Ermənistanın “Hraparak” nəşri yeni sensasion sayıla biləcək iddialar gündəmə gətirib. Belə ki, erməni nəşri son vaxtlar Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında yaranmış qarşıdurmanı seçkilər ərəfəsində siyasi mübarizənin tərkib hissəsi olaraq, təqdim edib. İddiaya görə, erməni kilsəsi ilə Paşinyan hyakimiyyəti arasındakı siyasi savaş nəzarətdən çıxarsa, bu, Ermənistanda silahlı toqquşmalara da yol aça bilər. Və bu halda, Ermənistanda ölkədaxili xaos qaçılmaz olacaq.

Eyni zamanda, “Hraparak” nəşri baş nazir Nikol Paşinyanın erməni kilsəsini əsas siyasi rəqib olaraq, hədəfə aldığını da vurğulayıb. Erməni nəşri etibarlı mənbələrə istinadən bildirib ki, baş nazir Nikol Paşinyan öz yaxın ətrafı ilə qapalı toplantıda erməni kilsəsinin Rusiyadan təlimat aldığını deyib. Erməni baş nazir bu səbəbdən də, erməni kilsəsinin fəaliyyəti ilə bağlı biabırçı faktları açıqlamaqla, keşişlərin dövlət çevrilişi planını oflasa uğratmaq niyyəti güdür. Və baş nazir Nikol Paşinyanın 50 nəfərdən artıq keşiş haqqında araşdırılma aparılması barədə xüsusi xidmət orqanlarına göstəriş verdiyi də bildirilir.

pasha-keshish1.JPG (57 KB)

Ancaq erməni KİV-ləri Paşinyan hakimiyyəti ilə kilsə arasındakı qarşıdurmanın Ermənistan cəmiyyətində gərginliyi daha artırdığını və vəziyyətin hazırda təhlükəli istiqamətlər almaqda olduğunu da vurğulayırlar. Belə ki, baş nazir Nikol Paşinyanın “subaylıq andı”nı pozan keşişlərə yönəlik ittihamlarının cəmiyyətin konservativ təbəqəsində ciddi narahatlıq doğuruğu bildirilir. Hətta bu məsələ ilə bağlı Paşinyan hakimiyyətinin daxilində belə narazılığın olduğu vurğulanır. Və hakim partiyanın bəzi üzvlərininin erməni baş nazirin kilsə ilə savaşının yaxınlaşan seçkilər ərəfəsində hakimiyyətin siyasi mövqelərinə sarsıdıcı zərbə vura biləcəyindən narahat olduqları bildirilir.

Bütün bunlara baxmayaraq, baş nazir Nikol Paşinyan erməni kilsəsinə qarşı açdığı savaşdan geri çəkilmək niyyətində deyil. Əksinə, erməni baş nazir kilsə ilə savaşı Rusiyaya qarşı müqavimətin tərkib hissəsi kimi təqdim etməyə çalışır. O, bu yolla bir tərəfdən, Kremlin təlimatları ilə hazırlanan dövlət çevrilişi planlarını pozmağa çalışır. Erməni kilsəsini cəmiyyətdə nüfuzdan salmaqla, rus kəşfiyyatının radikal-revanşist siyasi düşərgəni vahid mərkəzdə birləşdirmək cəhdlərini bloklaya biləcəyinə ümid bəsləyir. Və bununla da növbəti parlament seçkilər ərəfəsində Ermənistanda hakimiyyət dəyişikliyi variantının tamamilə gündəmdən çıxarılmasını hədəfləyir.

pashinyan_28374.jpg (283 KB)

Digər tərəfdən, erməni kilsəsinə qarşı açılan savaş üzərindən Rusiyaya müqavimət göstərməyə çalışan baş nazir Nikol Paşinyan ABŞ və Avropa Birliyinin dəstəyini də yenidən öz arxasına almağa çalışır. Xüsusilə də, son vaxtlar ABŞ və Avropa Birliyinin Rusiya ilə münasibətlərinin yenidən gərginləşərək, qarşıdurma mərhələsinə keçməsi Paşinyan hakimiyyətini tamamilə məmnun edir. Çünki məhz belə situasiya rəsmi İrəvana Rusiya ilə qarşıdurmanı ABŞ və Qərbə “bazarlamaq” imkanları açır. Və əgər, baş tutarsa, bu, həm də Paşinyan hakimiyyətinə növbəti seçkilərdən qalib çıxmaq şansı qazandıra biləcək faktora da çevrilə bilər.

Göründüyü kimi, Ermənistan hazırda olduqca təhlükəli bir mərhələdən keçir. Xüsusilə də, Paşinyan hakimiyyətinin gələcək taleyi hazırda böyük risk altındadır. Kremlin Ermənistanda Rusiyaya bağlı bütün qüvvələri yenidən hərəkətə gətirməsi yaxın ayların Paşinyan hakimiyyəti üçün əsl siyasi savaş sınağı ilə keçəcəyini göstərir. Və Ermənistanın belə təhlükəli, həm də Kremlin “erməni desantı” ilə silahlı toqquşmalara yol aça biləcək siyasi qarşıdurmaya tab gətirəcəyi də hələlik ciddi şübhələr doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR