İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Türkiyədən Kremlə niyə meydan oxudu: İrəvan həm Rusiyaya, həm də Qərbə alternativ axtarır

Baş nazir Nikol Paşinyan Türkiyəyə yaxınlaşma variantını sınaqdan çıxartmaqla, əslində, Ermənistana inkişaf perspektivləri qazandırmaq niyyəti güdür... Erməni baş nazir Ermənistan üçün yeni təhlükəsizlik sistemi, regional iqtisadi-ticari proseslərə qatılmaq şansı və ən əsası isə ölkənin suverenliyinə təminat axtarır...

Cənubi Qafqaz Ermənistan üçün qəliz geopolitik məkana çevrilməyə başlayıb. Bu regionda cərəyan edən proseslər də qlobal ziddiyyətlərin tərkib hissəsi olduğundan rəsmi İrəvan Ermənistanı getdikcə daha da sərtləşən kənar müdaxilələrin sarsıdıcı təsirindən yayındırmaqda çətinlik çəkir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursu, Ermənistanı Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə çalışan Rusiyanın hədəfinə çevirən əsas faktorlardan biridir.

Onu da qeyd etmək lazımdır ki, Kremldə əsasən rəsmi İrəvanın Ermənistanı Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxartmaq cəhdləri ciddi şəkildə narahat edir. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada KTMT-də fəaliyyətini "dondurmuş" Ermənistana öz təhlükəsizliyinin təmin olunması imkanlarına ayıq başla və realist yanaşılması məsləhət görülüb. Və Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi ilə bağlı məsələyə 2025-ci il dekabrın 31-dən sonra baxıla biləcəyi barədə xəbərdarlıq olunub.

erdo-put-pasha-Снимок.JPG (45 KB)

Belə anlaşılır ki, Kreml rəsmi İrəvanı vaxtında prinsipial siyasi seçim etməyəcəyi təqdirdə, Ermənistanın təhlükəsizliyi ilə bağlı neqativ ssenarilərin işə düşə biləcəyi ilə təhdid edir. Əslində, rəsmi İrəvan da hərbi-siyasi proseslərin Ermənistan üçün təhlükəli istiqamətlər ala biləcəyini anlayır. Ona görə də Paşinyan hakimiyyəti Ermənistana təhlükəsizlik təminatı verməyən Qərbə və rəsmi İrəvanı təhdid edən Rusiyaya alternativ axtarışını intensivləşdirib. Və baxımdan, baş nazir Nikol Paşinyanın Türkiyəyə yönəlik manevrlərinə Ermənistanın geosiyasi kursunda yeni alternativ İstiqamət olaraq dəyərləndirilə bilər.

Məsələ ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri ətrafında formalaşan siyasi-diplomatik situasiya Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərin əlaməti hesab olunur. Çünki bunun sadəcə, Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdi deyil, həm də Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik və xarici siyasət arxitekturasından kənarlaşmaq hədəfinə bağlı olduğunu anlamaq mümkündür. Və belə anlaşılır ki, Paşinyan hakimiyyəti KTMT-nı artıq Ermənistan üçün etibarlı "təhlükəsiz çətiri" hesab etmir.

Əsas səbəblərdən biri ondan ibarətdir ki, Ermənistanın ikinci Qarabağ savaşında biabırçı məğlubiyyətindən sonra rəsmi İrəvanın həm Rusiya, həm KTMT ilə qarşılıqlı münasibətlərində olduqca dərin böhran yaranıb. Xüsusilə də, Kremlin həm hərbi, həm də siyasi baxımdan, rəsmi İrəvanın təhlükəsizlik tələblərinə cavab verməməsi, Rusiyanın "strateji müttəfiq" obrazına sarsıdıcı zərbə vurub. Və ona görə də, rəsmi İrəvanın KTMT-dən uzaqlaşmaq cəhdləri həm də Ermənistanın Rusiyaya bağlı təhlükəsizlik sistemindən çıxmaq qərarı kimi qəbul edilə bilər.

4aba1fd281ca292f9b0b3e92293ce1a6.jpg (178 KB)

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin Türkiyə ilə yaxınlaşma cəhdləri ilk növbədə mövcud blokada vəziyyətindən strateji praqmatizm sayəsində çıxmaq niyyəti sayıla bilər. Belə ki, Türkiyə ilə münasibətlər uzun illər boyu rəsmi İrəvanın qondarma "erməni soyqırımı" iddiaları və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından mövcud olmayıb. Ancaq son illərdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə xüsusi nümayəndələr təyin edilib və dialoq başladılıb. Və müəyyən diplomatik addımlarla müşayiət olunan bu proses baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri ilə növbəti mərhələyə də keçə bilər.

Böyük ehtimalla baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaqla, bir neçə strateji məqsədə çatmaq niyyəti güdür. Birincisi Türkiyə ilə normal münasibətlər gələcəkdə Azərbaycanla sülh dialoquna da pozitiv təsir göstərə bilər. Digər tərəfdən, rəsmi Ankara ilə yaxınlaşma Ermənistana Rusiya və İranın təsirini balanslaşdırmaq imkanları açar. Eyni zamanda, Ermənistana regional iqtisadi inteqrasiyada (nəqliyyat, ticarət, enerji) iştirak etmək şansı qazandırar. Və bütün bunlar həm də rəsmi İrəvanın Qərbə inteqrasiya kursuna davam etməsi üçün "geopolitik pəncərə" rolunu da oynaya bilər.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistana Azərbaycanla sülh prosesini inkişaf etdirmək imkanları aça biləcək faktorlardan biridir. Çünki Türkiyə Azərbaycanın hərbi-siyasi müttəfiqidir, Ermənistanın bu Türk İttifaqı ilə normal münasibətlər qurması həm də Cənubi Qafqazda regional sabitlik üçün yeni fürsətlər yarada bilər. Xüsusilə də bu proses Zəngəzur dəhlizinin açılmasında pozitiv inkişaf vəd edir.

photo_129143.jpg (21 KB)

Məsələ ondadır ki, Zəngəzur dəhlizinin regional ticarət və logistikaya təsiri yalnız iqtisadi deyil, həm də siyasi güc balansında yeni situasiya deməkdir. Çünki Ermənistanın Türkiyə və Qərbə doğru yönəlməsi həm Rusiya, həm də İran tərəfindən ciddi narahatlıqla qarşılanacaq məqamdır. Hər halda, Zəngəzur dəhlizi ilə bağlı mövzusunun pozitiv geopolitik məzmun alması bu iki region qonşunun Cənubi Qafqazdakı təsir dairəsi üçün strateji təhdid kimi qiymətləndirilir.

Təbii ki, bütün bunlar Paşinyan hakimiyyəti üçün kifayət qədər ciddi siyasi risklər də vəd edir. Çünki Ermənistanda bu kursa qarşı həm müxalifət, həm də radikal diaspor çevrələrindən təzyiqlər müşahidə olunur. Xüsusilə də, Türkiyə ilə yaxınlaşma mövzusu Rusiya kəşfiyyatının nəzarəti altında olan erməni kilsəsi və silahlı "Qarabağ klanı" tərəfindən açıq qıcıqla qarşılanmaqdadır. Və bu, Paşinyan hakimiyyəti qarşısında ən təhlükəli əngəl sayılır.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Türkiyəyə yaxınlaşma variantını sınaqdan çıxartmaqla, əslində, Ermənistana inkişaf perspektivləri qazandırmaq niyyəti güdür. Erməni baş nazir Ermənistan üçün yeni təhlükəsizlik sisteminə, regional iqtisadi-ticari proseslərə qatılmaq hüququna və ən əsası isə ölkənin  suverenliyini balanslaşdırmaq imkanlarına can atır. Və bütün bunlar ilk növbədə Ermənistanın mövcudluğunu qoruya bilməsi baxımından, böyük önəm daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR