İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana 9 may tələsi – Moskvaya getsə də başı ağrıyacaq, getməsə də...

Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya 9 May paradına gedib-getməyəcəyi hələ ki, dəqiq bəlli deyil. Bu məsələdə ən qəliz durumda olan ölkə rəhbərlərindən biri və bəlkə də birincisi elə Nikol Vovayeviçdir.

Günahın ən böyüyü də onun özündədir. Çünki Nikol və komandası uzun illər yürütdüyü “iki stul” siyasətinin yekunu kimi nə düz-əməlli Qərbin yanında, onun “çətiri” altında yer ala bilib, nə də Rusiyanın etibarını saxlayıb. Azərbaycan kimi balanslı xarici siyasət kursu da aparmağı bacarmır. Çünki revanşist planlardan əl çəkmədiyi üçün özünə yeni “ağa” axtarmaq zorundadır. Bu isə Rusiyadakı parada qatılıb-qatılmamaqdan daha betərdir. Ona görə ki, Ermənistana yeni və daha ağrılı “dəmir yumruq” vəd edir...

Moskva səfəri ilə bağlı dilemmaya gəlincə, Baş nazirin ofisi Paşinyanın paradda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verməkdən çəkinib. Dünən bu mövzuda danışan parlamentin spikeri Alen Simonyanm isə ehtimalın 50:50-yə olduğunu, Paşinyanın qəfil COVİD-ə “yoluxacağını” da istisna etməyib.

Mövzunu inkişaf etdirən “Hraparak” qəzeti yazır: “Bizə dedilər ki, gecikmə “Mülki Müqavilə” partiyası daxilindəki fikir ayrılıqları ilə bağlı deyil. Çünki sorosçular Moskvaya getməyin əleyhinədir. Bu, daha çox xarici tərəfdaşların təhdidləri ilə bağlıdır. Onlar paradda hər hansı liderin iştirakının nəticəsiz qalmayacağını söyləyirlər. Hindistan, Macarıstan və Slovakiyanın baş nazirlərinin Rusiya səfərindən imtinasından sonra Paşinyanın vəziyəti daha da qəlizləşib”.

Nəşrin iddiasına görə, bununla belə, Paşinyan fors-major hal yaranmazsa, Moskvaya səfər etməyə meyllidir. “Hakim partiyadan yalnız milliyyətcə rus olan Aleksey Sandikov onunla gedəcək. Çünki Rusiya “Mülki Müqavilə”nin bir çox üzvünü iqnor edir, bəzi sorosçular hətta persona non-qrata elan olunub və Moskvaya girişi qadağan edilib”, - nəşr vurğulayıb.

O da məlum olub ki, Moskva paradında Ermənistan hərbi birləşməsi iştirak etməyəcək (Azərbaycanın hərbi kontingenti artıq ordadır). Ancaq daha önəmlisi əlbəttə ki, Nikolun özünün 9 Mayda Rusiyada səfərdə olub-olmayacağıdır...

Ötən həftə yenə “Hraparak” yazmışdı ki, Qərb Nikol Paşinyana mayın 9-da Moskvaya səfərlə bağlı açıq şəkildə ultimatum verib. Sitat: “Ona çatdırılıb ki, Ermənistan-Rusiya münasibətlərinin istiləşməsi Qərb üçün məqbul deyil. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, eston Kaya Kallas bir neçə gün əvvəl açıq şəkildə bəyan etmişdi ki, Aİ-yə namizəd ölkələr Moskva hərbi paradında iştirak etməməlidir. Latviya xarici işlər naziri Bayba Braje isə eyni qadağanı pozanlara qarşı mümkün sanksiyalara eyham vurub”.

Beləcə, Ermənistan baş naziri faktiki “bataqlıq effekti” durumundadır. Tərpənsə də dərinə gedir, tərpənməsə də. Moskvaya getməsə, Putinlə onsuz da soyuq olan münasibətlər bir az da sərinləşəcək. Getsə, Qərbdən sərt təpki alacaq və istisna deyil ki, qarşıdakı dönəmdə bu, özünü İrəvana hərbi-siyasi və maliyyə dəstəyinin verilməsində göstərəcək...

Azərbaycanın və onun liderinin isə belə problemi yoxdur. Nədən ki, Ermənistandan fərqli olaraq, Azərbaycan kifayət qədər nüfuzlu, müstəqil siyasət yürüdən suveren bir dövlət. Regionun Rusiya daxil, hamının hörmət-ehtiramını qazana bilmiş açar məmləkəti.

Odur ki, Ermənistan rəhbərliyi zəhmət çəkib düşdüyü bataqlıqdan öncə özü çıxmağa çalışsın. Rusiyadan da, Qərbdən də total asılılığı azaltmağın bəsit yolu isə məlum: nəhayət, daşı ətəyindən töküb revanşizmdən imtina etmək, Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaq, əsas qonşularla barışıb düşmənçilik səhifəsini çevirmək...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR