Onlayn ictimai-siyasi qəzet
“Uzun zaman idi ki, Ermənistanda ABŞ-ın Cənubi Qafqaza biganəliyi tənqid olunurdu. Prezident Trampın inamla “məsələni həll etdik” yanaşması hələ o demək deyil ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma yolu açılıb”.
Bunu Musavat.com-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi, ABŞ-dən gələn reaksiyalarla bağlı danışarkən bildirib.
Ekspert deyib ki, bu işin başa çatması üçün əsas maneələr hələ aradan qaldırılmayıb:
“Mən də o fikirdəyəm ki, Ermənistanın çətinlik çəkəcəyi məsələ konstitusiya dəyişikliyidir və bu, referendumla olmalıdır.
Paşinyan bir müddət öncə demişdi ki, imzalanacaq sülh sazişi ratifikasiya üçün Konstitusiya Məhkəməsinə göndəriləcək, əgər bir uyğunsuzluk olarsa, o zaman ana sənədi dəyişdirmək olar. Buradan məlum olur ki, Paşinyan konstitusiya dəyişikliyinə getmədən məsələni həll etmək niyyətindədir”.
Qafar Çaxmaqlı bildirib ki, Azərbaycanın bu variantı qəbul edəcəyi mümkün görünmür:
“Həmin səbəbdən bu proses 2026-cı ilin yayına qədər uzana bilər. İkinci tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşmalar mövcuddur, bu prosesdən Rusiyanın kənarlaşdırılması elə də asan olmayacaq.
Paşinyanın üzərinə getdiyi və Rusiyanın dəstəklədiyi qüvvələri zərərsizləşdirmə tədbirləri cəmiyyətdə əks reaksiya doğura bilər. “Daşnaksütyun” partiyasının Ermənistanda qadağan olunması ehtimalları diaspor-Paşinyan qarşıdurmasını daha gərgin mərhələyə gətirib çıxara bilər.
Nikol Paşinyanın bu məsələdə müvəffəq olacağı da şübhə altındadır. Sülhə mane olacaq bütün radikalların, kilsə mənsublarının həbsi o demək deyil ki, erməni cəmiyyəti tabe olacaq”.
Politoloq Nikol Paşinyanın başının kəsilməsi ilə hədələnməsini gözlənilməz sayaraq bildirib ki, onu daha çətin və mürəkkəb aylar gözləyir:
“Hər şeydən əli üzülən anti-Paşinyan qüvvələr və onların patronları Ermənistanda xaos yaratmağa çalışacaqlar. Sui-qəsdlər də istisna olunmur. Cənubi Qafqaza qalıcı sülhün gəlməsi üçün tarixi fürsət yaranıb. Bu fürsətin dəyərləndirilməsi və nəticə əldə olunması Ermənistanın atacağı real addımlardan asılıdır”.
E.Paşasoy,
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ