İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın evlilikdən imtina etməsinin ŞOK səbəbi

Azər Hüseynov: “Kilsəyə qarşı simvolik üsyan – Paşinyanın nikah qərarının arxasında bir çox məqamlar dayanır”

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında gərginlik artıb.

Paşinyan hökumətin iclasında çıxışı zamanı Erməni Apostol Kilsəsini (EAK) tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib.

Nikol Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub. Bunun ardınca baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda ittiham edib.

Həmçinin Paşinyan paylaşımında hazırda rəsmi nikahda olmamasının bəzi şəxsləri narahat etdiyini vurğulayıb və bildirib:

“Bəziləri rəsmi nikahda olmadığımdan narahatdırlar. Din xadimlərimizin yarısı eyni vəziyyətdədir və bəziləri buna əhəmiyyət vermir”.

Yeri gəlmişkən, N.Paşinyan ötən ilin sonunda demişdi ki, Anna Akopyanla nə dini, nə də rəsmi nikahı var. Bu zaman baş nazir onların münasibətini övladlarının möhkəmləndirdiyini qeyd etmişdi. Cütlüyün 28 illik münasibətdən 4 övladı var.

Məlumat üçün bildirək ki, Ermənistanda rəsmi (vətəndaş) nikah hüquqi baxımdan yeganə tanınan nikah formasıdır. Yəni dövlət orqanlarında (əsasən Ədliyyə Nazirliyinin qeydiyyat idarəsində) bağlanan nikah hüquqi cəhətdən keçərlidir. Dini nikah isə hüquqi qüvvəyə malik deyil. Bu, sadəcə dini mərasim olaraq həyata keçirilir və dövlət tərəfindən tanınmır.

Vətəndaş nikahı (xalq arasında "faktiki birlikdə yaşamaq") isə dini nikah kimi tanınmır və EAK tərəfindən qəbul edilmir. Paşinyan uzun illərdir həyat yoldaşı Anna Akopyanla birgə yaşamasına baxmayaraq, bu münasibət yalnız vətəndaş nikahı kimi tanınır. Bu forma Ermənistanda geniş yayılıb, xüsusən də son illər gənclər arasında.

Qeyd edək ki, Paşinyan son illərdə özünü daha çox sekulyar (dünyəvi) və dövlətçi xəttin tərəfdarı kimi təqdim edir. Bu, onun kilsənin siyasi təsirinə qarşı çıxması, dini qurumların dövlət idarəçiliyində rolunu azaltmaq istəməsi kimi qiymətləndirilir.

Bəs Nikol Paşinyanın dini və rəsmi nikahdan imtina etməsinin əsl səbəbi nədir?

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Ermənistan baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında son dönəmlərdə yaranan gərginlik sadəcə şəxsi və ya inzibati narazılıqların nəticəsi deyil. Bu, əslində Ermənistan cəmiyyətində gedən dərin mədəni və ideoloji dəyişikliklərin təzahürüdür. Paşinyanın nə rəsmi, nə də dini nikahla evli olmaması və bu faktı açıq şəkildə ifadə etməsi bir çoxları üçün sadəcə fərdi seçim kimi görünə bilər. Lakin bu qərar ətrafında baş verənlər göstərir ki, məsələ daha dərindir və Ermənistanın ənənəvi dəyərlərlə modern dəyərlər arasında sıxışıb qaldığını göstərir.

Nikol Paşinyan öz həyat tərzində Qərb tipli bir yanaşmanı seçib. Onun üçün münasibətlər qarşılıqlı razılığa əsaslanan bir şəxsi ittifaqdır və bu, hüquqi və ya dini formada təsdiqlənməyə ehtiyac duymur. Belə bir mövqe, xüsusən də Qafqaz kimi ənənələrin güclü olduğu bir bölgədə, həm siyasi elitada, həm də kilsə rəhbərliyində ciddi suallar doğurur. Çünki Ermənistan cəmiyyəti uzun illərdir kilsə ətrafında formalaşan dini-milliyyətçi ideoloji baza üzərində qurulub. Kilsə yalnız dini funksiyanı yerinə yetirmir; milli kimliyin qoruyucusu, mədəni mirasın daşıyıcısı və hətta bəzən siyasi rəy formalaşdıran bir qurum kimi fəaliyyət göstərir.

Paşinyanın dini nikahı olmamasına yönəlik kilsənin dolayı tənqidləri və ictimai basqılar əslində onun modernləşmə xəttinə qarşı göstərilən müqavimətin bir hissəsidir. Kilsə illərlə millətçi və bəzən aqressiv dəyərlərin daşıyıcısı olub. Bu gün Ermənistan dövlət siyasətində daha rasional və regionla uzlaşan bir kurs götürülməsi bu aqressiv milliyyətçiliyin fonunu zəiflədir.

Paşinyan bu səbəbdən kilsənin həm siyasi, həm də ictimai təsir dairəsini azaltmağa çalışır. O anlayır ki, kilsənin nüfuzu zəiflədikcə, cəmiyyəti modern idarəetmə və sülh siyasəti ətrafında birləşdirmək daha asan olacaq”.

Analitik əlavə edib ki, bu kontekstdə Paşinyanın sosial şəbəkələrdə kilsəyə yönəlik ittihamları, onun rəsmi olaraq evli olmamasına dair açıqlamaları bir cavab reaksiyasıdır:

“O, dini liderləri eyni vəziyyətdə olmaqda – yəni rəsmi və dini nikahdan uzaq həyat sürməkdə – ittiham etməklə, ikili standartları ifşa etmək istəyir. Bu, yalnız şəxsi həyatına müdaxiləyə qarşı deyil, həm də cəmiyyətin köhnə nizamına qarşı yönəlmiş bir çağırışdır.

Paşinyanın evlilikdən yayınması yalnız şəxsi seçim deyil. Bu, onun öhdəliklərdən uzaq, daha fərdi və sərbəst bir yaşam tərzini seçməsinin göstəricisidir. Evlilik, xüsusilə də rəsmi və dini çərçivədə, qarşılıqlı öhdəliklər və ictimai normalarla bağlılığı ifadə edir. Paşinyan isə bu çərçivədən kənarda durmaqla həm öz fərdi azadlığını, həm də simvolik olaraq cəmiyyətin yeni dövrə keçməsinin mümkünlüyünü göstərmək istəyir.

Nəticə etibarilə, Nikol Paşinyanla kilsə arasında yaranan qarşıdurma təkcə şəxsi münasibətlər və ya kilsə tənqidindən ibarət deyil. Bu, Ermənistan cəmiyyətinin hansı istiqamətə yönələcəyinə dair gedən dərin və prinsipial mübarizənin bir hissəsidir: keçmişin kilsə mərkəzli, millətçi və qapalı modeli, yoxsa Qərb yönümlü, fərdiyyətçi və açıq bir cəmiyyət?”

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR