Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfərindən dərhal sonra təzədən məzuniyyət götürüb. Rəsmi məlumata görə, bu dəfə o, 28 iyuldan 15 avqustadək işə çıxmayacaq.
Baş nazir 18-23 iyul aralığında da məzuniyyətdə olub. Harda, necə dincəlib, müəmmadır. Zatən, bizim üçün maraqlı deyil. Erməni mənbələrinə görə, 5 gündə o, ölkədən çıxmayıb.
Maraqlısı Paşinyanın Altaydan gələn kimi ikinci dəfə və daha uzun müddətə istirahətə yollanmasıdır. Ona görə maraqlıdır ki, hazırda İrəvan-Moskva münasibətləri tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır. Hər halda kənardan belə təəssürat yaranır.
O zaman sual ortaya çıxır: olmaya Putin Mişustin vasitəsilə Nikolu arxayın edib? Yəni ona məzuniyyət “xeyir-duası” verib? Ki, “get, narahat olma”. Amma nəyin qarşılığında?..
Söz düşmüşkən, Ermənistan Rusiyanın yüz faizlik vassalı olan zamanlarda - Köçəryan-Sərkisyan xunta rejimi dövründə belə idi. Müstəqilliiyin simvolik əlamətlərini daşıyan Ermənistanın o vaxtkı rəhbərləri - Xocalı caniləri Robert Köçəryan və Serj Sərksiyan hətta məzuniyyətə də Kreml başçısının izni olmadan çıxa bilməzdilər. Obrazlı ifadə eləsək, onların məzuniyyət ərizələrinə mütləq Putin dərkənar qoymalı idi: “Разрешаю” (“İcazə verirəm”).
Amma və lakin Nikol Vovayeviç Qərbin adamı sayılır. Əlavə olaraq, Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Yerli media yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə enir. Üstəlik, bütün bunlar Ermənistanda hakimiyyət əleyhinə qüvvələrin xeyli fəallaşdığı dövrdə baş verir...
Sözsüz ki, Paşinyan hökumətinin razılığı olmadan, ölkəyə xaricdən hər hansı hərbi təyinatlı yükün daşınması qeyri- mümkündür. Yaxud daşımalar tərəflər arasında 2044-cü ilədək qüvvədə olacaq Strateji Tərəfdaşlıq Sazişi əsasında həyata keçirilir. Ancaq şəksizdir ki, Nikol ən azından, ABŞ kəşfiyyatı hesabına hərbi yüklərin xarakterindən məlumatlıdır.
Həddən ziyadə ehtiyatlı adam olan Paşinyan bu fonda 17 günlük məzuniyyət götürübsə, demək, “qurd ürəyi”-zad yeməyib, sadəcə, nəyə görəsə arxayındır. Nəyə? Bəlkə o, siyasi mühacirətə hazırlaşır?..
17 gün isə əlbəttə ki, xaricdə istirahət üçün də yetərlidir. Paşinyan Anna və uşaqları ilə birgə lap Antalyada da dincələ bilər. Yetər ki, Ermənistanda daxili durum sarıdan arxayın olsun. Durumu qarışdıran xarici faktorlardan biri və birincisi isə Rusiyadır. Onun kapitulyant ölkədəki “proksi qüvvələridir” – kilsədir, radikal-revanşistlərdir, separatçı ünsürlərdir, Kremlin “5-ci kolonu”dur.
Bütün hallarda Paşinyan “fors-major” vəziyyətlərlə bağlı Amerikadan müvafiq xəbərdarlıq və təlimat almış kimi görünür. Hansı şəkildə, yəqin ki, önümüzdəki iki həftədə biləcəyik...
Z. SƏFƏROĞLU
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ