Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə yayılan görüntülərdə marketlərin ət və ət məhsulları şöbəsində satışa qoyulan ətlərin pişiklər tərəfindən yeyilməsi hər dəfə müzakirələrə yol açır.
Musavat.com xəbər verir ki, yayılan kadrlarda pişiklərin soyuducuların içində sərbəst şəkildə ətlərin üzərinə çıxaraq ətlərdən yediyi aydın görünür. Bildirilir ki, bu hadisə bir dəfə yox, bir neçə dəfə təkrar edilib və müxtəlif marketlərdə müşahidə olunub.
Məsələ sosial mediada geniş rezonans doğurub. Bir çox istifadəçi bunu ciddi sanitariya və gigiyena qaydalarının pozulması kimi qiymətləndirib. Onlar bildirib ki, belə vəziyyət müştərilərin sağlamlığı üçün təhlükə yaradır, market rəhbərliyi buna qarşı tədbir görməlidir. Digər tərəfdən isə bəzi istifadəçilər məsələni yumşaq qarşılayıb. Onlar pişiklərin təmiz heyvan olduğunu, ciddi zərərinin olmadığını qeyd edərək market əməkdaşlarının onları qovmamasını təbii qarşıladıqlarını yazıblar.
Məsələ ilə bağlı Musavat.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb. Agentliyin cavabında bildirilib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 5-ci bəndində qida obyektlərində istifadə olunan məhsullara dair gigiyena tələbləri dəqiq şəkildə müəyyən olunub.
Agentliyin açıqlamasında qeyd olunur ki, həmin tələblərə əsasən, qida obyektlərində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmalı, qida məhsulları qida zəncirinin bütün mərhələlərində insan istehlakı üçün yararsız, sağlamlıq üçün zərərli və ya istehlakını qeyri-mümkün edəcək çirklənmədən qorunmalıdır. Bundan əlavə, ev heyvanlarının və zərərvericilərin qida məhsullarının hazırlandığı, istifadə olunduğu və ya saxlandığı yerlərə girişinin qarşısı alınmalıdır.
“Bu kimi halların baş verməsi qida məhsulları vasitəsilə insanlara zoonoz infeksiyaların keçməsi riskini artıra bilər”, – deyə Agentliyin cavabında vurğulanıb.
AQTA-dan həmçinin bildirilib ki, istehlakçılardan bu tip hallarla bağlı müraciət daxil olduqda və ya kütləvi informasiya vasitələrində məlumat yayımlandıqda dərhal qanunvericiliyə uyğun plandankənar (növbədənkənar) yoxlamalar həyata keçirilir. Aşkarlanan nöqsanlara görə müəssisə rəhbəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunur. Eyni zamanda müəssisə rəhbərliyinə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunması barədə icrası məcburi göstərişlər verilir və qanunvericiliyin tələbləri izah olunur.
Bu hallarla qarşılaşdıqda nə etməliyik?
Agentlik vətəndaşlara müraciət edərək xatırladıb ki, qida təhlükəsizliyi ilə bağlı pozuntuları AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə, Agentliyin elektron poçt ünvanına ([email protected]) və ya yazılı qaydada bildirə bilərlər.
Mənzər Novruzlu
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ